Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində əhaliyə sərnişindaşıma xidməti göstərən sürücülərin iştirakı ilə keçirilən növbəti seminar-müşavirədə qış aylarında avtobusların saz vəziyyətdə xəttə buraxılmasının təminatı, yol hərəkəti qaydalarına əməl edilməsi, nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi məsələləri müzakirə edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Ayaz İsmayılov və Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin rəisi İlkin Məmmədov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, qış mövsümündə avtomobil nəqliyyatı sahəsində xidmətin intensivliyinin təmin olunması, yaranmış çətinliklərin aradan qaldırılması üçün ötən müddət ərzində mütəmadi olaraq tədbirlər həyata keçirilib, ucqar dağ və sərhəd kəndlərinə işləyən avtobusların sürücülərinə lazımi köməklik göstərilib. Eyni zamanda şəhərdaxili nəqliyyatda sürücülərin yol hərəkəti qaydalarına əməl etmələri, ayıq-sayıq fəaliyyət göstərmələri və avtomobilləri təmiz saxlamaları üçün müntəzəm olaraq yoxlamalar həyata keçirilib, yaranmış problemlər aradan qaldırılıb.
Qeyd olunub ki, qışın soyuq, qarlı-şaxtalı günlərində sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz şəkildə çatdırılmalarını təmin etmək üçün avtobusların qızdırıcı sistemlərinin yoxlanılması, təkərlərin mövsümə uyğun dəyişdirilməsi, ehtiyat üçün zəncirlərin götürülməsi diqqətdə saxlanılıb, bu məqsədlə müvafiq tapşırıqlar verilib, sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Vurğulanıb ki, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində marşrut avtobusların, mikroavtobusların və taksilərin mövsüm dəyişikliyi səbəbi ilə fəaliyyəti zamanı yarana biləcək problemlərin vaxtında həll edilməsi üçün mexanik və çilingərlərdən ibarət təmir briqadası yaradılıb, idarənin təmir sexləri mal-materialla təmin olunaraq hazır vəziyyətə gətirilib.
Nail ƏSGƏROV