22 Dekabr 2024, Bazar

Bütün dünyada kibercinayətkar­lığın artması dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbir­lərinin genişləndirilməsini aktual edir.
Kibercinayətin ən çox yayılmış növü “fişinq” adlanan üsuldur. “Fişinq” kibercinayətin xüsusi növüdür və istifadəçiləri aldatma yolu ilə, adətən, maliyyə xarakterli fərdi məlumatları təqdim etməyə məcbur etməklə həyata keçirilir.
Fişinq hücumuna məruz qalmış qurbanların fırıldaqçılara könüllü vəsait ödəməsi üçün məşhur səbəblərdən biri də lotereyada zəmanətli uduş və ya sorğuda iştirak etdikdən sonra nəzərdə tutulmuş mükafatlandırmadır. İstər lotereya, istərsə də sorğu saytlarının işləmə mexanizmi, demək olar ki, eynidir: Öncə istifadəçidən müəyyən proseslər üçün (komisyon ödənilməsi, qəbzin işlənməsi və sair) kiçik miqdarda ödəniş etməsi xahiş olunur, daha sonra isə yüksək məbləğdə mükafatlandırılacağına söz verilir.
Fişinq hücumu, əsasən, messenger və sosial şəbəkələrdə, xüsusilə də “WhatsApp”da çox geniş yayılmışdır. Fırıldaqçılar ənənəvi olaraq istifadəçilərə pulsuz qazanmaq təklifləri və ya mövcud olmayan mükafatlandırma vəd edirlər. Bunun üçün isə cari mesajın dostlar arasında və sosial media hesablarında paylaşılması təklif olunur.

Fişinqin qurbanına çevrilməmək üçün istifadəçilərə sadə qaydalara riayət etmək tövsiyə edilir:
1. Məktub göndərənin ünvanını və məktuba daxil olan linkin doğruluğunu yoxlayın. Güvənmədiyiniz halda, məktubu açmayın. Əgər istəmədən belə, şübhəli sayta daxil olsanız, orada şəxsi məlumatlarınızı daxil etməyin. Şifrənizin fırıldaqçıların əlinə keçdiyini fikirləşir­sinizsə, mütləq şifrəni yenisi ilə əvəzləyin.
2. Vacib saytlara daxil olarkən (məsələn, internet bankinq sisteminə), müdafiə olunan əlaqədən istifadə edin, mümkün olduqca, ictimai WI-FI sistemindən istifadə etməyin. Bütün bunlar fişinq səhifələrə girmə ehtimalı riskini azaldır. Maksimal güvənlilik üçün şəbəkəyə qoşulmaq üçün xüsusi proqram və həllərdən istifadə edin.
3. Antifişinq texnologiyaları ilə olan qorunma həllərindən istifadə edin. Proqram fırıldaqçıların saytına girərkən sizə xəbərdarlıq edəcək və müvafiq səhifəni bloklayacaq.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən informasiya sistemlərinin və şəbəkələrinin, kompüter avadanlıqlarının və quraşdırılmış proqram təminatının, dövlət təşkilatlarının rəsmi veb-saytlarının təhlükəsizliyinin təmin olunması, bu sahədə təhlillərin aparılması və istifadəçilərin maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR