22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti belə tədbir Naxçıvan Şəhər Şöbəsi tərəfindən sığortaolunanların iştirakı ilə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqında keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri İsmayıl Gülməmmədov açaraq məcburi dövlət sosial sığortasının əhəmiyyəti barədə məlumat verib.
Fondun Naxçıvan Şəhər Şöbəsinin müdiri Vüsal Məmmədzadə çıxışında qeyd edib ki, vətəndaşlara təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

Bildirilib ki, sığortaolunanın pensiyasının məbləği birbaşa onun əmək fəaliyyəti dövründə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məcmusundan asılıdır. Sığortaolunanın fərdi şəxsi hesabında toplanan pensiya kapitalı çox olarsa, onda onun əmək pensiyasının məbləği də artacaqdır.
Tədbirdə fondun Naxçıvan Şəhər Şöbəsinin Gəlirlər sektorunun müdiri Asim Cəfərov sığorta-pensiya sisteminin xüsusiyyətlərindən danışıb. Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqları fondun internet səhifəsində onlayn ödəmə bölməsinə daxil olmaqla plastik bankomat kartlarla, banklarda nağd qaydada onlayn ödəniş yolu ilə və yerli poçt şöbələri vasitəsilə ödənilə bilər.
Fondun Naxçıvan Şəhər Şöbəsinin Pensiyaların təyinatı sektorunun müdiri Mənsur Mahmudov isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensi­yalarının təyin edilməsi, əmək pensiyasının növləri, sosial sığorta stajının müəyyən olunması, pensiyaçılara pensiyaların ödənişində mütərəqqi ödəniş metodlarının tətbiqi haqqında tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə mövzu ilə əlaqədar slayd göstərilib və sığortaolunanları maraqlandıran suallar cavablandırılıb.
Sonra “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı Aparatının rəhbəri Azər Cəfərov çıxış edərək bildirib ki, “Cahan Holdinq”də yeni əmək fəaliyyətinə başlayan hər bir sığorta­olunan ilə əmək müqaviləsinin bağlanılması, qanunvericiliklə müəyyən olunmuş məbləğlərdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və onların fərdi uçotunun təşkili ilə əlaqədar tələb olunan hesabat və məlumatların Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması hər zaman diqqətdə saxlanılır.
Sonda bir neçə sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR