“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Rabitə və Yeni Texnologiyalar nazirliklərinin birgə təşkilatçılığı ilə Sədərək rayonundan olan sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib. Bu məqsədlə onun yaşadığı mənzilə rabitə və internet xətləri çəkilib, müvafiq texniki avadanlıqlar quraşdırılıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud Nurgül Quliyeva zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Bununla da muxtar respublikada distant tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların sayı 24-ə çatıb.
Nürgül Quliyevanın valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Nürgül Quliyevanın ölkə xaricində tibbi müayinəsi təşkil olunub. Həmçinin Naxçıvan Uşaq Bərpa Mərkəzində də mütəmadi olaraq fizioterapiya müalicəsi davam etdirilir. Bununla yanaşı, sözügedən ailənin aztəminatlı olması nəzərə alınaraq ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq üzrə dövlət proqramına da cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti