Şəhərimizdə hər şənbə günü təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında ötən həftə bir neçə yerdən qulağıma dəyən “Yemişan, yemişan, Keçili yemişanı, Nursu yemişanı” sözləri məni xəyalən bir neçə onillik əvvələ apadı. Elə ki payızın bu vədəsi olardı, dağlarımızın, düzlərimizin soluxmuş hüsnünə qırmızı “yaylıqlı” yemişan kolları xüsusi füsun qatardı. Elə vədəsində burnumuza da yemişanın ətri gələr, bu vaxtlar hər dəfə dərsdən çıxanda gözümüz yemişan satanları axtarardı. Və nəhayət, günlərdən birində onları qarşılarında qıpqırmızı yemişan dolu vedrə, üstündə bir stəkan, bir də ki satdıqları yemişanı içərisinə qoymaq üçün kağızdan, köhnə qəzetdən, dəftər vərəqindən düzəltdikləri bir dəstə büküm məktəb yolundakı ağacların altında əyləşdiklərini görərdik. Bunu gördükmü, hər gün evdən 20 qəpiksiz bayıra addım atmazdıq, stəkanı 20 qəpiyə satılan yemişandan alıb, yolboyu şirin-şirin yemək üçün. Amma biz yemişanımızı o kağız bükümlərə yox, cibimizi aralayıb ora tökmələrini istərdik. Sonralar elə hey yemişandan söhbət düşəndə onu nə üçün o kağız bükümlərə yığmaq istəmədiyimiz haqqında çox düşünmüşdük. Axır qənaətimiz isə belə olurdu ki, axı yemişanı satmaq üçün yığanlar yox, qoyun-quzu növbəsinə gedənlər onu cib-cib yığardılar. Hər dəfə kəfşənə gedəndə bir cib, iki cib. Bunu uşaqlıqda kəndə gedəndə də görmüşdük. Əvvəllər babamız, sonralar isə əmimiz, dayımız çöldən gələndə bir cib yemişanı çıxarıb birimizə verər, bölün, yeyin deyərdi. Yemişanı cib-cib yığanlar da vedrələri dolanda onu satışa çıxarardılar. Çünki o, xarab olmur, otun, samanın üstünə sərdinmi, rəngi daha da qızarar, dadı şirinləşər.
İndi Şahbuz rayonunun Biçənək və Batabat meşəliklərində, Ağbulaq, Gömür, Nursu, Keçili, Külüs kəndlərində üzüyuxarı yol boyunca budaqları barından yerə dəyən qırmızı “yaylıqlı” kollar gözəlliyi ilə yolçunu yoldan edir. Doqquzdonu, zirinc, həmərsindən dərməmiş, yemişandan doyunca yeyib, bir cib yığmamış, gəl bu kollardan yan keç görüm, necə keçirsən. Xatirələr bir neçə il bundan əvvəl Keçili kənd sakini Dilsuz müəllimlə yemişan barədə söhbətimizi də yada salır. O deyirdi ki, biz kənd adamları qan təzyiqi xəstəliyinin nə olduğunu bilməzdik. Çünki ayağımız yer tutzndan kəndimizin dağında, dərəsində günün hər vaxtında, hər vədəsində bu giləmeyvələrdən yeyib hətta aclığımızı belə unudardıq. Bu vədələr qoyun, quzu nobatına getmək payızın yağışına, yağmuruna tuş gəlmək deməkdir. Amma buna baxmayaraq gəncliyimizdə yemişanın, itburnunun, doqquzdonunun həvəsilə dağlara üz tutardıq. Qar yerə düşənə kimi kolun üstündə “qərar tutan” yemişan şaxta vuran kimi tökülər və daha yeməli olar. Şirinliyi ilə adamı şirnikdirən yemişanı yedikcə yeyər, sonra da ağzımızdan qara su gəldiyinə görə peşmanlayardıq. Amma indi bilirəm ki, yemişanın gətirdiyi o su mədənin təmizlənməsi demək imiş. Özümüz bilmədən sağlamlığımızı möhkəmləndirirmişik.
Yadımdadır, söhbətimizin bu yerində Dilsuz müəlliin gözləri doldu, səsi bir qədər titrədi və dedi:- Yazda çöl-bayır işində olan böyüklərimizin yemişan və itburnu çiçəklərindən ocaq üstə dəmlədiyi çaydan içmək üçün əldən, ayaqdan gedərdik. Çünki o çayın ayrı bir dadı, ləzzəti olardı. O çaydan içib qızmar günəş altında tər tökən ata-babalarımız payızda yemişanın meyvəsini yeyər, mürəbbəsi ilə çay içərdilər. Onda kəndli bazardan meyvə alıb mürəbbə bişirməyi ar bilərdi. Kəndin çölündə, çəmənində, öz həyət-bacasında olanlardan qışa azuqə yığardılar. Dava-dərman tanımayan insanlar beləcə, uzun ömür sürərdilər. Təbiətin səxavətli vədəsində-payızda yetişən yemişan kolları blokadanın ilk illərində darda qalan insanlara ümid yeri oldu. Oduncağı daş kömürə bərabər olan yemişan kolları elə barı üstündə qırılıb çatılırdı. Həmin vaxtlarda kəndlərimizdə, dağlarımızda yemişan kolları azalmağa başladı. Amma şükürlər olsun ki, bu, uzun zaman davam etmədi. Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində işiğımız, qazımız bərpa olundu, yenə də çöllərimizdə qucaq-qucaq yemişan kolları böyüdü, bara mindi. İndi kəndlərimizə qonaq gələn şəhərli qohumlarımıza əziz paydır yemişan. Onun çiçəyi də, meyvəsi də dərmandır.
Yeri gəlmişkən, yemişan gülçiçəklilər fəsiləsindəndir. Ağac və ya iri kol bitkisi olub, növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarı mişarvaridir. Ağ rəngli ətirli çiçəkləri, uzunsov kürəvari, lətli və şirəli meyvəsi olur. Yetişən vaxt qırmızı, qara, şabalıdı və sair rəngə boyanır. Meyvəsinin içərisində açıq-sarı rəngli toxumları yerləşir. Bitki may-iyun aylarında çiçək açır, sentyabr-oktyabr aylarında meyvələri yetişir. Respublikamızın dağ-meşə rayonlarında yemişan bitkisinin 9 növü yayılmışdır. Bu bitkiyə Azərbaycanın bir çox bölgələrində rast gəlinsə də, muxtar respublikamızın müxtəlif yerlərində yemişanın bir neçə növü geniş yayılmışdır.
Nursulu Murtuza əmi ilə yemişanın qurudulması və faydaları barədə söhbətləşdik:-Yemişan meyvələrini ağ kağız üzərində nazik sərib, tez-tez çevirməklə qurutmaq lazımdır. Belə şəraitdə qurudulmuş meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini dəyişmir. Qurumuş meyvələri xüsusi torbalara doldurub, havası daim dəyişilən quru yerdə saxlayırlar. Yurdumuzun bəzəyi olan bu nemətin meyvəsindən və çiçəklərindən çox qədim vaxtlardan xalq təbabətində bir sıra xəstəliklərə qarşı istifadə edilmişdir. Bu yerlərin həmişə dərdinə dərmanı türkəçarələrdə, dərman bitkilərində tapan sakinləri onun qurudulmuş çiçəklərindən və meyvələrindən çay kimi dəmləyib, ürək ağrıları zamanı və qan təzyiqi yüksək olanda içərdilər. Elmi təbabətdə yemişandan ürək-damar sistemi xəstəliklərinin müalicəsində, xüsusən ürək fəaliyyəti zəifliyində, ürəyin aritmiyasında, aterosklerozda, hipertoniya xəstəliklərində geniş istifadə olunur.
Murtuza əmi maraqlı bir faktla yemişanın kənd təsərrüfatında mühüm əhəmiyyətə malik olmasını da vurğulayaraq deyir ki, sağılan mal-qaranın yeminə yemişan meyvələri əlavə etdikdə onların südü xeyli artır və süddə yağın miqdarı çoxalır.
Nursulu şirin sözlü-söhbətli, poeziya vurğunu Səkinə xala isə yemişanı bu yerlərdə dağlar gözəli adlandırdıqlarından, onun gözəlliyinin bu vaxtlar kəndə gələn hər kəsi valeh etdiyindən danışır:-Bakıda bir qadın tanışımız var. Ötən payız birinci dəfə idi ki, bura gəlirdi. Yol kənarlarında yemişan kollarını görmüşdü. Çox maraqla onun haqqında soruşduqda, mən bədahətən,
Əzizim, yemişan gözəl,
Dağa, düzə şan, gözəl.
Dadını soruşma, gəl,
Bal şanıdı bu gözəl.
-dedim. Sonra onunla birlikdə evimizin yaxınlığındakı kəşfənə getdik. Qırmızı yaylıqlı yemişan kollarına valeh oldu, meyvəsinin dadına, ətrinə heyran qaldı. Dedi ki, belə gözəlliyi görən ölərmi? Dedim, hər payız gəl, sən də gör:
Əzizim, yemişana gəl,
Bu vədə, bu anda gəl.
Yemişan qırmızı şalın,
Başına salanda gəl.
Bəli, hər dəfə bazarlarımızda, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında dağ-dərələrimizin, düzlərimizin min bir adda nemətlərini- erkən yazdan bulaqotu, yarpız, qazayağı, çiriş, cacığı, bir az sonra göbələk, uşqun, sobu, bolu, çaşır, baldırğan, əvəlik, ələyəz, şıppırı , yay uzunu kəklikotu, dağ nanəsi, çobanyastığı, solmazçiçəyi, payızdan qar yerə düşənədək həmərsin, zirinc, doqquzdonu, yemişanı və onlarla sadalamadıqlarımızı piştaxtalara düzüb satanları görəndə adam qürur hissi duyur. Bir tərəfdən ona görə ki, indi kənd adamlarına bax belə bir şərait yaradılıb, onlar həm yaranışdan onlar üçün ruzi mənbəyi olan dağlarımızın, düzlərimizin min bir nemətini, həm də özlərinin əkib-bicərdiklərini bazarlarımızda, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında sərbəst şəkildə sata, xeyir götürə, dolanışıqlarını qura bilirlər. Digər bir tərəfdən isə belə dağların, düzlərin sahibi olduğumuz üçün. Nemətlərinin hər biri təbiətimizə qırmızı “yaylıqlı” yemişan kimi öz naxışı ilə doyumsuz gözəllik qatan dağlarımızın, düzlərimizin.
Mətanət MƏMMƏDOVA