Bu gün muxtar respublikada sığorta işinin təşkili yüksək səviyyədə təmin edilib. Qeyd edək ki, sığortanın icbari və könüllü növləri vardır. Daha çox yayılmış olan könüllü sığortalar tərəflərin qarşılıqlı razılaşma yolu ilə qaydalar əsasında aparılır və baş vermiş gözlənilməz bədbəxt hadisələrin insanların cansağlığına və əmlakına vurduğu maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Belə ki, ən geniş yayılmış olan fərdi qəza sığortası zamanı günün 24 saatı ərzində Azərbaycan Respublikası ərazisində istənilən gözlənilməz hadisə nəticəsində sığortaolunanın həyatına və sağlamlığına hər hansı zərərin dəyməsi, vətəndaşın ümumi əmək qabiliyyətinin müvəqqəti və yaxud daimi itirilməsi, ölüm hadisələrinə sığorta təminatı verilir. Bu zaman bir il müddətinə bağlanılmış müqaviləyə əsasən zərərçəkmiş şəxs, yaxud onun varisi dəymiş zərər müqabilində maddi yardım alır.
Digər bir könüllü sığorta olan avtonəqliyyat vasitələrinin tam sığortası, yaxud kasko sığorta Azərbaycan Respublikasının vətəndaşları, respublikada daimi yaşayan xarici ölkələrin vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, habelə hüquqi şəxslərlə bağlanır. Bu sığorta növü sığorta hadisələri nəticəsində nəqliyyat vasitələrinin zədələnməsi, məhv olması, yaxud itirilməsi hallarında aparılır. Burada sığorta hadisələri nəqliyyat vasitəsinin hansı bir hadisə, təbii fəlakətlər, yanğın, partlayış, yol-nəqliyyat hadisələri nəticəsində onların zədələnməsi, yaxud məhv olması hesab edilir.
Səyahət sığortası da digər bir könüllü növ kimi diqqəti cəlb edir. Belə ki, bu zaman sığortaolunanların sığorta müddəti ərzində Azərbaycan Respublikasının sərhədindən kənarda olduqları zaman təsadüfilik əlaməti daşıyan istisnalar arasında yer almayan xəstəliyə məruz qalması və bədbəxt hadisə nəticəsində zədə alması ilə əlaqədar tibbi yardım almaq məqsədilə tibb müəssisələrinə müraciətləri sığorta hadisəsi hesab olunur.
Əmlakın yanğın və digər əlavə risklərdən sığortası nəzərdə tutulmuş şərtlər əsasında Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlıdır. Sığorta müqaviləsi yalnız Azərbaycan Respublikası ərazisində qüvvədə sayılır. Sığortaetdirənə və onunla bir yerdə yaşayan ümumi təsərrüfatı birlikdə olan ailə üzvlərinə məxsus və həmin ailənin məişət və mədəni tələbatını ödəmək məqsədilə şəxsi təsərrüfatda istifadə üçün nəzərdə tutulan ev ləvazimatı əşyaları (ev əmlakı) sığortaya qəbul edilir. Bu sığorta növündə sığorta hadisəsi yanğın, partlayış, təbii fəlakətlər, istilik sisteminin, su kəmərinin və kanalizasiya şəbəkəsinin qəzası ilə əlaqədar olaraq ev əmlakının zədələnməsi, yaxud məhv olması halları hesab edilir.
Fiziki şəxslərə məxsus olan heyvanların sığortası da könüllü sığortalar üzrə geniş yayılmış növlərdən biridir. Bu zaman şəxsi mülkiyyət hüququnda vətəndaşlara məxsus olan heyvanların könüllü sığorta müqavilələri nəzərdə tutulmuş şərtlərlə bağlanır. Müqavilə üzrə 6 aylıqdan yuxarı yaşda iribuynuzlu heyvanlar, 1 yaşdan yuxarı atlar, qoyunlar, keçilər sığortalana bilər. Heyvanların könüllü sığortası zamanı onların xəstəliklər, həmçinin yanğın, partlayış, ildırımvurma, elektrik cərəyanının təsiri, təbii fəlakətlər və başqa zədələnmələr nəticəsində tələf olması hallarında aparılır.
Kənd təsərrüfatı binaları, tikililəri və sair əmlakların sığortası zamanı mülkiyyət formasından asılı olmayaraq, sığortalıya məxsus binalar, tikililər, qurğular, avadanlıqlar, xammal-materiallar, kənd təsərrüfatı texnikaları, hazır məhsullar və sair əmlaklar sığorta obyekti sayılır.
Kənd təsərrüfatı bitkilərinin istehsalçılarına məxsus kənd təsərrüfatı bitkiləri də sığortaya cəlb olunur. Bu növ könüllü sığorta üzrə sığorta məbləği kənd təsərrüfatı bitkilərinin məhsullarının son 5 ildə və ya ondan az müddətdə 1 hektarın orta məhsuldarlığına, bazar qiymətinə və əkin sahəsinə görə müəyyən edilir.
Əli CABBAROV