Ölkəmizdə əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə Dövlət Sosial Müdafiə Fondu hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın Dövlət Sosial Müdafiə Fondunda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd – sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.
Dövlət sosial sığorta sistemində fərdi uçotun daha da inkişafı “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda qarşıya qoyulan mühüm vəzifələrdən biridir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən cari ilin ilk 6 ayı ərzində 4134 nəfərə sosial sığorta şəhadətnaməsi verilmişdir ki, bu da 2013-cü ilin yanvar ayının 1-nə olan eyniadlı göstərici ilə müqayisədə 2,7 faiz çoxdur. Hazırda muxtar respublikada fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 155 min 189 nəfərə çatmışdır.
Xəbərlər şöbəsi