22 Dekabr 2024, Bazar

Martın 15-18-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Bakı şəhərindən olan məktəblilər Naxçıvan Muxtar Respublikasının tarixi abidələri, mədəniyyət, təhsil və səhiyyə müəssisələri ilə tanış olublar.
Martın 18-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində bakılı məktəblilərlə görüş keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev tur-aksiya iştirakçılarına Gənclər Mərkəzinin fəaliyyəti, burada təşkil olunan tədbirlər barədə ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığını bildirib, muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan bəhs edib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyaları böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.
Çıxış edənlər tur-aksiya iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

 

* * *

Həmin gün “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar. Onlar səfər təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
Yasamal rayonundakı Akademik Zərifə Əliyeva adına Liseyin 10-cu sinif şagirdi Leyla Hüseynova: – “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvana gələcəyimi eşidəndə çox sevindim. Çünki bu qədim diyara səyahət etmək çoxdankı arzum idi. Bu istəyimin reallaşması məni ürəkdən şad etdi.
Mətbuatdan öyrənmişdim ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümüdür. Belə əlamətdar bir ildə muxtar respublika ilə tanış olmaq mənə ikiqat sevinc bəxş etdi.
Buradakı tarixi və mədəni abidələri ziyarət etdik və Naxçıvanın qədim tarixə malik bir diyar olduğunu əyani şəkildə gördük. Naxçıvan şəhərindəki, Ordubad və Culfa rayonları ərazilərindəki tarixi abidələrlə tanışlıq zamanı xalqımızın qədim keçmişi barədə ətraflı məlumat əldə etdik, indiyədək bilmədiyimiz çox şeyi öyrəndik. Bütün şagirdlər adından tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Səbail rayonundakı Həbib bəy Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseyin 9-cu sinif şagirdi Humay Ağayeva: – Tur-aksiya iştirakçısı kimi ümummilli liderimiz Heydər Əliyevin doğulub boya-başa çatdığı qədim Naxçıvan diyarında olmaq məni çox sevindirdi. Tur-aksiya çərçivəsində Naxçıvandakı muzeylər, tarixi abidələr və təhsil ocaqları ilə tanışlıq məndə və məktəbli yoldaşlarımda xoş təəssüratlar oyatdı, ekskursiyalar zamanı çox dəyərli məlumatlara sahib olduq.
Naxçıvanın gözəlliyini, buradakı səliqə-sahmanı və insanların qonaqpərvərliyini gördükdən sonra məndə bu gözəl diyar barədə böyük təəssürat yarandı. Gələcəkdə də bu diyara tez-tez gəlməyi düşünürəm. Burada bizi qarşılayan, qayğımıza qalan insanlar mehriban, qonaqpərvər və səmimidirlər. Bu, məni və yoldaşlarımı çox sevindirdi. Məktəblilərə bu imkanı yaratdığı üçün təşkilatçılara minnətdarlığımı bildirirəm.
Qaradağ rayon 294 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Xəyyam Rəcəbli: – Ölkəmizin qədim diyarı, dahilər yurdu Naxçıvanda olduğum qısa müddət ərzində buranın zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumatlar əldə etdim. Tarixi abidələr, təhsil və mədəniyyət müəssisələri, Naxçıvanın füsunkar təbiəti, şəhər və kəndlərin gözəlliyi digər şagird yoldaşlarım kimi məndə də xoş hisslər yaratdı.
Möhtəşəm tikililər, xalqımızın şücaət və qəhrəmanlıq rəmzi sayılan Əlincəqala və Qarabağlar türbəsi isə bizi hədsiz dərəcədə heyrətləndirdi. Öyrəndim ki, çoxəsrlik tariximizi özündə yaşadan bu abidələr bərpa olunaraq xalqımıza qaytarılıb. Düşünürəm ki, həmin abidələrin bərpası tarixi keçmi­şimizə verilən diqqətin ifadəsidir. Bu cür tur-aksiyaların təşkil edilməsi isə biz gənclərin tariximizlə, mədəniyyətimizlə daha yaxından tanış olması üçün böyük fürsətdir. Tədbirlərdə əməyi keçənlərə minnətdarlığımı bildirirəm.

 Nail ƏSGƏROV
Tural AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR