Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “Sosial Könüllülük Akademiyası”nın təqdimatı və “İdeyadan başlanğıca” layihəsi çərçivəsində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrin maarifləndirilməsi məqsədilə tədbir keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Dövlət Universitetinin Fəlsəfə və sosial iş ixtisası kafedrasının müdiri Abbas Əhmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, layihənin həyata keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənclərin qoşulmasının təmin edilməsi, sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunmasından ibarətdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamında və aprelin 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı işinə nəzarətin artırılması, sosial layihələrin həyata keçirilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib. Bununla əlaqədar “İdeyadan başlanğıca” layihəsi çərçivəsində Sosial iş ixtisası üzrə təhsil alan tələbələrə layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim edilməsi sahəsində istiqamətlərin verilməsi diqqət mərkəzində saxlanılır.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib və mərkəzdə əlilliyi olan şəxslərin, ahılların rəsm və əl işlərindən ibarət sərgiyə baxış olub.
Sonra “İdeyadan başlanğıca” layihəsi çərçivəsində təlimlərə start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri və nazirlik üzrə ekspert qrupunun rəhbəri Əziz Hümbətov çıxış edərək hamiliklə bağlı görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, verilmiş tapşırıqların icrası yeni ideya mübadiləsinə və innovasiyaların yaranmasına gətirib çıxaracaq. Bu da “Startap Naxçıvan” hərəkatına öz töhfəsini verəcəkdir. Muxtar respublikada investisiya mühiti yaxşılaşacaq, yaradıcı düşüncəyə və inkişafa xidmət edən layihələr aşkar ediləcək, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək göstəriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti