22 Dekabr 2024, Bazar

Hər bir insanın yaşadığı evdə, yol getdiyi avtomobildə, keçdiyi küçədə elə gözlənilməz hadisələr baş verə bilər ki, onları əvvəlcədən demək çox çətindir. Belə təsadüfi riskli hadisələr hər yerdə gözlənilir və onlara inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə rast gəlinə bilər. Gözlənilməz hadisələrin qarşısını almaq üçün nə qədər qabaqlayıcı tədbirlər görülsə də, bu sahədə texnoloji yeniliklərdən və maarifləndirmədən istifadə olunsa da, onlardan hər zaman yayınmaq praktik olaraq mümkün deyil. Bu da gözlənilməz hadisələrdən dəyən zərərlərin sığorta yolu ilə əvəz olunmasının əhəmiyyətini artırır.

Bu baxımdan insan həyatına sıx daxil olmuş avtomobil nəqliyyat vasitələrindən istifadə zamanı da baş verən qəfil hadisələr həm avtomobilin özünə, həm də hadisənin digər iştirakçısının həyatına, sağlamlığına, mal və əmlakına zərərlər vura bilir. Bu da, öz növbəsində, avtomobillərdən istifadə ilə əlaqədar həm mülki məsuliyyət, həm də avtomobillərin tam sığortasının əhəmiyyətini artırır. Belə ki, avtomobil nəqliyyat vasitələrindən istifadə zamanı sığorta olunmaq bəzən qaçınılmaz bədbəxt hadisələrin vurduğu maddi zərərlərin əvəz edilməsində avtomobil nəqliyyatı sahibinin köməyinə gəlir. ­

Ölkəmizdə mövcud olan qanuna əsasən belə bədbəxt hadisələr zamanı üçüncü şəxslərə dəyə biləcək zərərləri ödəmək üçün icbari, zərərvuran avtonəqliyyat vasitəsinin sahibinin özünə dəymiş maddi zərəri ödəmək üçün isə avtonəqliyyat vasitəsinin tam sığorta müqaviləsi, başqa sözlə, kasko sığortası müqaviləsi bağlanılır. Avtomobilin hərəkəti zamanı başqasının avtomobilinə və həyatına vura biləcəyi zərərlə əlaqədar avtomobil sahibinin çıxılmaz vəziyyətə düşə biləcəyini nəzərə alaraq mülki məsuliyyətin sığortası hər kəs üçün icbari qaydada tətbiq olunur. Sığorta hadisəsi baş verdiyi zaman zərərvuran avtomobil sahibinin öz nəqliyyat vasitəsinə dəymiş zərər isə bu hadisəyə qədər avtonəqliyyatı tam sığorta müqaviləsi olduğu halda ödənilir. Ona görə də avtonəqliyyat vasitələri sahibləri təkcə mülki məsuliyyətlərini deyil, həm də avtomobillərini də sığortalamalıdırlar. Çünki mülki məsuliyyətin sığortası ola biləcək qəza halında digər şəxslərin həyatına, sağlamlığına, mal və əmlaka vurduğu zərərlərin onun özü tərəfindən deyil, sığorta agentliyi tərəfindən ödənilməsini təmin edirsə, tam sığorta və ya başqa adı ilə kasko sığortası isə avtomobil sahibinin sərxoşluğu və hadisənin qəsdən törədildiyi hallar istisna olmaqla ola biləcək bütün zərərlər, hətta təbiət hadisələri və təsadüflər nəticəsində həmin avtomobilin sahibinə dəymiş zərərlərə təminat verir.
Qeyd etdiyimiz kimi, avtomobil nəqliyyat vasitələrinin istismarı ilə bağlı yarana bilən müxtəlif qəzalı vəziyyətlər zamanı avtomobil sahiblərinin daşıdığı mülki məsuliyyət yaranan arzuedilməz qəza hallarında qarşı tərəfə vurulmuş zərərin ödənilməsi ilə əlaqələnir. Bu məsuliyyətin ötürülməsi, yəni dəymiş zərərin əvəzinin ödənilməsinin şəxsin özü tərəfindən deyil, sığortaçı tərəfindən ödənilməsi isə bu sığorta növünün əsas məqsədidir. Belə ki, avtomobillərdən istifadə zamanı risk dərəcəsi yüksək olan hadisələr baş verdikdə həm avtomobilin özünə, həm də onun iştirakçısı olduğu hadisənin digər tərəfinə – ­üçüncü şəxslərin həyatına, onun sağlamlığına, mal və əmlakına zərərlər dəyə bilər. Bu zaman avtomobil sahibləri vura biləcəkləri zərərlə əlaqədar çıxılmaz vəziyyətə düşə bilərlər. Bu, avtomobil sahibini gözləyən ən mühüm riskli haldır. Məhz bu riskin səviyyəsini nəzərə alaraq avtomobil sahibi olan hər bir şəxsin mülki məsuliyyətinin sığortası icbari qaydada tətbiq olunur.
Avtonəqliyyat vasitəsinin tam sığortası üzrə qəza halları baş verdikdə sığortaolunanın müraciəti əsasında qəza nəticəsində dəymiş zərərin tam məbləğdə, yəni müqavilə bağlanarkən müəyyənləşdirilmiş sığorta məbləği həddində ödənilir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR