Muxtar Respublikada ekoloji tarazlığın qorunması və əlverişli ekoloji mühitin yaradılması sahəsində görülən işlərin əhatə dairəsi genişlənir. Bu sahədə görülən işlər fevral ayında da davam etdirilmiş, 12 yoxlama-reyd aparılmışdır. Culfa, Babək və Ordubad rayonları ərazisində ekoloji – hüquqimaarifləndirici tədbirlər keçirilmişdir. Həmçinin ötən dövrdə su mühiti, məişət, tibbi və bərk tullantıların idarə olunması kimi fəaliyyət sahələrində qiymətləndirmə işləri görülmüşdür.
Ötən ay heyvanat aləminin qış fəslində qidaya olan tələbatının yaxşılaşdırılması məqsədilə akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında, Ordubad Dövlət Təbiət Yasaqlığının və “Arpaçay” Dövlət Təbiət Yasaqlığının ərazilərində biotexniki tədbirlər həyata keçirilmiş, 1300 kiloqram daş duz, 350 kiloqramdan çox buğda, arpa, meyvə - tərəvəz məhsulları ərazilərə paylanmışdır. Bundan başqa meşə istehsalı müəssisələri tərəfindən yabanı ağac və kol bitkilərinin toxumlarının yığılması və tədarükü davam etdirilmiş, 850 kiloqramdan çox həmərsin, yemişan, badamça, palıd toxumları tədarük edilmişdir. İqlim şəraitinin mülayım olduğu ərazilərdə toxumla bərpa işləri davam etdirilmiş, qələm-çilik kökləndirmə işlərinə başlanılmışdır.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin mətbuat xidməti