Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində muxtar respublikada inşaat sahəsində fəaliyyət göstərən müəssisələrin nümayəndələrinin iştirakı ilə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı seminarlara başlanılıb.
Bu qəbildən olan ilk tədbirə tikinti sektorunda əməyin mühafizəsi üzrə 17 əməkdaş cəlb edilib. Seminarda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən müəssisədə əmək qanunvericiliyinin və əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, əməyin mühafizəsi xidmətinin təşkili, fərdi və kollektiv mühafizə vasitələrindən düzgün istifadə olunması qaydaları, baş verən bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından işçilərin icbari sığortası haqda iştirakçılara məlumat verilib.
Seminarda qeyd edilib ki, tikinti sektoru istehsal sahələri arasında ən riskli sahələrdən sayılır. Buna səbəb isə tikinti işlərinin xarakteri və xüsusiyyətləri, yüksəklikdə aparılan işlər, həmçinin çox sayda zərərli və təhlükəli istehsalat faktorlarının olmasıdır ki, bu həm işəgötürənlər, həm də işçilər tərəfindən əməyin mühafizəsi məsələlərinə yüksək diqqət yetirilməsini tələb edir. Əməyin mühafizəsi normalarının istənilən pozuntusu ağır xəsarətlərə səbəb olur, istehsalata xeyli maddi ziyan vurur.
Əməyin təhlükəsizliyi sahəsindəki aktual problemlərdən bəhs edilən seminarda tikinti sektorunda çalışan şirkət təmsilçilərinin maarifləndirilməsi, əməyin mühafizəsi, əmək şəraitinin yaradılması zəruriliyi ilə əlaqədar biliklərinin artırılması sahəsində bu tədbirin böyük əhəmiyyət daşıdığı bildirilib, muxtar respublikada əməyin təhlükəsizliyi məsələlərinə xüsusi önəm verildiyi vurğulanıb.
Bir həftə davam edəcək seminarlarda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən də əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl edilməsinə görə məsuliyyət, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi və sair mövzular tədris olunacaq. Yekunda seminar iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.
Səbuhi HÜSEYNOV