Ötən illərin təcrübəsi göstərir ki, bəzi sakinlər hələ də təbii qazdan, ümumiyyətlə, qaz cihazlarından istifadə edərkən təhlükəsizlik qaydalarına tam əməl etmirlər. Onlar standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən qaz sobalarından və suqızdırıcılardan istifadə edir, qaz xətlərinin özbaşına çəkilməsi və qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılmasını tələblər çərçivəsində həyata keçirmirlər. Nəticədə, bədbəxt hadisələr baş verir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha nəzərə çatdırır, aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunmasını vacib hesab edir:
– Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz hallardan qorunmaq üçün mülkiyyət formasından asılı olmayaraq, hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara, xüsusən də yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi zəruridir. Həmin cihazların xətlərində özbaşına dəyişiklik etmək, təhlükəsizlik qurğusunu çıxarmaq, rezin şlanqla qaz xəttinin çəkilişinə yol vermək olmaz. Onların quraşdırılması, yerinin dəyişdirilməsi və qaz xətlərinin çəkilişi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir.
– Qaz kəmərlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək qəti qadağandır. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir.
– Vanna otağında qazla işləyən suqızdırıcı cihaz quraşdırmaq olmaz. Hamam otağına hava daxil olması üçün qapının aşağısında deşiklər olmalı, nəfəslik açıq saxlanılmalı, ventilyasiya kanalı daim işlək vəziyyətdə olmalıdır.
– Yaşayış evləri və mənzillərdə qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, sobaların həddindən artıq qızmasına yol vermək, onların istifadəsini azyaşlı uşaqlara etibar edib evdən çıxmaq olmaz. Mənzili tərk edərkən qaz cihazlarını söndürməli, qaz borularının ventilləri bağlanılmalıdır.
– Mətbəxdə qaz pilətəsi və suqızdırıcı quraşdırılarkən otağın həcmi nəzərə alınmalıdır. Belə ki, qaz cihazları quraşdırılan mətbəx otağının hündürlüyü 2,2 metrdən az olmamalı, pəncərə açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir. Yaşayış evlərində qaz cihazlarından yanma məhsullarının xaric olunmasına diqqət yetirilməlidir, qaz cihazlarının tüstü boruları digər məişət cihazlarının borularına qoşulmamalıdır.
– Qaz cihazlarının istismarı zamanı əhalinin üzləşdiyi xoşagəlməz hadisələrdən biri də dəm qazı ilə zəhərlənmədir. Dəm qazı ilə zəhərlənmə daha çox hava təchizatı pis olan otaq və qarajlarda, habelə standartlara uyğun olmayan və kustar üsulla hazırlanan qaz sobaları və suqızdırıcıları istismarı zamanı, həmçinin tüstü bacaları və borularının işlək vəziyyətdə olmamasından baş verir. Qaz sobaları və suqızdırıcılardan tüstünün xaric edilməsi üçün standartdan kənar və tez qatlanan borulardan istifadə etmək olmaz. Bunun üçün yalnız düzaxımlı metal borulardan istifadə olunmalı və eyni zamanda tüstü boruları binaların dam örtüyündən 70 santimetr hündürlükdə quraşdırılmalıdır. Dəm qazının yaranmaması üçün otaqlar tez-tez havalandırılmalı, tüstü boruları küləyin istiqaməti nəzərə alınmaqla quraşdırılmalı, çıxışı tutulmamalıdır. Həmin borular və bacalar hər 2 aydan bir təmizlənməli, onların sazlığı daim yoxlanılmalıdır.
– Yadda saxlamaq lazımdır ki, istənilən mağazadan qaz cihazını alan zaman onun sənaye üsulu ilə hazırlanmasına və avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunmasına diqqət yetirmək lazımdır. Həmçinin cihazları alarkən uyğunluq sertifikatını, texniki pasportunu və Azərbaycan dilində işlətmə təlimatını satışı həyata keçirən mağaza sahiblərindən tələb etmək vacibdir. Çünki partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi xoşagəlməz hadisələrin əksəriyyəti bu qaydaları bilməməkdən və ya onlara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismar qaydalarını, tüstü borusunun düzgün quraşdırılmasını, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.
Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir. Unutmayın ki, təhlükəsizliyiniz öz əlinizdədir.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı