Martın 21-də Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə gənclərin qatarla Ordubad rayonuna ekskursiyası təşkil olunacaq.
“Novruz qatarı” adlanan ekskursiyada gənclər üçün yolboyu qatarda Novruz bayramının simvolu olan oyunlar təşkil olunacaq, müxtəlif yarışlar keçiriləcək, musiqi nömrələri səsləndiriləcəkdir. Novruz qatarı ekskursiyasında 3 müasirtipli sərnişin vaqonu hazırlanaraq Naxçıvan-Ordubad-Naxçıvan istiqamətində xəttə buraxılacaq. Vaqonlarda sərnişinlərə nümunəvi xidmət göstərilməsi məqsədilə kupelərdə çay süfrəsi təşkil edilərək, müxtəlif bayram şirniyyatları veriləcək və əlavə olaraq vaqonların kupeləri Novruz bayramına məxsus atributlarla bəzədiləcək.
Ordubad rayonunun gənclərinin də qoşulacağı ekskursiyada gənclər əvvəlcə rayon ərazisindəki muzeylərlə tanış olacaq, rayon mərkəzində hazırlanmış bayram şənliyində iştirak edəcəklər.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və dərslərində müvəffəqiyyət qazanan tələbələrin Novruz bayramı tətilində asudə vaxtlarının mənalı təşkili, onların Ordubad rayonunda keçirilən el şənliklərində iştirakının təmin edilməsidir. Həmçinin Ordubadda turizmin təbliği və bu ekskursiya vasitəsilə ictimai nəqliyyat növü olan dəmir yolundan istifadə edilməsinə marağın artırılmasıdır.
Qeyd edək ki, bir gün davam edəcək ekskursiyada 120 gəncin iştirakı nəzərdə tutulub. Ekskursiyada iştirak etmək istəyən 16-29 yaş arası gənclər internet üzərindən qeydiyyatdan keçməlidirlər. Martın 15-də Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən ekskursiyada iştirak edəcək gənclərin adları açıqlanacaqdır.
Pərviz HACILI