22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kəngərli rayonunda idarə, müəssisə işçilərinin, özəl sektor üzrə hüquqi və fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə pensiya siyasətindən danışan Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev vurğulamışdır ki, aparılan islahatlar nəticəsində sığorta-pensiya sisteminin qanunvericilik bazası təkmilləşdirilmiş, fərdi uçot sistemi qurulmuş, əhaliyə sosial sığorta şəhadətnamələri verilmiş və əhalinin maddi maraqlarını təmin edən müasir pensiya modeli yaradılmışdır.
Sonra sosial sığorta qanunvericiliyinin izahı barədə Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Yaşar Məmmədov, əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsi haqqında Pensiya şöbəsinin aparıcı məsləhətçisi Həbib Rzayev, sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə bağlı Fərdi uçotun təşkili şöbəsinin aparıcı məsləhətçisi Bahadur Quliyev tədbir iştirakçılarına məlumat vermişlər.
Qeyd olunmuşdur ki, sosial sığorta vətəndaşların itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Sosial sığortaya cəlb olunan şəxslər əgər öz fəaliyyətlərinə uyğun müəyyənləşdirilmiş məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında ödənilməsini təmin edərlərsə, onda onlar özlərini baş verə biləcək sosial sığorta hadisələrindən sığortalamış olacaqlar ki, bunlara da pensiya yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik, uşağın anadan olması, uşağa qulluq və sair daxildir.
Vurğulanmışdır ki, fərdi uçot sistemi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan barədə məlumatların uçotunun təşkili və aparılmasını nəzərdə tutur. Bu sistemin əsas məqsədlərindən biri də sığorta­olunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır.
Kəngərli rayonunda sığorta-pensiya sistemi ilə əlaqədar görülən işlər haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəngərli Rayon Şöbəsinin müdiri Altun Seyidov tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda yeni əmək fəaliyyətinə başlayan bir qrup vətəndaşa onların fərdi uçot sistemində qeydiyyata alındığını və onlar üçün fərdi şəxsi hesab açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR