Ordubad rayonunun Baş Dizə Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
“Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək ailənin xalqımızın milli mentalitetində mühüm yer tutmasından, qadınların gələcək nəslin fiziki-mənəvi tərbiyəsindəki rolundan danışıb.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə, Ordubad rayonu üzrə 17 min 895 uşaq vardır ki, onlardan da 157-nin sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 0,8 faizini təşkil edir. Muxtar respublika üzrə 1950 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqların da 8,05 faizi Ordubad rayonunun payına düşür.
Bütün bunlar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən həkim müayinəsindən keçməli və sonrakı dövrdə də qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
“Qadınlarda virus hepatitlərinin fəsadları, bətn daxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edərək Ordubad rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti