“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlər davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin Ekologiya mühəndisliyi ixtisasının III kurs və Geologiya mühəndisliyi ixtisasının I kurs tələbələri Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin mütəxəssisləri tərəfindən aparılan mühəndis-hidrogeoloji tədqiqat işlərində iştirak ediblər.
Naxçıvan şəhərində tikinti işi aparılacaq ərazidə müəyyən edilən dərinlikdə süxurların müşahidə edilməsi və laborator tədqiqi məqsədilə 15 metr dərinlikdə tədqiqat quyuları qazılıb. Həmin dərinlikdə süxurlardan götürülən nümunələrin fiziki-mexaniki xüsusiyyətləri öyrənilərək coğrafi ərazi haqqında ekoloji rəy hazırlanacaq. Tələbələr aparılan işlərlə praktik tanış olub və nəzəri məlumat alıblar. Onlarla startapla bağlı maarifləndirici dialoq da aparılıb.
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti