(Oçerk)
Belə bir aforizm var: o xalq xoşbəxtdir ki, onun gözəl müəllimləri, ziyalıları var. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda belə insanlar çoxdur. Onu deyim ki, tarixən bu qədim diyar özünün yetişdirdiyi ziyalıları ilə həmişə qürur duyub. Bu aforizmi xatırlamağım da əbəs deyil. Qəzetimizdə hər zaman ziyalı sözünə, ağsaqqal məsləhətinə geniş yer verməyə çalışırıq. Çünki belə insanların hər sözü gənclərimiz üçün örnəkdir. Budəfəki yazımızın qəhrəmanı isə Nəbi Tağıyevdir.
İki ay bundan əvvəl Culfa rayonunun Şurud kəndindən yazı hazırlayarkən müəllimlərdən, ziyalılardan söhbət düşəndə milaxlı Nəbi müəllimin adını tez-tez çəkdilər. Diqqətimi cəlb etdi. Düşündüm ki, Şurudda Nəbi müəllim haqqında belə ürəkdolusu danışırlarsa, deməli, bu insan yüksək müsbət keyfiyyətlərə malikdir. Nəbi müəllimlə görüşmək istəyim isə jurnalist marağımdan irəli gəldi. Onun haqqında rayon İcra Hakimiyyətindən məlumat almağa çalışdım. Zəng vurdum. Dəstəyi götürən növbətçidən “Nəbi müəllimi tanıyırsınızmı?” soruşanda onun haqqında xoş sözlər dedi. Onu tanımaq marağım daha da artdı. Nəhayət, Nəbi müəllimin mobil telefonu ilə əlaqə saxladıq. Axşam saat 7-də Culfa rayonunun Milax kəndinə yola düşdük. Gün yavaş-yavaş batırdı. Həmin saatlarda Milax kəndinə gedən yolda sıralanan yaşayış məntəqələri ayrı bir görkəmdə olur. Möhtəşəm Haçadağ sanki bu yoldan keçənləri salamlayır. Möhtəşəmlik rəmzi olan, özündə tariximizin izlərini yaşadan bu dağ hər yöndən bir başqa görünür. Yol boyu düşünürdüm ki, keçdiyimiz müasir kəndlər, bu yaşayış məntəqələrində gördüyümüz məktəb binaları, abadlaşan yollar və digər obyektlər kənd həyatının bütün çətinliklərini aradan qaldırıb, şəhərlə kənd arasındakı fərqi minimuma endirib. Kənd adamları da bunu görür, belə ünvanlarda yaşamaqdan qürur duyurlar. İnsanlar öz elində, obasında qurub-yaradır, torpağı qorumaqla bu qiymətli sərvətdən səmərəli istifadə edir, əkib-becərirlər.
Budur, avtomobilimiz Milax kəndinə daxil olur. Gedəcəyimiz ünvanı, təqribən, bilirik. Uzaqdan Nəbi müəllim görünür. Qolundakı saata baxanda istər-istəməz ağlıma gəlir ki, yubanmışıq. Bu anda bir fikir yadıma düşür: riyaziyyat elmi dəqiqlik sevir. Nəbi müəllim də riyaziyyat müəllimidir...
Avtomobildən düşüb görüşür, hal-əhval tuturuq. Bir qədər yubandığımız üçün üzr istəyirik. Nəbi müəllim gülümsəyir: – Dəqiqliyi sevirəm. Sonradan öyrənirik ki, bu, doğrudan da, belədir. Söhbətimizi bir az aralıda olan evlərinin həyətində çay süfrəsi arxasında davam etdiririk.
Haqqında qısa məlumat: Nəbi Tağıyev 1956-cı ildə Culfa rayonunun Milax kəndində anadan olub. 7 övladın ikincisi olan Nəbi Bənəniyar kənd tam orta məktəbində təhsil alıb. Riyaziyyat fənninə böyük marağı olan N.Tağıyev 1977-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunu (indiki NDU) riyaziyyat ixtisası üzrə bitirir. İlk pedaqoji fəaliyyətinə Gal kənd tam orta məktəbindən başlayır. Daha sonra fəaliyyətini Ərəfsə kənd tam orta məktəbində davam etdirir.1980-ci ildə Milax kəndinin məktəbinə təyinat alır.
1999-cu ildə işlədiyi kənd məktəbinə direktor təyin edilir. Və ilk gündən qarşısında böyük vəzifələr durduğunu başa düşür: kollektivlə işləmək, hər bir müəllimin, texniki işçinin problemləri ilə maraqlanmaq, valideynlərlə sıx əlaqə saxlamaq. Bunlar olmayan yerdə təhsildə uğur qazanmağın mümkünsüzlüyünü artıq o, pedaqoji fəaliyyətində dəqiq müəyyənləşdirdiyindən fəaliyyətində bunları əsas götürür. Yorulduğu vaxtlar da olur. Lakin ona xalqımız üçün gərəkli vətəndaşlar, intellektli gənclər, savadlı məzunlar yetişdirmək kimi xeyirxah bir vəzifə tapşırıldığını unutmur. Bu da onun çalışdığı vəzifədə uğurlar qazanmasını təmin edir. Bu barədə deyir:
– Bilirsiniz, inkişafın təməlində ilk olaraq təhsil dayanır. Mən ziyalı kimi kənd sakinləri ilə söhbətdə təhsilin vacibliyini həmişə vurğulayıram. Deyirəm, kəndimizdə oxumayan qalmasın. Təhsilə göstərilən qayğı isə göz qabağındadır. İstər tikilən yeni məktəb binaları, istər təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi imkan verir ki, təhsilimizdə bu gün qazandıqlarımızdan qat-qat artıq uğurlara nail olaq. Son illər təhsildə əldə edilən uğurların kökündə də məhz hərtərəfli dövlət qayğısı dayanır. Əlinə jurnal alan, sinfə girən hər bir müəllim bunu unutmursa, o, uğur qazana bilər.
Nəbi müəllim bir qədər geriyə qayıdır: – Heç yadımdan çıxmaz. 2003-cü ildə bizim məktəbi bitirən məzunların heç biri tələbə adını qazanmadı. İnanın, məktəbin kollektivi uzun müddət özünə gələ bilmədi. Həmin il işimizdə əsaslı dönüş yaratmaq barədə kollektiv üzvləri ilə xeyli söhbətimiz oldu. Bu söhbət nəticəsiz qalmadı.
Nəbi müəllim deyir ki, 2005-ci ilin oktyabrında məktəb üçün yeni bina tikilərək istifadəyə verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dedi ki, “Məktəbin pedaqoji kollektivi intizamlıdırsa, bu kollektivdə vətənpərvərlik varsa, orada təhsil alan uşaqlar da intizamlı və vətənpərvər olacaqlar. Müəllimlər uşaqlara yaxşı dərs verməklə bərabər, onları vətənpərvər ruhda böyütməlidirlər”. Bu sözlər kollektivimizin iş prinsipinə çevrilib. Çalışmaq lazımdır ki, göstərilən qayğıya əməli işlə cavab verəsən, – deyən Nəbi müəllim bunu da əlavə edir:
– Heç yadımdan çıxmaz, biz orta məktəbdə təhsil alarkən dərsliklər tapılmırdı, məktəbli ləvazimatları yox dərəcəsində və ya köhnə halda idi. Bəs indi? Bu barədə danışmağa lüzum görmürəm.
Nəbi müəllim danışdıqca məktəbin qazandığı uğurlar gözümün önündən keçir. Hər il qəbul imtahanlarında Milax kənd tam orta məktəbinin uğurlarını eşidirik. Heç uzağa getməyək. Ötən il qəbul imtahanlarında məktəbin 10 məzunundan 9-u tələbə adını qazanıb. Məktəbin bir məzunu 500-dən yuxarı bal toplayıb.
Təbii ki, belə yüksək uğura asanlıqla nail olunmayıb. Yollar axtarılıb, zəhmət çəkilib, çəkilən zəhmət isə bəhrəsiz qalmayıb. Nəbi müəllim 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının, 2007-ci ildə isə Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görülüb.
“Bütün bunlara baxmayaraq, mən əsl kəndliyəm”, – deyir. İmkan tapan kimi əkin-biçinlə, bağçası ilə məşğul olur. O, torpağı sevir, onun qədrini bilir. Bir az aralıdakı arı yeşiklərini göstərərək arıçılığın dədə-baba məşğuliyyəti olduğunu bildirir. “Bura ikinci iş yerimdir”, – deyir.
Deyirlər, həyət-bacaya bax, evin kişisinə qiymət ver. Nəbi müəllimin həyət-bacasına baxanda burada torpağa bağlı zəhmətsevər bir insanın əllərinin izlərini görürsən. Həyətdəki yaşıllıq adamı valeh edir. Burada yaşayan qocalmaz. Hələ Nəbi müəllimin həyətində oturub çay içmək, şirin söhbət etmək adamı lap valeh edir.
Nəbi müəllim deyir ki, bu cür ab-havanı qoyub başqa yerlərdə yaşamaq mənə çətin gəlir:
– Bacım, qardaşım Bakı şəhərində yaşayırlar. Hərdən onları görməyə gedirəm. Darıxıram. Bütün günləri yollarda, maşın tıxaclarında keçir. Mən Milaxı dünyanın ən məşhur şəhərinə belə dəyişmərəm.
– Nəbi müəllim, bəs övladlarınız barədə nə deyərdiniz?
– İki qızım, bir oğlum var. Qızlarım ailəlidir, Bakıda yaşayırlar. Oğlum isə iki ay bundan əvvəl Milax kəndində müəllim işləyirdi. İndi Naxçıvan şəhərində yaşayır. Çox dedim, amma burada qalmadı. Deməli, mən də bir valideyn kimi haradasa səhv etmişəm. Öz oğlumu doğma torpağa bağlaya bilməmişəm. Bu gün Milax müasir Azərbaycan kəndidir. İnsanların yaxşı yaşaması üçün yüksək şərait yaradılıb. Bilmirəm, bu gənclər şəhərdə nə görüblər? Düzdür, oğlum tez-tez kəndə gəlir. Ancaq bu yetməz. Torpaqları əkib-becərmək lazımdır. Bir kənd o tərəfə sərhəddir. Nankor ermənilərə kəndlərimizin belə inkişafı gözdağıdır. Bugünkü gənclər bunu yaxşı bilirlər. Ancaq...
Nəbi müəllim bunu da əlavə edir:
– Bütün sahələrdə, necə deyərlər, baş verən böyük dəyişikliklər bu gün qəlbimizi fərəhlə doldurur. Düşünürsən ki, Naxçıvan elə həmin Naxçıvandır, torpaqları, təbii sərvətləri, soyuq qışı, isti yayı olan Naxçıvan. Bəs niyə sovet dönəmində bu işlərin heç 10-15 faizinə bərabər iş görülməyib? Bu gün muxtar respublikada bir ildə o vaxtkı bir beşillikdən beş dəfə artıq iş görülür.
Nəbi müəllimin dediyi bu sözləri qələmə alarkən düşünürdüm: televizoru açırsan, haradasa məktəb, haradasa həkim ambulatoriyası, hərbi hissə üçün əsgər yataqxanası, ucqar dağ kəndində kənd mərkəzinin açılışını göstərirlər. Açılışlara toplaşan insanların üzləri gülür, çöhrələri təbəssümə bürünür. Bu təbəssüm muxtar respublikanın inkişafını ən yüksək səviyyədə təmin edən, qədim diyarı intibaha qovuşduran Ali Məclis Sədrinə minnətdarlıq ifadəsidir.
Nəbi müəllimin söhbətində nə qədər böyük həqiqət olduğunu, əziz oxucular, siz də təsdiq edərsiniz. Çünki siz də düzgün seçilmiş yolun necə gedildiyini görürsünüz, bu yol sizin həyatınızda da böyük dəyişikliklər yaradıb, siz də üzünüzdə təbəssüm o açılışlarda iştirak edirsiniz, görülən işləri bu qəzetin səhifələrindən oxuyursunuz. Təbii ki, bu yolun əbədi olmağını arzulayırsınız. Əziz oxucular, nigarançılığınız olmasın. Bu yol əbədidir. Çünki bu yol xalq yoludur. Bu inkişaf, quruculuq xəttini hamımız dəstəkləyirik.
Sara ƏZİMOVA