22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən 15 iyun tarixində Babək rayonunun Şıxmahmud kəndində baş vermiş yanğın hadisəsi zamanı daşınmaz əmlakına zərər dəymiş kənd sakini Mirvəli Seyidova 4 min 754 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Zərərçəkən ev əmlakına görə sığorta müqaviləsi bağlamadığından o, ev əmlakına dəyən ziyanın aradan qaldırılması üçün sığortadan yararlana bilməyib. Mirvəli Seyidov bundan sonra sığortanın bütün xidmətlərindən yararlanacağını bildirib və ödənilən məbləğin evinin bərpasına böyük təsiri olacağını deyib.
Dövlət Baş Sığorta Agentliyindən qəzetimizə verilən məlumatda o da bildirilib ki, 7-10 iyun tarixlərində muxtar respublikamızın müxtəlif bölgələrində baş verən güclü külək, yağış, sel və dolu nəticəsində vətəndaşlara dəyən zərərə görə bu ay ərzində sığorta ödənişi həyata keçirilib. Ödənişlərin coğrafiyası Kəngərli, Babək, Culfa və Ordubad rayonlarını əhatə edib. Belə ki, Kəngərli rayonundan Əvəz Əliyev, Əntiqə Atayeva, Babək rayonundan Məftun Quliyev, Sərdar Canbaxışov, Culfadan Kamran Yunisov, Şahin Məmmədov, Abbas Əliyev, Ordubaddan Teymur Məmmədov, Elmdar Əliyev, Sahibə Məmmədova icbari sığortanın onlar üçün yaratdığı imkanlardan yararlanıblar. Ümumilikdə, yuxarıda adıçəkilən rayonlar üzrə 20 nəfərə sığorta ödənilib.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binaların və mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv element­lərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək element­lərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR