Fəsillərin hamısı gözəldir... Amma nahaq yerə qızılı payız da deməyiblər. Ömrümüzə yazılmış günləri bir, iki, üç saydıq və bir də baxdıq ki, Salvartının ətəklərindən əsən xəfif mehin vaxtilə şirə çəkdiyi torpağa bir-bir səpələdiyi xəzəl nazlı gözəlin gur sarı saçları kimi hər tərəfi bürüdü. Gəl, bu payızdı, – deyib keçmə! Sən üst-üstə dəstələnib yaxınlaşan qışın ağ örpəyinə yataq kimi yayılacaq o kövrək yarpaqların bir pıçıltıdan diksinib xışıltı ilə bir-birini qovalamasına bax! Yazda kükrəyib, yayda qaynayıb coşan təbiətin nəhayət, yorularaq bir nağılın sehrində asta-asta mürgüləyib mışıldamasıdır sanki bu xışıltı... İlıq payız Günəşi parlasa da, orda, o qızılı rəngli yarpaqların altında kimsə öz yuvasına sığınıb, qışın yaxınlaşan addım səsindən üşüyürmüş kimi növbəti yaza qədər həzin mürgüyə dalacaq.
Bax bu, əsl payızdı... Bütün ömrü boyu çalışaraq, zəhmətlə bar-bəhər yetirmiş, qırışıq əllərində həmin illərin qabar izləri hələ də qalmış səksən yaşlı babanın səbri qədər qızıldır bu payız... Ömrün axar-baxarlı yaz günləri arxada qalsa da, indi sirdaşı olmuş uzun payız gecələrində təbiət aradabir səksənib, həzin səsiynən, bax o dağlara, qışı gətirirəm, – deyir bu dəfə. Günəşli keçən qısa günlərdə tələsə-qova qış tədarükü görənlər tələssə də, o tələsmir, çünki ağaclardan qopmamış hələ neçə yarpaq var. Bir soyuq qış küləyi sonuncu yarpağı qoparana qədər gözləyib, daha bir gün möhlət istəyəcək. Bircə gün! Bu da ömrün qızıl payızıdır. Təki qəfil şaxta düşməsin!
Əli CABBAROV