Ali məktəblərə qəbul imtahanları abituriyentlər üçün ən yaddaqalan, ən maraqlı, ən həyəcanlı, bəziləri üçünsə ən qorxulu məqamlardandır. İmtahana mümkün qədər psixoloji və fiziki cəhətdən hazır olmaq lazımdır. Müəyyən qədər stress imtahanın gedişatına öz təsirini göstərə bilir. Söhbət məhz o stresdən gedir ki, abituriyent onu keçirən zaman bildiklərinin bəzilərini ifadə edə bilmir.
Yaxşı olar ki, abituriyent sabah imtahan verəcəyi məkanı qabaqcadan tanısın. Əgər imkan varsa, orada olsun və bir az ətrafında gəzişsin. Biz bunun əyani ifadəsini nədə görə bilərik? Abituriyent məktəbdə, evində suallara cavab verir, amma imtahanda bu bacarığı göstərə bilmir. Çünki o məkan ona tanış deyil. Məkanla tanışlıq, bir qayda olaraq, insanlarda ayrıca adaptasiya prosesinin yaranmasına səbəb olur. Bu proses isə zaman itkisi ilə nəticələnməklə diqqətin cəmlənməsinə də mənfi təsir göstərir. Abituriyent imtahana bir gün qalmış gedib həmin məkanı görə bilsə, bu hal abituriyentə çox yaxşı təsir göstərə bilər. Abituriyentin imtahandan bir gün qabaq günün ikinci yarısında mənzərəli yerləri gəzməsi, müəyyən qədər açıq havada olmağa diqqət yetirməsi daha məqsədəuyğundur. Axşam ağır qidadan çəkinmək lazımdır. Çünki bu cür qidalanma yuxu prosesinə mənfi təsir göstərə bilər.
İmtahan zamanı psixoloji cəhətdən müsbət təsir göstərən geyimlər geymək məsləhətdir. Söhbət təzə və yaxud köhnə geyimdən getmir. Əsas odur ki, hansı rahatdır, onu geyinəsən.
İmtahan binasına giriş zamanı bəzi problemlər yaranır ki, abituriyentlər bu zaman yorulurlar. Onu da əlavə edək ki, imtahana ayrılan 3 saat vaxt ərzində də bir çox abituriyent səbirsizliyin “qurbanı” olur. Abituriyentlər imtahan keçiriləcək yerə imtahan saatından iki saat əvvəl gəlməlidirlər. Bu iki saat ərzində bir qrup abituriyentdə yorğunluq baş verir ki, nəticədə, emosional sfera zəifləyir, fikri cəmləşdirmək çətinləşir. Bütün bu məqamlarda çalışmaq lazımdır ki, tələsməyəsən. İmtahan keçiriləcək binanın həyətində gəzişmək emosional hazırlığa müsbət təsir edə bilər. Digər bir tərəfdən, imtahan müddəti 3 saatdır. Normal insanda ola bilər ki, bir saatdan sonra diqqət yayınsın. Bundan abituriyent fasilə kimi istifadə etməyi bacarmalıdır. Müşahidələr göstərir ki, əksər səhvlərə imtahandan bir saat yarım keçəndən sonra yol verilir. İmtahan sonu yaxınlaşdıqca abituriyent hisslərini cilovlaya bilmir, “nə oldu yazım, yetər ki, burdan çıxım”, – deyə fikirləşir.
İmtahanqabağı rahat yuxu yatmağa çalışın! Son bir həftə boyunca gündə 7-8 saat rahat, normal yuxu beyni sakitləşdirir. Belə olan təqdirdə beyin istirahət edir. İstirahət etmiş, dincəlmiş beyin imtahanda yerə və hər bir suala adaptasiyanı asanlaşdırır. Bundan başqa, abituriyent imtahanqabağı sərbəst olmalı, gəzintiyə çıxmalı, beynini sakitləşdirəcək səmərəli məşğuliyyət tapmalıdır.
İmtahan gününə hazırlaşan abituriyentlər diqqəti cəmləməyə, yaddaşı gücləndirməyə və daha yaxşı öyrənməyə xidmət edən qidalar qəbul etməlidir; məsələn, kök yaddaşın möhkəmlənməsinə, ananas isə əzbərləmə qabiliyyətinin güclənməsinə olduqca güclü təsir göstərir. İmtahanda yarana biləcək stresin öhdəsindən gələcək qida məhsulları bunlardır: stresin əsas mənbəyi olan sinir sisteminin normal fəaliyyəti üçün cəviz, fındıq, fıstıq vacib qidalardandır. Bunlar zehnin uzun müddət çalışmaq imkanını artırır, beyində əlaqələndirici maddələrin əmələ gəlməsinə səbəb olur. Nəticə etibarilə, sinir sistemi xarici qıcığa reaksiyadan çox, beynə istiqamətləndiriləcək prosesin (test sualının) sərbəst şəkildə mənimsənilməsinə xidmət edir.
İmtahan prosesində abituriyentlər üçün vacib olan amillərdən biri də yaradıcılıqdır. Bunun üçün zəncəfildən istifadə daha faydalıdır. Onun tərkibindəki maddələr qanı duruldur. Durulmuş qan sərbəst şəkildə dövr edir. Bu isə beyinin oksigenlə normal qidalanmasına səbəb olur. Nəticədə, beyin yeni fikirlər yaradır.
Stresin təsirlərinin azalması xoş əhvalın yaranmasına səbəb olur ki, bunun üçün bol çiyələk yemək məsləhətdir. Kələm əsəbiliyə qarşı xeyirli qidadır; imtahanöncəsi qəbulu stresdən uzaq olmaq üçün tövsiyə edilir. Limon qavrama qabiliyyətini artırır. Yeni əldə ediləcək biliklərin qavranılması üçün məsləhət görülür.
Psixoloqlar məsləhət görürlər ki, abituriyentlər imtahana iki gün qalmış istirahət etməlidirlər: “Qəbul imtahanına hazırlaşan şagird il boyu çalışır, beyin həddən artıq yüklənir. Belə halda beyini sakitləşdirmək, həyəcanı aradan qaldırmaq çox çətindir. İmtahanda həyəcanlı, yaxud sakit olmaq hər bir insanın daxili keyfiyyətlərindən də asılıdır. İmtahan həyəcanını minimuma endirmək üçün abituriyent imtahanqabağı maksimum istirahət etməlidir. Valideynlər imtahan verəcək övladlarına qarşı daha həssas olmalıdırlar. Valideyn həmin övladını inandırmalıdır ki, o, müvəffəq olacaq. Müvəffəq olmasa belə, burada faciəvi heç nə yoxdur.
Abituriyentlərin imtahan zamanı həyəcanlı olub-olmaması imtahanlara nəzarət edən müəllimlərin davranışından da çox asılıdır. Nəzarətçi-müəllimlər imtahan otağında sakit ab-hava yaratmalıdırlar ki, abituriyentlər biliklərini mərkəzləşdirə bilsinlər.
İmtahanqabağı stress, qayğılar, depressiya, yorğunluq, üzgünçülük abituriyentlərin imtahanda göstərdiyi nəticələrə mənfi təsirsiz ötüşmür. Bəs bütün bu problemlərdən maksimum yayınmaq üçün nə etmək lazımdır? İmtahana qədər olan qısa zamanı abituriyentlər heç bilmədikləri mövzuları öyrənməyə yox, bildiklərini təkrarlamağa sərf etməlidirlər. Mövzu barədə öyrəndikdən sonra mütləq ona aid ən azı 20 test sualı həll olunmalıdır.
İmtahanadək olan vaxt kimi imtahandan sonrakı mərhələ də abituriyentlər, eləcə də onların valideynləri üçün çox əhəmiyyətlidir. Belə ki, istənilən nəticəni əldə edə bilməyən abituriyentin valideynləri tərəfindən məzəmmət edilməsi onun daha dərin depressiya və stresə girməsinə səbəb ola bilər. Bunun baş verməməsi üçün hər bir valideyn səbirli davranmalı, əsəbləri onsuz da gərilmiş övladına anlayışla yanaşmağı bacarmalıdır.
İmtahanöncəsi valideynlərin etdikləri xəbərdarlıqlar da abituriyentlərin həyəcanını artıran məqamlardandır. Valideynlərin imtahanöncəsi yarızarafat, yarıgerçək etdikləri xəbərdarlıqlar bunlardır: “Sənin üçün çəkdiyimiz əziyyəti itirmə”; “Bu qədər əzab-əziyyətin qarşısında ali məktəbə girə bilməsən, daha heç nə” və sair. Valideyn bu fikirləri sözgəlişi desə belə, övladının stresini artırır. Unudulmamalıdır ki, imtahandan kəsilmək hər şeydən məhrum olmaq demək deyil; yenidən hazırlaşıb növbəti illərdə imtahan vermək də mümkündür. Digər tərəfdən, ali məktəbə qəbul olmaq hələ hər şeyin yaxşı olacağından xəbər vermir.
Bir daha bildiririk ki, kiminsə ali məktəbə qəbul olmaması onun həyatdan bezməsi, özünü və yaxınlarını çətin vəziyyətdə qoymasına əsas vermir. Əgər bir insan intihar edirsə və ya buna cəhd göstərirsə, deməli, iradəsi zəifdir. İradəsi zəif insanların isə həyatda uğur qazanmaları müşkül məsələdir. İradəsi zəif insanlar nə ali məktəbə qəbul imtahanından, nə də həyat imtahanından uğurla çıxa bilərlər. Valideyn davranışında və münasibətində övladını əmin etməlidir ki, heç nə ona olan sevgini azalda bilməz, nəinki imtahanın uğursuz nəticəsi.
İmtahan nəticələri uğurlu olmayanları depressiyadan çıxarmaq üçün nə edilməlidir? Onlarla necə davranmalıyıq? Mütəxəssislərin fikrincə, ilk növbədə, onların sosial həyata yenidən qatılmalarını təşviq etməliyik. İmtahandan kəsilmək hər şeyin itirilməsi, hər şeyin əldən çıxması kimi başa düşülməməlidir. Belə məqamlarda kimliyindən asılı olmayaraq, hər bir kəs imtahandan kəsilən şəxslə diqqətli davranmalı, onların sərt hərəkətlərini anlayışla qarşılamalıdır. Bunlar müvəqqətidir və bir müddətdən sonra keçib gedəcək. Həmin şəxslərin yanında “heyif”, “niyə belə oldu?” və sair kimi peşmanlıq duyulan ifadə və davranışlardan qaçılmalıdır.
Qəbul imtahanlarına, sözün əsl mənasında, hazırlaşan bütün abituriyentlərimizə müvəffəqiyyətlər arzulayırıq.
Oruc HƏSƏNLİ
professor