22 Dekabr 2024, Bazar

Gündən-günə gözəlləşən muxtar respublikamızda yeni salınmış meşə zolaqları öz rəngarəngliyi ilə göz oxşayır. Məhz təbiətə xüsusi gözəllik bəxş edən bu meşələri hamılıqla qoruyub saxlamalı və hər bir əkilən ağaca qayğı göstərməliyik.
İsti yay günlərində ehtimalı daha çox olan xoşagəlməz hadisələrdən biri də yanğınlardır. Belə hadisələrin qarşısının alınmasında aidiyyəti dövlət orqanları ilə yanaşı, vətəndaşların da üzərinə çox mühüm vəzifələr düşür. Məhz buna görə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi isti yay günlərində vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
Meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, o cümlədən meşə-mühafizə mühəndisləri meşələrin yanğın təhlükəsizliyi qaydalarını bilməklə meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etməli və ona ciddi riayət olunmasını daim nəzarətdə saxlamalıdırlar. Meşə təsərrüfatının rəhbər işçiləri yanğınsöndürmə texnikaları və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daim yoxlamalı, mütəmadi olaraq işçilərlə yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqlarından düzgün istifadə edilməsi ilə əlaqədar məşqlər keçirməlidirlər. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmçinin yanğınsöndürmə vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsinin təşkil edilməsi də zəruridir.

Meşə təsərrüfatında yanğın təhlükəsizliyinə məsul olan şəxslər yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirməli, yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görməli, yanğının söndürülməsi üçün mövcud vasitələri təşkil etməlidirlər.
Meşə sahələrində baş verən 10 yanğın hadisəsindən 9-u odla ehtiyatsız davranış və ya meşədə iş və istirahət zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, meşədə və ya meşəətrafı sahələrdə yandırılmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması kütləvi meşə yanğınlarına səbəb olur. Meşələrə sürtgü yağı, benzin, ağ neft, dizel yanacağı və sair yanar mayelərə bulaşmış hər hansı bir əşya atmaq olmaz. Meşədə torf və bitki köklərinin yandırılması yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Şüşə qabların, şüşə qırıntılarının meşəyə atılması qadağandır. Əks halda Günəş şüasından təsirlənən şüşə qablar və qırıntıları yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxiliyanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaretin çəkilməsi, tonqal yandırılması yanğın təhlükəli olduğundan yolverilməzdir. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalıdır. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmiryollarının hər iki tərəfi 10 metr məsafədə yanar materiallardan təmizlənməli və yanğına qarşı minerallaşdırılmış zolaqlarla əhatələnməlidir. Belə yollara söndürülməmiş hər hansı bir əşyanın atılması meşə yanğınlarına səbəb ola bilər.
Yanğın və ya alışma hadisəsi baş verən zaman mövcud əlaltı odsöndürücü vasitələrdən istifadə edilməlidir. Hər bir vətəndaş bilməlidir ki, meşələrdə yanğın təhlükəsizliyi qaydalarına riayət etməklə o, ölkəmizin iqtisadiyyatının inkişafına və vətəndaşlarımızın sağlamlığına xidmət etmiş olar.
Yanğın hadisəsi zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin şəhər və ya rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” nömrəli xidməti telefonlarına zəng etməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR