Onları düzgün istiqamətə yönəltməliyik
Nə qədər qəribə olsa da, hər gün rastlaşdığımız onlarla belə “mədəniyyət” nümunələrinə qarşı biganəliyimiz bu “mədəniyyətin” formalaşmasına gətirib çıxarır. Əslində, “küçə incəsənəti” dediyimiz ənənələri bir tərəfdən gənclərin özünüifadə etmək imkanı kimi dəyərləndirsək də, digər tərəfdən bu, gənclərin düzgün yönəldilməməsinin nəticəsidir. O gənclər ki, onlar artıq ağ köynək və qalstuk “çərçivə”sində, standart alqışlar altında deyil, səmimi bir mühitdə özlərini ifadə etmək istəyirlər. Onlar üçün hər təqdim ediləni mütləq qəbul etmək kimi məcburiyyət yoxdur. Və bir də təəssüf ki, mədəniyyət və gənclik sektoruna cavabdeh olanların heç biri bir axşam sərinliyində standart kabinetindən çıxıb bu gənclərlə ünsiyyətdə olmaq istəmir; əllərində gitara şəhərin müxtəlif parklarında oturub çalıb-oxuyan, əylənən bu gəncliyin, məhəllələrin arasındakı köhnə qarajların və yeni qazanxanaların divarlarına çəkilən şəkillərin, yazılan yazıların fərqinə varmaq istəmir. Onlar üçün standart maaş, standart iş vaxtı və az qala illər ötdükcə mahiyyəti heç dəyişməyən standart tədbirlər var. Qəbul etsək də, etməsək də, gözümüzün qarşısında formalaşmaqda olan bu “küçə incəsənəti” həm də bu standart cavabdehlərə bir etirazdır. Festivalın da, treninq-seminarların da, yay məktəblərinin də, musiqi yarışlarının da, ədəbi gecələrin də iclas formasında keçirilməsi bu gəncliyi cəlb etmir.
Əslində, kimsəni tənqid etmək fikrində deyiləm. Sadəcə, bu yazımda onlarla olan ünsiyyətimin necə alındığını təsvir etmək istəyirəm. Təbii ki, “qalstuksuz-filansız”. Tam səmimi. Yazımızın davamında qeyd etdiyimiz adlar dəyişdirilib. Bunu onlara söhbətimiz üçün verdiyim söz müqabilində etməyə məcburam.
Həmişə işə gecikəndə binaların arasındakı kəsə yollarla hərəkət edirəm. Hər dəfə bu qarajların arasından keçərkən xüsusi rənglərlə divarlara yazılmış bəzəkli yazılar məni cəlb edir. Düşünürəm ki, bəzən standart yazılan plakatları da bu cür yazılarla yazsalar, gözəl olardı. Bunu yazan uşaqlar bu işə cəlb olunsalar, həm onlar daha divarları yazmaq məcburiyyətində qalmazdılar, həm hansısa tədbirlər üçün yazıların yazılması daha ucuz qiymət və vəsait hesabına başa gələrdi, həm də divarların və binaların yazılmaması üçün inzibati tədbirlərə ehtiyac qalmazdı.
Axşamçağı yenə bu məkanlardan birindən keçərkən orda oturan bir neçə nəfərə yaxınlaşıram. Əvvəlcə bu yazıları kim yazıb soruşanda hiss edirəm ki, bir az çəkinirlər. Sonradan məqsədimi izah etdikdən və əvvəllər özümün də bu işlə məşğul olmağım barədə “uydurma”dan sonra nəhayət ki, onlar mənə öz əl işləri haqqında nəsə deməyə razılaşırlar. Şərtimiz isə belə olur ki, mən onların heç birinin adını öyrənməyəcəyəm. Şərti adı Ramiq olan oğlan deyir ki, onun üçün bu bir hobbidir. Bu yazıları yazmaq üçün xüsusi dərs də almayıb. Deyir ki, onları öyrənmək üçün dərs almaq lazım deyil. “Bu yazıları yazmaq, rəsmləri çəkmək üçün rəngi haradan tapırsan?” sualına gülümsəyərək, “buna xüsusi nəsə lazım deyil”, – deyə cavab verir. “Bəs niyə divarları rəsm lövhəsinə çevirirsən?” sualına isə cavab həmən saniyə gəlir: “Başqa harda yazmaq və ya çəkmək olar ki?” Maraqlı və düşündürücü sualdır. Görəsən, doğrudan da, bunu başqa harda etmək olar ki?
Növbəti gün dostlarımdan biri ilə danışıb “küçə musiqiçiləri” ilə məni görüşdürməsini istəyirəm. Onlarla Cəmşid Naxçıvanskinın ev-muzeyinin yanındakı bağda görüşürük. Əllərində gitaraları özləri üçün müxtəlif mahnılar ifa edir, hətta öz aralarında bəzən “kiçik festivallar” da təşkil edirlər. Burda nəsə xüsusi bir “fəxri fərman və qiymətli hədiyyə” almasalar da, bir-biri ilə yarışmaq, kim daha yaxşı ifa etdi ifadəsini dostlarının dilindən eşitmək onlara stimul verir. Bəziləri musiqi məktəbləri, incəsənətlə bağlı ixtisaslarda təhsil alsalar da, digərləri üçün bu, sadəcə, hobbidir.
Bilmirəm, “flaş-mob”u da küçə incəsənətinə aid etmək olar, ya yox, amma hər halda özləri ilə görüşə bilmədiyim, amma sosial şəbəkələr vasitəsilə fəaliyyətlərindən xəbərdar olduğum “flaş-mob”çular bunu mədəni istirahətin təşviqi üçün istifadə ediblər. “Flaş-mob” bir qrup gəncin hansısa mövzuya diqqət çəkməsi üçün əvvəlcədən planlaşdırılmış şəkildə hər hansı bir hərəkəti yerinə yetirməsidir. Keçənlərdə bir yerə toplaşan gənclər cəmiyyətdə kitab oxunmasına diqqət çəkmək üçün bunu ediblər. Müxtəlif istiqamətlərdən gələn “flaş-mob” iştirakçıları şəhərin mərkəzi hissələrindən birində qəflətən dayanıblar və hər kəs elə durduğu yerdə çantasından müxtəlif kitabları çıxararaq oxumağa başlayıb. 10 dəqiqə ərzində oxunan qısa məzmunla “flaş-mob” iştirakçıları ətrafa “oxumaq lazımdır” ismarışını veriblər. Həm özləri oxuyublar, həm əyləniblər, həm də bir anlıq da olsa, diqqəti bu vacib məsələyə yönəldiblər. “Bizdə kitab oxuyanlar əhalinin cəmi 3 faizini təşkil edir” kimi statistikanı sadalamadan. Daha sadə “dil”lə, daha dəqiq desək, əməllə.
Bu, onların istəyi, tərzidir. Bu, onların özlərini ifadə etmək cəhdidir. Bəlkə, əl çalaq? Yox. Onların buna ehtiyacı yoxdur. Bəlkə, tapıb “bunu etmək olmaz” deyək? Deyəkmi? Deyəcəyiksə, o zaman “bəs nə edək?” sualının cavabını və yerini bildikdən sonra edək. Çünki bu suala cavab verməsək, onlar özlərini yenə gözdən-könüldən kənar yerlərdə ifadə edəcəklər. Sadəcə, növbəti dəfə müxbirlərlə belə söhbətdən çəkinərək. Çünki onları heç kəs yox, sadəcə və sadəcə, daxili enerjiləri bu işi görməyə yönəldir. Bəlkə, onların daxili enerjisini düzgün istiqamətə yönəldək?
Elnur KƏLBİZADƏ