22 Dekabr 2024, Bazar

Sığorta deyəndə mövcud ictimai-iqtisadi münasibətlərin ən yetkin formalarından biri başa düşülür. Cəmiyyətdə inkişaf prosesləri dərinləşdikcə sığorta sistemində də həyata keçirilən tədbirlər insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu baxımdan müxtəlif bədbəxt hadisələr zamanı vətəndaşlara dəymiş zərərlərin sığorta ödənişləri vasitəsilə aradan qaldırılması qanunla təsbit olunmuş qaydada tənzimlənərək diqqət mərkəzində saxlanılır.

“Sığorta ödənişi nədir?” – deyə soruşulduqda, hər şeydən əvvəl, tərəflər arasında bağlanmış sığorta müqaviləsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda sığorta hadisəsi baş verdiyi təqdirdə faydalanan şəxsə dəymiş zərərin aradan qaldırılması məqsədilə sığortaçı tərəfindən verilən məbləğ başa düşülür. Göründüyü kimi, sığorta ödənişləri sığorta müqaviləsinin əsas məqsədidir. Bəzi hallarda sığorta ödənişləri, onların verilmə qaydaları ətrafında tərəfləri maraqlandıran müəyyən suallar yarandığından bu məsələlər barədə maarifləndirməyə də ehtiyac yaranır. Bu baxımdan istər icbari, istərsə də könüllü sığortalar zamanı sığorta ödənişlərinin verilməsinin qanunla təsbit edilmiş və yaxud müqavilədə nəzərdə tutulmuş sığorta hadisələrinə görə təmin olunduğunu bilmək lazımdır.

Şübhəsiz, hər bir şəxs üçün həyatda ən qiymətli sərvət onun cansağlığıdır. İnsanların cansağlığının qorunması kimi mühüm məsələ həmişə dövlətin ali məqsədləri sırasındadır. Həyat sığortası baş verə biləcək qəza, bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı bağlamış sığortalının ölümü, iş qabiliyyətinin tamamilə və ya qismən itirilməsi halları zamanı faydalanan şəxsə verilən sığorta ödənişləri onun özünə və himayəsindəki ailə üzvlərinə təminat verir.
Mövcud qanunlara görə, həyat sığortası həm icbari, həm də könüllü qaydada aparılır. İcbari qaydada aparılan həyat sığortası “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehsalatda baş vermiş hadisələr üçün sığorta təminatı verir. Könüllü sığortalar zamanı isə işləyib-işləməməsindən asılı olmayaraq, vətəndaşlar baş vermiş riskli hadisələr üçün sığorta təminatı alırlar. İcbari həyat sığortası zamanı maksimum sığorta məbləği, habelə sığorta tarifi, sığorta haqqı, sığortalı, faydalanan şəxslər qanunla müəyyən olunur. Könüllü sığorta zamanı isə sığorta məbləği, sığorta tarifi, sığorta haqqı sığortaçı tərəfindən müəyyənləşdirilərək tərəflər arasında razılaşdırılmaqla müqavilə bağlanılır. Beləliklə, bağlanmış sığorta müqaviləsinə əsasən, sığorta hadisəsi baş verdikdə sığorta agent­liyi tərəfindən sığortalıya ödəniləcək sığorta ödənişi məbləği təmin olunur.
Ölkəmizdə vətəndaşlara məxsus daşınmaz əmlak – yaşayış evləri, binalar, mənzillər və digər tikililər qanuna əsasən, icbari qaydada sığorta olunur. Məqsəd həmin əmlakın sığorta hadisələri zamanı məhv olması və yaxud hər hansı formada itkisi ilə əlaqədar vətəndaşlara dəymiş zərərin əvəzinin ödənilməsidir. Qanuna əsasən, daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi üçün sığorta ödənişi verilir: yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, yerüstü nəqliyyat vasitələrinin qəzası, təbii fəlakətlər, zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkəti sığorta hadisələri hesab olunur. Bu sığorta növündə də vətəndaşların sosial müdafiəsini düzgün təşkil etmək üçün sığorta hadisəsi hesab olunmayan digər hallar da qanunda öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak, tikintisi başa çatmayan, yəni yarımçıq tikililər, qəzalı vəziyyətdə olan daşınmaz əmlak, tikinti məqsədi üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi və özbaşına tikilmiş digər tikililər icbari sığortaya cəlb olunmur. Bundan başqa, sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər, sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsalat alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə belə, əmlaka zərərin dəyməsi, hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması, qrunt sularının səviyyəsinin dəyişməsi, su borularının və ya rezervuarların təmiri, suyun köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması halları da sığorta hadisəsi hesab edilmir. Bunlardan başqa, mövcud qanunda göstərilən və sığorta hadisəsi hesab olunan hallar zamanı vətəndaşlar onlara dəymiş zərərin əvəzini almaq hüququna malikdirlər.
Gözlənilməz hadisələr zamanı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası gündəlik həyatımızın vacib tələblərindən biridir. Belə ki, bizim istəyimizdən asılı olmayaraq, təhlükəli hadisələr hər an və hər yerdə baş verə bilər. Buna xüsusən müasir dövrdə geniş vüsət almış istehsal sahələrində, təmir, tikinti və yenidənqurma işlərində, insanlara müxtəlif sosial-mədəni və ticarət xidmətlərinin göstərilməsində daha çox rast gəlinir. Daşınmaz əmlakın istismarı ilə bağlı təsadüfi hadisələr – yanğın, qaz partlayışı, qısaqapanma, su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində yaranan subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi kimi hadisələr baş verdikdə daşınmaz əmlak sahibkarı burada olan insanların həyatına, onların sağlamlığına və əmlakına mülki məsuliyyət daşıyır. Ona görə də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortası aparılır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Mövcud qanunda bu sığorta növü zamanı faydalanan şəxs və ödənilən sığorta ödənişlərinin həcmi də dəqiq əks olunmuşdur. Belə ki, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə üçüncü şəxslər dedikdə müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığortaolunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərərçəkən şəxslər, həmçinin inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparıldığı əraziyə giriş müvafiq qaydada qadağan olunmadığı halda həmin əraziyə daxil olan belə şəxslər, habelə onların ailə üzvləri başa düşülür.
Müxtəlif sığorta növləri üzrə sığorta hadisələri baş verdikdə ödənilən məbləğlərin insanlara dəymiş maddi zərərlərin əvəzinin ödənilməsində mühüm əhəmiyyəti vardır. Ona görə də vətəndaşların riskli hallardan vaxtında sığortalanması onların baş verə biləcək riskli hadisələrin nəticələri qarşısında çarəsiz qalmaması deməkdir.

Hafiz HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş mütəxəssisi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR