Şərur Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə ictimaiyyət nümayəndələrinin, polis veteranlarının və ictimai şura üzvlərinin iştirak etdikləri növbəti tədbir Oğlanqala kəndində keçirilib.
Tədbiri giriş sözü ilə Oğlanqala inzibati ərazi dairəsi üzrə nümayəndə Arzuman Mehdiyev açıb.
Şərur Rayon Polis Şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov çıxış edərək bildirib ki, bölgədə əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Dövlətin hərtərəfli qayğısı sayəsində məhsul istehsalı ilbəil artır, bu da əhalinin güzəranının gündən-günə yaxşılaşmasına səbəb olur.
Nəriman İbrahimov qeyd edib ki, əkinçiliklə məşğul olanlara göstərilən dövlət dəstəyi bu sahəyə marağı daha da artırıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində böyük biznesə aparan kiçik sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının genişlənməsi aqrar sahədə əldə olunan uğurların ildən-ilə artmasına stimul yaradır.
Bildirilib ki, hazırda Şərur rayonunda 84 ailə təsərrüfatı subyekti fəaliyyət göstərir. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması da bu sahənin inkişafına göstərilən diqqət və qayğının bariz ifadəsidir.
Vurğulanıb ki, göstərilən diqqət və qayğının müqabilində əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması, yaşıllıqların artırılması məqsədilə ictimaiyyət nümayəndələri, xüsusilə veteranlar, ictimai şura üzvləri yerlərdə mütəmadi söhbətlər aparmalıdırlar.
Polis Şöbəsinin əməkdaşı Vüsal Quliyev çıxış edərək bildirib ki, Azərbaycan polisi bu gün öz sıralarını təhsilli, savadlı və təcrübəli kadrlar hesabına gündən-günə təkmilləşdirir. Kadrların hazırlanmasında Naxçıvan Orta İxtisas Polis Məktəbinin və Azərbaycan Respublikası Xüsusi Təyinatlı Polis Akademiyasının rolu böyükdür. Vüsal Quliyev tədbir iştirakçılarına adıçəkilən məktəblərə qəbul qaydaları və tədrisin təşkili barədə ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Elman MƏMMƏDOV