Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə 7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Sağlam həyat tərzi sağlam ailələrin formalaşmasının təminatıdır” mövzusunda tədbir keçirilib.
Gənclərin iştirakı ilə dəyirmi masa arxasında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova “Sağlam düşüncə, sağlam həyat tərzi sağlam ailənin təməlidir” mövzusunda çıxış edib. Bildirilib ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda gənc nəslin sağlamlığının qorunması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Eyni zamanda ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, sağlam ailənin davamlılığının təmin edilməsi məqsədilə bir sıra mühüm dövlət proqramları qəbul olunub.
Qeyd edilib ki, gənclər millətin sağlamlığı və milli genofondun mühafizəçisidirlər. Ona görə də sağlam mənəviyyat və sağlam həyat tərzi seçmək gənclərin başlıca vəzifələrindən olmalıdır.
Daha sonra “Gənclərin sağlamlığı ilə əlaqədar görülən işlər: reallıqlar və perspektivlər” mövzusunda Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxış edərək vurğulayıb ki, bu gün muxtar respublikamızda səhiyyə özünün yeni inkişaf mərhələsini yaşayır. Naxçıvan şəhərində fəaliyyət göstərən xəstəxanalar dünya standartlarına uyğun maddi-texniki bazaya malikdir və burada insanlara müasir səhiyyə xidməti göstərilir. Muxtar respublikamızın elə ucqar kəndi yoxdur ki, orada yeni tikilərək istifadəyə verilən tibb müəssisəsi olmasın və insanlara səhiyyə xidməti göstərilməsin.
Sonra “Sağlam ailə – sağlam gələcəkdir” mövzusunda Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edib.
Sonda gənclərin sualları cavablandırılıb, onlara müvafiq mövzularda hazırlanmış broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti