Azərbaycan xalq təqvimində hər bir dövr fenoloji dəyişiklik və görüləcək işlərə uyğun olaraq xüsusi adlarla adlandırılıb. Noyabr ayı görüləcək işlərə görə ilin son ayı hesab edilir, çünki ilin son ayı olan dekabrda görüləcək işlər qalmadığı üçün günlər yeksənəq keçir.
Xalq təqvimində noyabr ayına “xəzəl ayı” da deyirlər. Payızın orta ayında bağ-bağçada ağacların yarpaqları sarı-qırmızı rəngə boyanır. Maraqlıdır ki, saralmış yarpaqlar son anda elə bil ağacdan qopmaq istəmir, ona görə də qıvrılıb sanki boru əmələ gətirir. Payızda əsən külək “xəzan küləyi” adlanır. Bu külək əsdikdə saralmış yarpaqların əksəriyyəti tökülür. Suyu daha çox sevən ağacların yarpaqları bəzən yaşıl qalır. Bəzən isə qısamüddətli şaxtadan sonra Günəş şüası düşən kimi həmin yaşıl yarpaqlar da tökülməyə başlayır.
Yarpaqlar saraldımı, meyvə bağlarında tinglərin əkilməsinə başlanılır. Bərk şaxtalar düşüb torpaq donana qədər ting əkilməsi davam edir.
Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Naxçıvan ərazisində də kənd təsərrüfatında üzümçülük xüsusi yer tutur. Kəskin kontinental iqlim şəraitində bu diyarda üzümün becərilməsi əlavə zəhmət tələb edir. Naxçıvan Azərbaycanda yeganə bölgədir ki, noyabrda üzüm tənəklərini, nar və əncir kollarını torpaqla basdırırlar ki, qışda soyuq almasın. Sirab kəndində 1950-ci illərin əvvəllərində 140 yaşında vəfat etmiş, yüksək dini təhsil görmüş, aforizmləri bu gün də yaşayan Hacı Molla Əli isə qışda ərik ağacını da basdırmağı tövsiyə edərdi.
Üzüm kollarını basdırmaq üçün oktyabr ayının ikinci yarısında üzüm bağları suvarılır. Bu bitkini yayın axırı, payızın əvvəlində suvarmazlar, çünki bu dövrdə su içən bağ yenidən inkişafa başlayır, tənəyin çubuqları yetişib qızarmır. Bu cür tənək kollarının çubuqlarını basdırmadıqda daha tez soyuq alır, basdırıldıqda isə yetişməyən çubuqlar torpağın altında çürüyür. Tənəkləri basdırmaq üçün çubuqlar bir yerə toplanıb yerə yatırılır, əvvəlcədən suvarılan nəm torpaq barata halda götürülüb kolların üzərinə qoyularaq kolun çubuqları tamamilə örtülür. Həyətyanı sahələrdə basdırılacaq üzümün yarpaqlarının heyvanlar tərəfindən yeyilməsinin qarşısı alınmalıdır. Çünki tənəkləri quru çubuqlarla basdırmaq çətin olur. Digər tərəfdən toyuq-cücədən qorumaq üçün basdırılacaq tənəklərin üzərinə çöldən yığılıb gətirilmiş dəvətikanını (buna el arasında “göy tikan” da deyirlər) qoyub torpaqlayırlar.
Heç şübhəsiz ki, Naxçıvanın sərt iqlimi Naxçıvan əhalisinin dözümlü, mətin olmasına təsir etmişdir. Naxçıvan əhalisi qışa ciddi hazırlaşır, amansız qışın heç kəsə güzəşt etməyəcəyini yaxşı bilir. Xalq arasında belə bir rəvayət vardır ki, Naxçıvanın mülayim keçən bir qışında Qarabağdan olan tərəkəmə öz sürüsü ilə Naxçıvana gəlir. Görür ki, heyvan bəsləyib artırmaq üçün çöldə bol yem, yumşaq hava, bir sözlə, hər cür şərait var. Belə bir əlverişli məkanda yerli əhali arasında heyvandarlıqla məşğul olmayanları tənbəl və bacarıqsız hesab edir. Növbəti il sürüsünü ikiqat artıraraq qışlamaq üçün yenidən Naxçıvana gəlir. Burada qış başlayır, nə başlayır. İsti tövləsi və yem ehtiyatı olmayan tərəkəmənin bütün heyvanları aclıqdan və soyuqdan qırılır. Yapıncısını çiyninə ataraq: “Əşi, bunlar bilirmişlər ki, nə edirlər”, – deyə kor-peşman çıxıb gedir.
Noyabr ayının yarısından sonra qovurma mövsümü başlayır, çünki həyət-bacada ot tükənir, xəzəl də ya mal-qara, qoyun-quzu tərəfindən yeyilir, ya da yağıntı altında xarab olur. Ev heyvanlarının yem ehtiyatı azaldığı, bir də havalar çox soyuyacağı üçün qovurmanı bu vədə edirlər. Qovurulacaq heyvanların ciyərini qovuran zaman yaxın qohumlar qonaq çağırılır, qovurmanın təngovu (cığatay) qonşulara paylanılır.
Noyabrın axırı el arasında “naxırqovan”, “naxırtökən”, “naxırqoyan” adlanır. Havaların soyuması ilə əlaqədar naxırçı malı daha çölə aparmır, “naxırı yerə qoyur”. Yaşlı heyvandarlar söyləyirlər ki, belə vaxtlar malı çöldə açıq havada saxlamazlar. Bəzi yaşlı informatorlar bu dövrü “danaqıran” adlandırır. Etnoqraflar isə “danaqıran”dan yazda novruzgülü açan dövr kimi bəhs edirlər.
Bu dövrü el arasında payızın “qəpsi” (qəfsi) də adlandırırlar. Bütün işlər payızın qəpsinə qədər yekunlaşmalıdır, çünki havalar hər gün bir qədər soyuyur, hər dəqiqə qarın yağması, yolların bağlanması mümkündür. Müxtəlif səbəbdən dənini üyüdüb, qış tədarükü görməyənlər əl-ayaq edirlər. El arasında belə bir deyim vardır: “Ülkər batdı, dəyirman yatdı”. Ülkər həm Buğa bürcündəki yeddi kiçik ulduz topasına deyilir, həm də, sadəcə, ulduz sözünün sinonimi kimi işlədilir. Dahi Azərbaycan şairi Səməd Vurğun yazırdı:
Göydən karvan-karvan ulduzlar köçür,
Hər kəs öz bəxtinə bir ülkər seçir.
Payızın qəpsində havalar soyuyur, səmanı buludlar örtür, günlərlə ulduzlar görsənmir, axar sular donduğu üçün su dəyirmanları da yatır. Ona görə də atalarımız deyiblər ki, hər işin qeydinə qal vədəsində.
Zaleh NOVRUZOV