22 Dekabr 2024, Bazar

Naxçıvan torpağına ecazkar gözəllik verən amillərdən biri onun fauna və florasının misilsiz zənginliyidir. Bu torpağa ilk dəfə qədəm qoyan insanları, birinci növbədə, min bir dərdin dərmanı olan bitki aləmi valeh edir.
“Yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2016-cı il 1 iyul tarixli Qərarla bu qaydaları təsdiq edib. Qərarın tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, yəni muxtar respublikamızda yaşıllıq sahələrinin qorunması və həmçinin artırılması işləri mütəşəkkilliklə davam etdirilir.
Təsnifatına görə, əsasən, boz torpaq tipinə malik olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın bölgələri içərisində illik yağıntı ən az düşən ərazidir. Eyni zamanda Arazın küləyi bəzi ərazilərdə bitkilərdə suyun buxarlandırmasını gücləndirərək suvarmanın intensivliyini azaldır. Bu mənada, bəlkə də, çöl iqlim şəraitində Naxçıvan Muxtar Respublikasında yaşıl çəmən salınmasına bu qədər diqqət yetirməyin vacibliyinə şübhə ilə baxanlar da yox deyil. Amma etiraf edək ki, yaşıl fon olmazsa, bəzək istiqamətli bağ-bağça salınmasında istənilən effekti almaq mümkün deyil. Heç də təsadüfi deyil ki, bu gün muxtar respublikamıza ilk dəfə qədəm qoyan insanlar onu yaşıllıqlar diyarı adlandıraraq möcüzəli təbiətinə valeh olurlar. Yolboyu qazon sahələri öz yaşıllıqları ilə insan ruhuna xəfif sərinlik gətirir. Bu yaşıllıq sahələrini salarkən müəyyən tədbirlərə əməl olunması çox vacibdir.

İlk olaraq seçilən bitkilərin quraqlığa davamlı­lığını nəzərə alaraq qazon (yaşıl çəmən) sahəsində əkilməsini təşkil etmək lazımdır. Bunun üçün Naxçıvanın torpaq-iqlim şəraitinə uyğunlaşan ağac, kol və dekorativ çoxillik çiçək bitkilərinin seçilməsinə xüsusi diqqət yetirilməlidir.
Yaşıl çəmən salınacaq ərazilərin torpaqları işlənməli, suvarma sistemi yaradılmalı, seçilmiş bitkilər qazon səpinindən əvvəl zövqlə əkilməlidir. Əkin zamanı bitki əkiləcək çalalar dərin (60 santimetr) qazılmalı, bitkilər kökboğazına qədər münbitləşdirilmiş torpaqla örtülməli, yer səthindən 15-20 santimetr dərinlikdə su saxlamaq üçün boşluqlar qalmalıdır. Əkilmiş ağaclar dayaqlara qaldırılmalı və səkkiz şəklində qaytanla dayağa bağlanmalıdır. Bəzək kolları əkilərsə, yemişan, sumax, dovşanalması, zirincin qışda yarpağını tökməyən növlərindən istifadə oluna bilər. Buraya ekzotik bitkiləri də əlavə etmək mümkündür. Lakin seçilən ağac və ya kollar qazondan təcrid edilmiş olmalıdır, ya da suvarma çiləmə qurğularından istifadə edilirsə, o zaman ərazi başdan-başa su damlaları ilə əhatə olunduğuna görə yaşıl çəmən sahəsinə rütubət sevən bitkilər əkilməlidir.
Yaşıllıqlar salınarkən landşaft nəzərə alınmaqla yaşıl çəmən sahəsində – içərisində gözün “yorulmaması” üçün müxtəlif ölçüdə çoxillik kol, yarımkol və çiçəklərdən ibarət kompozisiyalar, habelə alpinariya (dağ-çəmən) bitkilərindən istifadə etməklə daha zövq­oxşayan gözəllik yaratmaq olar. Bütün hallarda isə suvarma sistemləri layihəyə uyğunlaşdırılmalıdır.
Yaşıllıqlar salınarkən mövcud sahənin üst səthi hamarlanmalı, iri daş-­kəsəklərdən, kol-kosdan təmizlənməli, səpin sahəsinin kənar xətləri təyin edilməli və işarələnmiş həmin o kənar xətlər qaytanla əhatələnməlidir. Səpin üçün hazırlanmış sahənin üst səthində (10 santimetr qalınlığında) gətirilmiş münbit torpaq qatı yayılmalı, hamarlanmalı və torpağın üst səthi möhkəmləndirilməli, yəni bərkidilməli, yaşıl çəmən toxumu əl ilə səpilərsə, gözəyarı hər bir kvadratmetr sahəyə düşən dənin (toxumun) miqdarı ovuc içi ilə müəyyən edilməli, səpilmiş çəmən toxumlarının üstü ələnmiş torpaq və ələkdən ke­çirilmiş üzvi gübrə qarışığı ilə əllə ­örtülməlidir.
Səpindən sonra sahə narın çiləmə suyu ilə suvarılmalıdır. Sahə daim nəmləndirilməli, suvarma zamanı sahənin hər hansı sahəsində gölməçə yaranmasına yol verilməməlidir. Yaşıl çəmənin toxumlarının cücərməsindən sonrakı suvarılması hava şəraitindən asılı olaraq müəyyən edilməli və suvarma zamanı havanın küləksiz və sərin olmasına diqqət yetirilməli, alaqlar sahədən ehtiyatla çıxarılıb atılmalıdır.
Yaşıl çəmən otbiçən maşınla biçilməlidir, bu zaman 4 millimetrlik ölçü optimal hündürlük sayılır. Habelə biçin zamanı otbiçən makinanı dayandırmamış yerində sağa, sola və geriyə döndərmək, otların yolunmasına imkan vermək olmaz.
Yaşıl çəmən yaz və yay mövsümündə bir neçə dəfə uyğun gübrələrlə sərinləşdirilməli və qidalandırılmalıdır.
Qazonda alaq otlarını məhv etmək üçün kimyəvi mübarizə üsulundan istifadə etməklə – herbisidlərlə (alaq otlarını məhv edən kimyəvi preparatlar) çiləmə aparılmalıdır.
Yaşıl çəmən sahəsi salarkən bu deyilənlər nəzərə alınarsa, ilin bütün fəsillərində təbiətin bu dominant yaşıl rəngi hər zaman zövqünüzü oxşayar, insanlarda həmişə xoş bahar ovqatı yaradar.

Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR