Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Dövlətimizin başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir, insan amilinə yüksək qayğı kimi dəyərləndirilir. Naxçıvanda da insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, tibbi və sosial reabilitasiyası diqqət mərkəzində saxlanılır.
Təkcə son 4 ay ərzində müvafiq kateqoriyalı 8 ailəyə mənzillərin, 1 nəfərə isə minik avtomobilinin təqdim edilməsi muxtar respublikada bu qəbildən olan insanların hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu təsdiq edir. Onlardan 4-ü ötən ay evlə təmin olunub.
Martın 15-də 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillərin verilməsi, milli bayramımız olan Novruzu öz yeni mənzillərində qeyd etmələri bu ailələrə ikiqat bayram sevinci yaşatdı. Biz də yeni mənzillərində ailələrlə həmsöhbət olduq.
İlk qonaq olduğumuz ev Azərbaycan Vətən Müharibəsi iştirakçısı Samir Sadıxova məxsusdur. Üç övlad atası olan Samir onlara yaradılan şəraitdən ağızdolusu danışır və deyir ki, bizə ikiotaqlı, hər cür şəraitlə təmin olunmuş mənzil hədiyyə edilib. Bütün bunlar isə dövlətimizin bizə göstərdiyi qayğı və diqqətdən xəbər verir. Bu da qazilərin böyük sevincinə səbəb olur. Hər an Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əmrlərini yerinə yetirməyə, onun tapşırığı ilə Vətənimizin bütövlüyü və torpaqlarımızın azad olunması üçün sipər olmağa hazırıq.
Samirin anası Əmanət xanımın və övladlarının da sevinci sonsuzdur. Əmanət müəllimənin dediklərindən:
– İki övladım var, ikisi də Vətənin müdafiəsində fəal iştirak edib. Samir dahi rəhbərin adını daşıyan hərbi liseyin ilk məzunlarındandır. Övladımın bu peşəni seçməsi ilə bir Azərbaycan anası kimi qürur duyuram. Samirin Ağdamın cəbhə bölgəsində düşmən hücumunun qarşısını alarkən ağır yaralanıb sağlamlığını itirməsindən sonrakı dövr ailəmiz üçün çox çətin oldu. Ürəyi Vətən sevgisi, döyüş əzmi ilə dolu gənc bir zabitin bir anın içində sağlamlığını itirməsi böyük bir dərd idi. Amma həmin günlərdə dövlətimizin yanımızda olmasını hiss etməyimiz bizə dayaq oldu. Bu qayğı yaşamaq ümidini birdəfəlik itirmiş balamda ruh yüksəkliyi yaratdı, onu yenidən həyata bağladı. Muxtar respublika rəhbərinin qayğısı və diqqəti bir atanın öz övladına verdiyi dəyər idi. İki il öncə övladım avtomobillə, yaxın günlərdə isə bu gözəl mənzillə təmin olunub. Bu, bayramqabağı ailəmizə ən böyük hədiyyə idi. Bu gün muxtar respublikamızda insan amilinə yüksək qiymət verilir. Şəhid ailələri, Azərbaycan Vətən Müharibəsi iştirakçıları daim diqqətdə saxlanılır. Onların istənilən sosial problemi tez bir zamanda öz həllini tapır. Bu isə gənc nəsli Vətənin müdafiəsində daim səfərbər olmağa ruhlandırır. Aparılan dövlət siyasəti, eyni zamanda hər bir vətəndaşa müharibə veteranlarına dərin ehtiram bəsləməyi, qayğı göstərməyi, onlardan vətənpərvərlik ruhunu əxz etməyi aşılayır.
Dövlətimizin diqqət və qayğısı sayəsində şəhərimizin görkəmli yerlərindən birində gözəl, ikiotaqlı bir mənzillə təmin edilməyim ailəmin, əzizlərimin sevincinə səbəb olmaqla bərabər, dövlətimizin hər an öz vətəndaşının yanında olduğundan xəbər verir. Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığımı itirmişəm, – deyən digər müsahibimiz Natiq Məmmədov onu da bildirir ki, yaxın günlərdə illərlə həsrətini çəkdiyimiz mənzil bizə hədiyyə olundu. Şəhərin mərkəzində yerləşən rahat, hər cür şəraiti olan bu gözəl mənzilin sahibi olmağın sevincini yaşayırıq. Sabaha inamımız daha da artıb. Bu mənzil bizim üçün əsl bayram hədiyyəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlıq imkanları məhdudlaşmış daha dörd şəxsin mənzillə təmin olunması ilə bağlı tədbirdəki çıxışında da vurğuladığı kimi, bu kateqoriyadan olan insanlara mənzillərin verilməsi dövlətimiz tərəfindən Vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara göstərilən qayğının daha bir ifadəsidir. Ali Məclis Sədrinin də qeyd etdiyi kimi, mənzil təminatı hər bir insanın rahat yaşayışı və əsas qayğılarının həll olunması deməkdir. Bu isə həmin insanlarda sabaha inam, yaşamaq-yaratmaq həvəsi oyadır.
Muxtar respublikada bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər bir daha sübut edir ki, dövlət daim öz vətəndaşının yanındadır. Atılan hər bir addım dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ardıcıl olduğunu göstərir. Vətən qarşısında xidmətləri olan hər bir insana qayğı ilə yanaşan Ali Məclisin Sədri cənab Vasif Talıbova ailəm adından minnətdarlığımı bildirirəm.
Təkcə son 4 ay ərzində muxtar respublikamızda 9 ailədə yaşanan sevinc bütün naxçıvanlıların sevincidir. Bu, diyarımızda insan amilinə verilən yüksək dəyərin ifadəsidir və hər kəs tərəfindən minnətdarlıqla qarşılanır.
Ramiyyə Əkbərova