22 Dekabr 2024, Bazar

Dünən “Naxçıvan” Universitetində sığorta fəaliyyəti və onun əhəmiyyəti barədə tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev ictimai həyatın əksər sahələrində, o cümlədən iqtisadiyyatın inkişafında sığortanın rolundan, bu sahədə həyata keçirilən maarifləndirmənin əhəmiyyətindən danışıb.
Sığorta münasibətlərinin tarixi təkamülü və sığorta işinin nəzəri-iqtisadi əsasları haqqında çıxış edən universitetin İqtisadiyyat kafedrasının dosenti Əli Cabbarov cəmiyyət həyatının müxtəlif sahələrində insanlara rast gəlinən riskli halların yaratdığı maddi zərərlərin əvəzinin ödənilməsində sığortanın əhəmiyyətini qeyd edib. Tətbiq olunan sığorta növlərinin insanların sosial müdafiəsindəki rolunu vurğulayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov sığortanı cəmiyyətin ümumi inkişafının nəticəsi kimi dəyərləndirib. O, muxtar respublikamızda sığorta işinin daha da inkişaf etdirilərək onun kütləviliyinin təmin olunmasında aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, bu vacib sahənin inkişafı, vətəndaşların sığortaya olan marağının artırılması istiqamətində həyata keçirilən dövlət qayğısı öz bəhrəsini verib. Artıq Naxçıvan Muxtar Respublikasında 25-dən artıq sığorta növü üzrə vətəndaşlara xidmətlər göstərilir.

Bu gün muxtar respublikada həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının mühüm bir tərkib hissəsi qəfil riskli hadisələr zamanı insanlara dəymiş zərərlərin əvəzinin ödənilməsinə yönəlmiş etibarlı sığorta sisteminin yaradılmasıdır. Sığorta insanların əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə əsaslanan mühüm münasibətlər sistemi kimi daim inkişaf etdirilib təkmilləşdirilir.
Vurğulanıb ki, muxtar respublikada daşınmaz əmlakın, avtomobil nəqliyyatı sahiblərinin mülki məsuliyyətinin, habelə istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta genişləndikcə bu, əhali arasında sığorta ənənələrinin də dərinləşməsinə səbəb olur. Bundan başqa, muxtar respublikamızda əhalinin könüllü sığortanın müxtəlif növləri – fərdi qəza, əmlakın yanğın və digər risklərdən sığortalanması, avtonəqliyyat vasitələrinin tam sığortası və digər mühüm könüllü sığorta növlərinin əhali arasında geniş təbliğ olunması da öz bəhrəsini verməkdədir.
Qeyd olunub ki, gənclər və tələbələr də bu vacib sahənin əhəmiyyətini daha dərindən dərk edərək gələcək həyat və fəaliyyətlərində sığortaolunmaya ciddi yanaşmalı, bu sahədə fəal təbliğatçı olmalıdırlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR