23 Dekabr 2024, Bazar ertəsi

İndiyədək qəzetimizin müxtəlif saylarında bu və ya digər sadə peşə sahibləri haqqında bir sıra yazılar dərc olunub. Bu yazıda isə indiyədək tanıdığımız, bildiyimiz peşələrin ən qədimindən bəhs edəcəyik. Söhbət insanoğlunun ilk əmək fəaliyyəti sahələrindən olan çoban peşəsindən gedir.
Mənbələrə görə, bu peşə əkinçi­lik və heyvandarlığın inkişafı ilə bağlı yaranıb. Məlumatı olmayanlar bu peşəni asan, sadə, hətta bəziləri işi-gücü olmayanların məşğuliyyəti kimi qəbul edə bilərlər. Ancaq hər peşənin bir yaranma zərurəti və incəlikləri var. Çobanlığın da həmçinin. Bu yaxınlarda Qazma mağa­rasına yolçuluqda mənə bələdçilik edən çoban yoldaşımla etdiyimiz söhbətlərin sonunda gəldiyim qənaət də bunu təsdiq etdi ki, çobanlıq hər kəsin bacaracağı iş deyil. Çünki digər sahələr kimi, bu peşənin də özünəməxsus xüsusiyyətləri və qaydaları var. Elə biz də bu xüsusiyyətləri işin peşəkarından öyrənməyə çalışdıq. Həmsöhbətimi oxuculara belə təqdim etməyimə onunla etdiyim söhbətdən sonra qərar vermişdim və bu qərarımda da yanılmadığımı düşünürəm. Çünki peşəkarlıq yaşla ölçülmür, peşəyə bağlılıqdan, bu yolda yaşanıb keçilmiş çətinliklərdən və qazanılmış təcrübələrdən əldə edilir. Və beləliklə, ötən yazımızda da söz verdiyimiz kimi, söhbətimizi Kəngərli rayonunun Qarabağlar kəndindən olan Dadaş Dünyamalıyevlə çobanlar oylağı Şəmdində, necə deyərlər, iş başında davam etdiririk...

...Axşamdır. Havanın qaralmasından 3 saata yaxın vaxt keçib. Artıq 600 başdan çox olan sürü – çobanlar buna “ağır sürü” deyirlər – arxaca salınıb. Bu böyük əmanətin vəfalı keşikçiləri olan çoban itləri isə ətrafı gözətləyir. İlin bu fəslində Şəmdinin soyuq havasından qorunmaq üçün çatdığımız ocağın başında kəklikotulu çay içə-içə etdiyimiz söhbət indi mənim üçün bir nağıl kimi görünsə də, çoban Dadaşın danışdıqları real həyatda qazandığı təcrübəyə əsaslanırdı. Bu peşə haqqında söhbətə başlamağımız ondan qaynaqlanırdı ki, ötən yazıda da vurğuladığımız kimi, biz Qarabağlardan Şəmdinə atla getmişdik. Yolboyu bələdçi yoldaşımın təbiətlə, daim əhatəsində olduğu heyvanlarla, qarşılaşdığı maraqlı hadisələrlə bağlı etdiyi söhbətlər məni istər-istəməz bu “peyğəmbər sənəti” haqqında daha çox məlumat almağa sövq edirdi. O söhbət etdikcə bir daha anlayırdım ki, istənilən peşənin sahibi olmaq üçün həmin peşəni sevmək azdır, o sahənin vurğunu olmalısan.
... Biz orada qalmışdıq ki, obaya çatanda bu yazımızın əsas qəhrəmanı olan çoban yoldaşımız mindiyimiz hər iki atın yəhərini açmağa başladı. Və bu işi görərkən də mənə danışırdı ki, havanın soyuq olmasına baxmayaraq, atlar uzaq yol gedəndə tərləyirlər, buna görə də, əslində, yəhəri açmaq düzgün sayılmır, çünki yəhərin alt hissəsi keçə parça olduğundan heyvana tez soyuq dəyə bilər. Ancaq at yorularkən, bəzən yerə uzanıb bədənini sağa-sola hərəkət etdirir. Bu zaman isə yəhərin qırılma ehtimalı çoxdur. Ona görə də yəhəri çıxaran kimi atın üzərinə əvvəlcədən hazır­ladığı bükülmüş adyalları sərir. Sonra isə onları bir kənara çəkib bağladığı iplərin mıxını yerə vuraraq yenidən yanımıza gəlir.
Burada bir haşiyə çıxaraq bildirim ki, biz Qazmaya gedən günün axşamı, gec saatlarda olsa belə, çoban Dadaşın sürünün yanında qalan yoldaşı ilə geriyə qayıtmağı düşünürdük. Hətta bu haqda onun özünə də – bir halda ki, atımız və fənərimiz var, demək ki, qayıda bilərik, – demişdim. O isə cavabında bildirmişdi ki, qayıtmaq üçün bir şey çatışmır. Nə? – deyə soruşduğumda: ay işığı, – deyə cavab vermişdi. Necə yəni ay işığı? Dedim axı üstümüzdə fənərimiz var. O zaman çoban dostum mənə anlatmışdı ki, ay işığı olmadan bu yollarda atla getmək mümkün deyil. Çünki belə qaranlıq havada düzəngah yerdən fərqli olaraq ya atlar getməyəcək, ya da ətrafdakı kol-kosdan ehtiyat edib ürkərək səni yıxacaq. Bəs nə edək, bəlkə, heç bu gecə ay görünmədi, onda necə olacaq? – sualıma həm­söhbətim belə cavab vermişdi: – Ay mütləq çıxacaq, çən, çiskin olsa belə, çıxacaq, ancaq bu, gecə saatlarında baş verəcək, havanın da dəyişkən olduğunu nəzərə alsaq, təxminən, saat 2-3 arası. Doğrusu, bu vaxtadək heç zaman ayın gecənin hansı saatlarında səmanı işıqlandırdığının fərqində olmamışdım. Yəni bunun üçün bir zərurət də yaranmamışdı. Ancaq onun qətiyyətlə dediyi bu sözlərini gecənin bir vaxtı – təxminən, 4-ün yarısı itlərin hürüşməsindən ayıldığımız zaman özlüyümdə bir daha təsdiq etdim.
Bələdçi yoldaşım ardınca onu da bildirir ki, bayaqdan bura çən-duman idi. İndi yoxdur. Çünki bura yüksəklikdir, çən-duman isə hər zaman aşağıya doğru hərəkət edir. Dəfələrlə şahidi olmuşam ki, payız fəslində çox zaman Şəmdində, Susuzda hava çox aydın olur, hətta bəzən gündüz vaxtları Günəşin şüaları ətrafa yayılır, 3-4 kilometr yaxınlıqda yerləşən Tənənəm kəndində isə günün böyük bir hissəsində çən əlindən göz-gözü görmür. İndi Qazma dərəsində də çəndir. Ancaq səhər açılandan sonra çəkiləcək. Niyə məhz səhər açılanda? – deyə təəccüblə yanan ocağın alovundan sifəti işıqlanan müsahibimin üzünə baxıram. Havanın isti və yaxud soyuq olmasından asılı olmayaraq, hər gün səhər saat 5-6 arası sübh yeli əsir. Bu yel dağların, çöl-­düzəndə bitən ot-alafın qoxusunu, təbiətin gümrahlığını özü ilə gətirir. Həmin vaxt sürüdəki heyvanların hamısı burunlarını həmin yelə tərəf tuturlar. Dan yeri ağaranda isə o yel də yox olub gedir. Buna görə də el arasında hər zaman deyirlər ki, hava səhərə yaxın soyuq olur. Məhz elə həmin yelin sayəsində ətrafdakı sis-duman da çəkilib yox olur. Sübh yeli zəif olduqda isə çən nisbətən gec çəkilir.
Çoban Dadaşdan ilin bu fəslində niyə sürünü kəndə aparmadığını soruşuram. Deyir ki, bu il Şəmdində ot boldur. Qar yağmasa, dekabrın sonunadək sürünü burada yaxşıca bəsləyə bilər. Bəs təkbaşına, qoyun-quzu ilə ilin bu vədəsində çöldə qalmağın çətinliyi səni qorxutmur? – deyə növbəti sualımı verirəm. Bildirir ki, bu çətinliklərdən qorxsaydım, burada olmazdım ki. Çoban var ki, işi bir az çətinə düşən kimi başlayır gileylənməyə. Mən isə bu peşəni, sözün həqiqi mənasında sevirəm. İndiyədək başqa bir sahədə işləməyi ağlımın ucundan da keçirməmişəm. Məsələn, bənnalıq mənlik deyil, sürücülükdən ehtiyat edirəm, əkinçilik isə mənə yorucu gəlir. Həftədə bir dəfə kəndə gedirəm, sonra yenidən bura qayıdıram. Bəlkə də, çoxları inanmaz, amma, həqiqətən, bu dağ-daş üçün darıxıram. Bax gün ərzində, bəlkə də, 10, 15 kilometr, bəzən daha çox yol qət edirəm, ancaq yorulmuram, enerjim tükənmir. Yəqin ki, bunda vərdişetmənin də təsiri var. Gün ərzində 3 saatdan artıq yata bilmirəm, elə öyrəşmişəm. Ancaq yuxusuzluqdan da şikayətim yoxdur. Bəzən elə olur ki, o 3 saatlıq yuxunu da yata bilmirəm. Bir səs olan kimi tez ayılıram, yəni çox ayıq yatıram.
Yəqin canavarlardan ehtiyat edirsən? – deyə soruşuram. Hə, elədir, bu il canavar daha çoxdur. Ancaq, şükürlər olsun, bu dostlarım (əli ilə sürünün ətrafında üç iti göstərir) canavarların qənimidir. Ocaqdakı odun alovu sönməsin deyə, növbəti odunu alovun üstünə qoyan həmsöhbətim deyir ki, canavar hər zaman sürüyə arxadan hücum edir. Çünki qurd ön tərəfdən fərqli olaraq, arxadan tutduğu heyvanı daha asanlıqla qaçıra bilir. Canavar hər zaman sürüyə hücum etməzdən əvvəl onu diqqətlə izləyir, çobanın, itlərin hansı məsafədə olduğunu, necə deyərlər, götür-qoy edir, sürüyə heç bir zaman da təkbaşına hücum etmir. Yalnız yalquzaq canavarlar təkbaşına sürüyə girişə bilir. Bilirsiniz də, bu heyvanların yaradılışdan elə bir xüsusiyyəti var ki, heç zaman öz aralarında yaşlı, xəstə birisi olduğunu qəbul etmirlər, çox zaman özləri onu parçalayıb məhv edirlər. O zaman belə qurdlar sürüdən ayrılıb təkbaşına yaşamağa məcbur olurlar. Buna görə də yalquzaqların nə vaxt, hansı səmtdən sürüyə hücum edəcəyi bəlli olmaz.
Bəs canavarlar atlara necə, hücum edə bilirlər? – deyə soruşuram. Həmsöhbətim bildirir ki, tək canavar heç vaxt ata yaxın düşə bilmir, hər halda ehtiyat edir ondan. Ancaq sayları bir neçə olduqda nə isə zərər verə bilər. Hə, bir də onu deyim ki, at bağlı olduğu zaman da canavar ona yaxın düşə bilmir. Çünki o, arxa ayaqları ilə özünü qorumağı bacarır və atların ayaq zərbələri çox güclü olur. Buna görə də canavarlar belə vəziyyətdə ata yaxınlaşmağa ehtiyat edirlər. Çoban Dadaş onu da deyir ki, çox zaman canavarlar sürüyə girişmək üçün hiyləgər taktika da seçirlər. Məsələn, onlardan bir neçəsi çoban itləri ilə mübarizə apararkən digərləri sürünün bir hissəsinin səmtini dəyişirlər, yəni sürü iki hissəyə bölünür və belə vəziyyətdən istifadə edib onlara hücum edirlər. Ona görə də çoban gərək belə vəziyyətlərdə özünü soyuqqanlı aparsın, təşvişə düşməsin. Baxın, sizə bir şey də deyim, bütün heyvanların hissetmə qabiliyyəti insanların hissiyyatından daha güclüdür. Məsələn, heyvanlar yaxınlaşan təhlükəni insanlardan daha tez duya bilirlər. Uca Yaradan heyvanlara təfəkkür yerinə güclü hissetmə qabiliyyəti verib. Məsələn, indi gecənin bu qaranlığında sürüdən 100-150 metr aralıda olan bir təhlükəni biz görə və ya hiss edə bilmirik. Ancaq at və ya it olsun, bunu bizdən tez duyur və görür. Ona görə də biz çobanlar bəzən gecə yatan zaman belə bir üsuldan istifadə edirik. Sürüdən hər hansı bir heyvanın boynuna bağladığımız 3-4 metr uzunluğunda ipi dirsəkdən aşağı öz qolumuza dolayırıq. Əgər təhlükə olarsa, həmin heyvan hərəkət edib digərləri ilə birlikdə qaçmağa cəhd edəcək. O zaman ip tərpənəcək və çobanı oyadacaq. Həmin ipi heyvanın boynuna ağacdan “X” şəklində düzəldilmiş fiqurla birlikdə bağlayırıq ki, dartıldığı zaman onu boğmasın.
...Çobanla söhbətimiz xeyli çəkir. Bu peşənin çətinliklərindən, məsuliyyətindən uzun-uzadı danışırıq, heyvan xəstələndikdə, yaralandıqda və ya döl mövsümündə çobanın ilk yardım kimi təcrübəsindən tutmuş, süd sağımı, qırxım, kəsim və digər bacarıqları mənimsəməsinə kimi müxtəlif mövzulardan da bəhs edirik. Mənim üçün maraqlı məqama da toxunuruq. Haşiyə çıxaraq deyim ki, ustad Mirzə Cəlilin “Anamın kitabı” əsərini dəfələrlə oxumuşam. Bu əsərdəki Gülbaharın və çobanların söhbətini xatırlayırsınızmı?
Düşünürəm ki, böyük bir sürüdəki heyvanların adlarını yadda saxlamaq, onları tanımaq, bəlkə də, ən böyük qabiliyyət sayıla ­bilər...
Fikrimdən keçənləri Dadaşa deyirəm. Gülür və cavab verir:
– Bu da əsl çobanlara verilən bir bacarıqdır. Elə çoban var ki, sürüdəki 10-15 heyvana ad verib. Eləsi də var ki, siz dediyiniz çoban kimi. Burada təəccüblü bir şey görmürəm. Çünki çoban bütün günü ona əmanət olunmuş heyvanların yanındadır. Uzaqdan barmağınla göstərdiyin heyvanı ona qoyduğu adla çağıra bilər.
Dadaşdan heyvanlara verdikləri adların bir məna kəsb etdiyini soruşmaq istəsəm də, buna ehtiyac qalmır. Bunu da izah edir: Kərəqulaq, Ağzıqara, Ala-bula, Çərdəymiş...
Müsahibim bir daha bildirir ki, çobanlıq çox məsuliyyətli peşədir. Təsəvvür elə, sənə el malını əmanət edirlər və bu əmanət, hər şeydən əvvəl, canlıdır, onları qorumaq sənin peşə borcundur. Bəlkə də, başqa bir peşədə səhvlik etsən, bir az zəhmətdən sonra bu səhvini düzəldə bilərsən. Ancaq bizim peşədə bu, mümkünsüzdür. Bu mənada, çobanlıq həm də müqqədəs peşədir.
Yer üzünə gəlmiş peyğəmbərlərin bir çoxu da məhz çobanlıq etməklə ailəsinin dolanışığını təmin edib. Məsələn, Həzrəti Saleh dəvə otarmaqla, onların südünü satmaqla dolanıb. Həzrəti İshaq və Həzrəti Yaqub ömürləri boyunca çobanlıq ediblər. Həzrəti Musa da çobanlıq edərək Həzrəti Şueyb Peyğəmbərin qoyunlarını otarıb. Həzrəti İsa ovçuluq etsə də, bəzi mənbələrdə onun da çobanlıq etdiyi qeyd olunur. Nəhayət, Yer üzünün sonuncu Peyğəmbəri ­Məhəmməd (s.ə.s.) də kiçik yaşlarından çobanlıq edib, sonradan ticarətlə məşğul olub. Bu baxımdan çobanlıq, həm də “peyğəmbər sənəti” sayılır. Biz isə bu yazıda bu müqəddəs sənət haqqında söhbətimizdən kiçik bir hissəni qələmə almağa çalışdıq.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR