22 Dekabr 2024, Bazar

Bu, cansız bir tablo deyil, evlərimizin divarından da asılmayıb. Onunla hər gün yüzlərlə insanın keçdiyi şəhərimizin küçə, meydanlarında, park və xiyabanlarında qarşılaşırıq. Bu tablonun “müəllifi” yayın geri çəkilib, yerini öz “əlləri” ilə təhvil verdiyi payızdır. Budur, ağacların ağ saçlara dən düşmüş kimi yaşıldan sarıya çönən yarpaqları hələ də özünü payızın solğun günəşinə təslim etməyib yaşıllığını saxlayan otların üstündə qəribə bir harmoniya yaradıb. Bir azdan xəfif bir külək əsir – payız küləyi. Xəzəl ömrü yaşayan yarparların havada bir rəqsinə bax? Bu külək payızın hələ tam hakim kəsilmədiyi ağaclardan yalnız özünə məxsus olan sarı yarpaqları qoparıb alır qarşısına.
Küçələrdə, səkilərdə bir-biri ilə sanki “qovala-qaç” oynayır yarpaqlar, biri qaçır, o birilər düşür onun ardınca. Nəhayət, toplaşırlar özlərinə sığınacaq sandıqları bir divarın dibinə, bir ağacın altına. Bu dəfə artıq külək yarpaqları yerindən qopara bilmir, lakin onun təsirindən adamın qulağında bir-birinə toxunan xəzəllərin “xışıltı” adlı nəğməsi səslənir. Gözlərin önündə, həqiqətən də, baxmaqla doyulmayan bir tablo var – payız tablosu. Səhərdən bəri şəhərimizdəki Böyük bağda qarşısında dayandığım bu canlı tablonu bir qədər də seyr etmək üçün skamyalardan birində əyləşirəm.

Bir-birini əvəz edən mənzərələr məni xəyalən əvvəlki illərə aparır-muxtar respublikamızın blokadaya salındığı ilk illərə. Yaydan payıza girəndə elə bizim də, təbiətin də “qan ağladığı” o illərə. Təbii qazın , elektrik enerjisinin yoxluğu insanları çarəsiz vəziyyətə saldığı kimi, kəsiləcəkləri “ürəklərinə daman” ağaclar da anaları təbiətin qoynundan biryolluq ayrılacaqlarına, ona əlvida deyəcəklərinə matəm tuturdular. Ömrünün növbəti payızını yaşamadan kəsilən meşələrin “sakinləri” bu alın yazısına boyun əyərək beləcə, yanacağa çevrilirdilər. Yol kənarlarındakı ağaclarsa doğranaraq tamamilə seyrəlmiş, onların torpaqdan bir qədər yuxarıda qalan gövdələri isə baxdıqca kədərləndiyimiz “təbiət qəbiristanlığı”na çevrilmişdi. Həyət-bacalarda da ağac-budaq qalmamışdı. Hamısı payızın əvvəlindəcə kəsilib qarşıdan gələn qarlı-çovğunlu qışa tədarük edilirdi.
O illərin sanki yağışı-çovğunu, qarı-boranı da tam başqa idi. Bunu, bəlkə də, evlərimizdə, məktəblərimizdə, iş yerlərimizdə isti yer tapa bilməməyimiz, payızın-qışın soyuq günlərini əllərimizi ovuşdura-ovuşdura başa vurmağımız səbəbindən bu cür xatırlayırıq. Həmin illərdə uçub-tökülən, köhnəlikdən miskinləşən küçələrimiz, parklarımız payızın yağışlı günlərində zığ-palçıqdan keçilməz olurdu. Gözəl qızılısarı yarpaqlar da çirkaba qarışaraq bu gözəl fəslin hüsnünə xələl gətirirdi. Qarşıdan gələn qışın xofu isə insanların başını saysız-hesabsız qayğılara elə qarışdırırdı ki, payızın necə gəlib, necə getdiyini belə, az qala hiss etmirdilər. Soyuq, qaranlıq bir-birindən çətin günləri arxada qoyduqca bir az da “Qorxma o qışdan ki ardınca yaz gəlir” deyiminin istisinə sığınaraq yazın gəlməsini həsrətlə gözləyirdik.
Tər-təmiz küçələrlə heç bir maneə rəqslərinə, qaçışmalarına xələl gətirməyən yarpaqların xışıltısı, bir də toran vaxtı olduğu üçün küçə işıqlarının vurulması məni xəyallardan ayırır. Ətrafa nəzər salıram. Daha valehedici mənzərələrlə qarşılaşıram: işıq şüaları üzərinə düşən yarpaqların parıltısı, qızılı-sarı yarpaqların skamyaların üzərindəki gözəl xalı görüntüsü, yanımdan dəstə-dəstə ötən insanların payızın xoş mənzərələrini bir-birilərinə göstərərək onu körpə bir uşaq kimi oxşamaları... Bir qədər aralıda qoca, cavan, uşaq-bir xeyli adamın bu təmiz havanı ciyərlərinə çəkmək üçün gəzişdikləri və addımların xəzəlin yeni bir “nəğməsini” yaratdığını..
Qalxıram…bağdan ayrılıb, sıx ağacların cərgələndiyi küçə ilə üzüyuxarı addımlayıram. Yolboyu küçələrdəki, inzibati binaların qarşısındakı işıqlar… Yaşayış binalarının pəncərələrindən süzülüb bayırdakı işiq selinə qarışaraq ətrafı gündüzdən fərqli etməyən bir görüntü var gözlərim qarşısında. Bu gözəlliyə gözəllik qataraq sıralanan müasir memarlıq nümunələri, səliqə-sahman, təmizlik bir-birini necə də tamamlayır.
İllərdir, payızı belə görməmişdim. İllərdir, payız üzümü belə güldürməmişdi. Qarşımdakı tablonun rəssamı özü olan payızın fırçasından süzülən rənglərin yaratdığı bu tabloda üzü qocalığa doğru gedən insantək qışa-məhvə doğru getməsini bilə-bilə üzündə “təbəssüm” gördüm payızın. Onun bu “təbəssümünün” bir səbəbi qısacıq ömrünü indi diyarımızın bütün kənd­lərində, şəhərlərində belə firavan, maneəsiz, sevilərək “yaşamasıdırsa”, bir səbəbi isə qışdan daha çox üşüdən sazağından-soyuğundan keçənlərin hər birini üz tutduqları ünvanlarda işıqlı, isti bir məkanın gözləməsindəndir.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR