Ordubad rayonunun Yuxarı Əylis kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, sağlam cəmiyyətin bünövrəsi olan ailənin daha davamlı olmasının əsas şərtlərindən biri də valideynlər, xüsusən də qadınlarımız tərəfindən gənclərə ailə qurmaları ilə əlaqədar düzgün yol göstərilməsidir. Ailə quracaq gənclərlə tibbi maarifləndirmə işi də düzgün aparılmalıdır.
Ramilə Seyidova qeyd edib ki, aparılan təhlillərə görə Ordubad rayonu üzrə 17837 uşaq vardır. Bu uşaqlardan 161-nin sağlamlıq imkanları məhduddur. Bu da ümumi uşaqların 0,90 faizini təşkil edir. Muxtar respublika üzrə 1937 sağlamlıq imkanları məhdud uşaq vardır ki, onların da 8,31 faizi Ordubad rayonunun payına düşür.
Aparılan araşdırmalar onu göstərir ki, sağlam ailənin formalaşması üçün tərəflər sağlam həyat tərzi yaşamalı, nikaha daxil olarkən lazımi həkim müayinəsindən keçməli və sonrakı dövrdə də qadınların reproduktiv sağlamlığı daim diqqət mərkəzində saxlanılmalıdır.
Tədbirdə “Qadınlarda virus hepatitlərinin fəsadları, bətn daxilindəki uşağın xəstəlikləri və onlarla mübarizə yolları” mövzusunda isə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva çıxış edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti