Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır, tədbirlər, monitorinqlər təşkil olunur, sərgi-satışlar keçirilir. Oktyabr ayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan 10 günlük sərgi-satışda 188 şəxsin 2427 rəsm və əl işi nümayiş olunmuş, 158 şəxsin 8626 manat dəyərində 681 rəsm və əl işi satılmışdır. Həmçinin istedadlı qadınların toxuduqları 146 qış geyimi 63 aztəminatlı ailənin uşaqlarına təqdim olunmuşdur.
Muxtar respublikanın 2 kənd mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 410 maarifləndirici broşür paylanılmışdır.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 4 uşaq müəssisəsində monitorinq aparılmış, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 801 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 9 uşaq məktəbəqədər, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti