“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları martın 26-da Kəngərli rayonunun Qarabağlar kəndindəki Qarabağlar Türbə Kompleksində olublar.
Burada şagirdlərə komplek haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kompleks qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiqləyir. Kompleksin xanəgah hissəsində eksponatlar nümayiş olunur. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında" 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib.
Şagirdlər Naxçıvan şəhərində yerləşən tarixi və mədəniyyət abidələri ilə də yaxından tanış olublar.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn tur-aksiya iştirakçılarına muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlar sırasındadır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti şagirdlərdə böyük maraq doğurub.
Tur-aksiya iştirakçıları kompleksdə təşkil olunan konsert proqramını maraqla izləyib, milli musiqi sədaları altında rəqs ediblər. Sonra məktəblilər Nuh peyğəmbərin türbəsini ziyarət edib, bu abidə haqqında ətraflı məlumat alıblar.
Naxçıvan Biznes Mərkəzinə gələn məktəblilərə muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, Bu gün 372 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Hazırda muxtar respublikada avtomobil və tikinti materiallarından tutmuş, ərzaq və məişət əşyaları istehsalına qədər çoxsaylı sahibkarlıq müəssisələri fəaliyyət göstərir.
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində muxtar respublikada səfərdə olan bakılı məktəblilərlə görüş keçirilib.
Görüşdən əvvəl şagirdlər Gənclər Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəz 2014-cü ildə muxtar respublika gənclərinin istifadəsinə verilib. Dördmərtəbəli binada elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe var. Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilib, 104 kompüter dəsti quraşdırılıb, mərkəzi server sistemi və daxili şəbəkə yaradılıb, kompüterlərin hər birinin internetə çıxışı təmin edilib. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri biliklərə, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnirlər.
Gənclər Mərkəzində keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov və təhsil naziri Rəhman Məmmədov çıxış ediblər.
Novruz bayramı münasibətilə tur-aksiya iştirakçılarını təbrik edən natiqlər ekskursiyanın önəmindən danışaraq bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.
Vurğulanıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Yeni məktəb binaları inşa edilir və ya əsaslı şəkildə yenidən qurulur, idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığı bildirilib.
Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də məktəblilərdə dərin təəssürat yaradıb. Diqqətə çatdırılıb ki, ekspozisiyalar, əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. On şöbədən ibarət olan muzeydə müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir.
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qəbri üzərində ucaldılmış Hüseyn Cavid məqbərəsinə gələn şagirdlərə məlumat verilib ki, bu möhtəşəm memarlıq-xatirə kompleksi ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilib. Əcəmi Naxçıvani memarlıq üslubunun təsiri aydın hiss edilən məqbərə üst və aşağı-sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrulun qəbirləri və qızı Turan xanımın qəbri sərdabədədir. Burada Hüseyn Cavidin büstü qoyulub. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar Memarı Rasim Əliyev, heykəltəraşı Xalq Rəssamı Ömər Eldarovdur. Məqbərə Türkiyə Respublikasının “Star” inşaat şirkəti tərəfindən tikilib. Abidənin açılışı Hüseyn Cavidin 114 illiyi münasibətilə 1996-cı il oktyabrın 29-da olub.
Naxçıvan şəhərinin ən hündür məkanında qərar tutan Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlıq da bakılı məktəblilərdə böyük marağa səbəb olub. Qeyd edilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncama əsasən yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 57 metr, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin pyedestalının altında Bayraq Muzeyi yerləşir. Səkkizguşəli ulduz formasında olan muzey binası eyni quruluşa malik sütunlarla əhatələnib.
Bayraq Muzeyi dövlət atributlarımızın tarixi və onların gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir. Muzeydə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunan “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər nümayiş etdirilir. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa edilmiş bayraqları, gerblər və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında sərgilənir.
Martın 26-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınıblar.
Həmin gün tur-aksiya çərçivəsində Bakı şəhərində olan Naxçıvanlı məktəblilər muxtar respublikaya qayıdıblar.
Tural Ağayev