22 Dekabr 2024, Bazar

Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasətin bu gün ölkəmizdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, son illər muxtar respublikada da yaşıllıqların həcmi dəfələrlə artıb, qədim diyarımız yaşıllıqlar məskəninə çevrilib. Ötən dövr ərzində diyarımızda ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində də mühüm tədbirlər həyata keçirilib, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılıb, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilib.
Cari ildə də bu tədbirlər davam etdirilməkdədir.

Aprelin 13-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkili ilə diqqət çəkirdi. Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstəriblər. Onlar Çalxanqala kənd yolunun kənarlarındakı 2 hektarlıq ərazidə 200 meyvə, 1 hektarlıq ərazidə 17 min üzüm tingi, Dövlət Yol Polisi İdarəsinin yaxınlığında, magistral yolun sağ hissəsindəki 3 hektarlıq ərazidə bərpa məqsədilə 540 meyvə ağacı əkiblər.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri də əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirib. “Gənclər bağı”nda bərpa məqsədilə 60 meyvə ağacı əkilib, həmin ərazidə, həmçinin Püsyan kəndindəki 7 hektarlıq badam bağında ağaclara aqrotexniki qulluq göstərilib, ağartma və suvarma işləri görülüb.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilib. Bölgə sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışıb, Hacı­var-Qahab kəndləri arasındakı yolkənarı yaşıllıq ərazilərində və Şıxmahmud kəndindəki iməcilik keçirilən sahələrdə ağaclara aqrotexniki qulluq göstərilib, ağartma və suvarma işləri həyata keçirilib.
Bağlar diyarı Ordubadda da iməciliklərdə mütəşəkkillik müşahidə edilib. Naxçıvan-Ordubad magistral yolunun kənarlarında bərpa məqsədilə 3140 meyvə ağacı, Əylis düzündəki 10 hektarlıq qızılgül bağında 7400 gül kolu əkilib.
Culfa rayonunun sakinləri hərbi hissənin yaxınlığındakı 0,5 hektarlıq ərazidə bərpa məqsədilə 40 meyvə, Dizə kəndindəki yaşıllıq ərazisində bərpa məqsədilə 80 meşə ağacı, Milax kəndindəki 0,4 hektarlıq ərazidə 200 meşə ağacı əkiblər.
Kəngərli rayonunun Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı yaşıllıq ərazilərində və həmin magistral yolun Xok kəndi hissəsindəki 7 hektarlıq badam bağında ağaclara aqrotexniki qulluq ­göstərilib.
Şahbuzlular Daylaqlı kəndindəki 1 hektarlıq ərazidə 1000 meyvə, Naxçıvan-Şahbuz-Batabat magistral yolunun kənarlarında 225 meşə və 200 həmişəyaşıl ağac, Şahbuzkənd yolunun kənarlarında bərpa məqsədilə 300 meyvə, Ayrınc kəndindəki 0,6 hektarlıq ərazidə 820 üzüm tingi və 0,4 hektarlıq ərazidə 210 meyvə ağacı əkiblər.
Sədərəklilər Naxçıvan-Sədərək magistral yolunun kənarlarında 1500 meşə ağacı və 200 həmişəyaşıl ağac, Heydər­abad qəsəbəsindəki park və xiyabanlarda 500 gül kolu əkiblər.
İməciliklərdə 22 min 334 nəfər iştirak edib. Ümumilikdə, 35 min 415 olmaqla, 505 meşə, 8790 meyvə, 400 həmişəyaşıl ağac, 7900 gül və bəzək kolu, 17 min 820 üzüm kolu əkilib.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılıb.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR