Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən, respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Naxçıvandan olan iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüb.
Naxçıvan şəhərində keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Bakı şəhərində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi ilə yanaşı, əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqlar.
Bakı şəhərinə yola düşən tur-aksiya iştirakçısı, Naxçıvan şəhərindəki 5 saylı tam otra məktəbin 10-cu sinif şagirdi Nihad Axundov ilə söhbətimizdə bildirdi ki, bu cür tur-aksiyaların keçirilməsi şagirdlərin ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənməsinə geniş şərait yaradır. Bakı şəhəri ilə tanışlıq zamanı paytaxtımızdakı tarixi və mədəni abidələrlə yaxından tanış olacağının bildirən Nihad Axundov deyib: “Prezidentimizin tövsiyəsi ilə reallaşan bu layihə sayəsində biz şagirdlər ölkəmizi daha yaxından tanıyacayıq. Yaradılan bu şəraitə görə ölkə başçısına minnətdarlığımı bildirirəm”.
Naxçıvan şəhərindəki 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Şəbnəm Cavadlı deyib: “Ölkəmizi tanıyaq” tur-aksiyası məktəblilərin dünyagörüşünün artırılmasına böyük təsir göstərəcək. Tur-aksiya ərzində bu günədək görmədiyimiz tarixi yerlərlə tanış olmaq imkanı qazanacaq, paytaxtımız Bakı şəhərini yaxından tanıyacaq, yeni məlumatlar əldə edəcəyik”.
X X X
Martın 23-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Sabunçu, Suraxanı, Pirallahı, Xəzər, Nizami və Nərimanov rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
Tural Ağayev