22 Dekabr 2024, Bazar

Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə cari ilin mart ayından etibarən ölkəmizdə əmək pensiyasının minimum məbləği artırılaraq 116,27 manatdan 160 manata çatdırılıb. Birbaşa olaraq insanların güzəranının daha da yaxşılaşmasına xidmət edən və əhali arasında böyük razılıqla qarşılanan bu artım muxtar respublikamızda yaşayan əmək pensiyaçılarını da sevindirib. Artıq öz pensiyalarını əlavə olunmuş bu artımla almış vətəndaşlar dövlətimizin onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlmiş belə qərarlarından məmnunluğunu bildirir, minnətdarlıq edirlər.

Bəs xeyli sayda pensiyaçını sevindirən bu artımdan muxtar respublikamızın sakinlərinə necə pay düşüb? Bu məsələ ilə bağlı maraqlandığımız suallarla Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fondun Aparatının Pensiya şöbəsinin müdiri Hikmət İsmayılovla söhbət zamanı o bildirdi ki, pensiya məbləğlərinin növbəti artımı ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında, əslində, əhalinin bütün təbəqələrinin rifahının təmin olunmasına yönəldilmiş dövlət siyasətinin bir hissəsidir. Əmək pensiyaçılarının da davamlı olaraq sosial müdafiəsinin gücləndirilməsi bu baxımdan atılan növbəti addımlardan biridir. Pensiya məbləğlərinin bazar qiymətlərinə, yüksələn həyat standartlarına uyğun olaraq indeksləşdirilməsi həmişə olduğu kimi, bu dəfə də əhalinin sosial rifah halının yüksəlməsinə, aztəminatlı ailələrin böyük sevincinə səbəb olub. İnsanların həyat səviyyəsinin daim yüksəlmə meylini və dünya bazarındakı dalğalanmaların ölkə iqtisadiyyatına təsirini nəzərə alan dövlət başçısı həmişə sadə vətəndaşların yaşayış standartlarının artırılması qayğısına qalır. Bu da müəyyən kateqoriyadan olan insanların daha yaxşı yaşamasına birbaşa təsir edir.

Fond əməkdaşının sözlərinə görə, hazır­da muxtar respublikamızda yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası alan sakinlərin sayı 53 min 518 nəfərdir. Bunlardan haqqında bəhs etdiyimiz artımdan faydalanan, yəni minimum pensiya məbləği 160 manata çatdırılan pensiyaçıların ümumi sayı 11 min 145 nəfər təşkil edir ki, onların 5999-u əlilliyə, 4353-ü yaşa, 793-ü isə ailə başçısını itirməyə görə dövlətimiz tərəfindən pensiya təminatı alır. Ümumilikdə isə pensiyasının artımla verilməsi nəzərdə tutulmuş muxtar respublika sakinləri üçün hər ay dövlət büdcəsindən əlavə olaraq 260 min manatdan çox vəsait ayrılır ki, bunun da xeyli hissəsi, yəni, təqribən, 173 min manata yaxını əlil vətəndaşlara ödənilir.
Bundan əlavə, onu da qeyd edək ki, bu ilin yanvarından əmək pensiyaçılarına ayrıca olaraq 2018-ci il üçün Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinə uyğun olaraq digər bir artım da müəyyənləşdirilib. Belə ki, əmək pensiyalarının sığorta hissəsinin bazar qiymətlərinə uyğunlaşdırılması məqsədilə 3 faiz artım əlavə olunub. Bu artım Naxçıvan Muxtar Respublikasında yaşayan dövlət qulluqçusu, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər istisna olmaqla digər əmək pensiyalarına şamil edilmişdir ki, bu da, ümumilikdə, 48 min nəfərdən çoxdur.
Dövlətimiz tərəfindən vətəndaşlara verilən sosial zəmanətlərdən biri də yeni doğulan uşağa və vəfat edən vətəndaşın dəfni üçün verilən sosial müavinətlərin məbləğinin artırılmasıdır. Belə ki, cari ilin aprel ayından uşağın anadan olmasına görə müavinət 109 manatdan 200 manata çatdırılıb. Sığortaolunan vəfat etdikdə dəfn üçün ödənilən müavinət 145 manatdan 300 manata, əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün ödənilən müavinətin məbləği 348,81 manatdan 480 manatadək (yəni minimum əmək pensiyasının 3 misli) məbləğində artırılıb.
Göründüyü kimi, insanların sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər kimi qəbul olunmuş bu qərarlar, geniş mənada, bütün əhalinin rifahına təsir edir. Bu da ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin nə qədər bir-birinə bağlı olduğunu bir daha göstərir. Bu bağlılıq möhkəmləndikcə hər bir vətəndaşın həyat standartı da yaşadığı cəmiyyətin iqtisadi imkanları və sosial zəmanətlərinə uyğun olaraq yüksəlir.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR