Ruzi-bərəkət dövrü olan payız dörd mövsüm içərisində bolluğun ən çox müşahidə edildiyi fəsildir. Heyva da bu fəslin ən dadlı, ən faydalı meyvələrindəndir. Bu meyvə muxtar respublikamızda da geniş yayılıb və demək olar ki, bütün bölgələrimizdə yetişdirilir.
Ötən günlərdə Şərur rayonunun Çərçiboğan kəndi ərazisində gördüyümüz bir mənzərə bizdə xoş təəssürat yaratdı. Öyrəndik ki, 2 hektar ərazidə 3 min heyva ağacı əkilən bağ Çəmənli kənd sakini Abdulla Adıgözəlova məxsusdur. Meyvə tədarük edilən bağda sahibkarla həmsöhbət olduq: O dedi:
– Heyva becərilməsi ilə illərdir məşğul oluram. Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu meyvə arandan ta ucqar dağ kəndlərinədək istənilən torpaq şəraitində bitərək bar verir. Torpaq və iqlim xüsusiyyətlərinə görə Naxçıvan heyvanın yaxşı inkişafı, bol məhsul verməsi üçün səciyyəvi bölgə sayılır. Naxçıvanın qışı nə qədər sərt olsa da, heyva möhkəm dözüm göstərir. Şaxtadan qorxmur. Ağac sıxlıq və kölgəli yerdə yaxşı məhsul vermir. Yaz və payız becərilməsi aparılmadıqda – gövdəətrafı bellənmədikdə və üzvi gübrə verilmədikdə, susuz saxlanıldıqda ağac tez qocalır, budaqlarında quruma gedir, meyvələri iri olmur. Bir-birindən məsafəcə 8-10 metr aralı əkilmiş heyva ağaclarının gövdəətrafı yaz və payız fəsillərində yaxşı becərildikdə, xüsusən gövdə ətrafına üzvi gübrə verilib vaxtaşırı suvarıldıqda meyvələri daha böyük olur. Erkən yazda heyva ağacının quru budaqları mütləq kəsilməlidir. Münbit torpaqlarda 5-8 metrədək boy atan ağacın budaq araları havalanmalı, yarpaqların Günəş şüası ilə təmasına şərait yaradılmalıdır.
Builki mövsümdə bağda bol məhsul yetişdiyini bildirən sahibkar bunu onunla izah etdi ki, ailə üzvləri ilə birlikdə ilboyu aparılmalı olan aqrotexniki tələblərə əməl ediblər. Göründüyü kimi çəkdikləri zəhmət hədər getməyib.
Kənddəki heyva bağından ayrılıb şəhərə qayıdırıq və düşünürük ki, payızın soyuq günlərinində heyvanın faydaları haqqında həkim məsləhətini də oxucularımıza çatdırsaq, yerinə düşər. Bu barədə həmsöhbətimiz Naxçıvan Muxtar Respublika Mərkəzi Xəstəxanasının həkim-terapevti Ramidə Bağırovadır:
– Heyvanın tərkibində A, B2 və C vitaminləri, minerallar, protein, şəkər, asitlər, dəmir, mis, kalium və daha necə- necə faydalı maddə var. Olduqca zəngin vitamin tərkibli, xoş ətirli meyvələri ilə yanaşı, yarpaqları, çiçəkləri, çubuqları da müalicəvi əhəmiyyətə malikdir. Yetişib saralmış meyvələrinin tərkibində 2-15 faizə qədər şəkər, 2 faizədək alma, limon turşuları, ətirsaçan efirli maddələr, pektin, karotin, dəmir duzları çoxluq təşkil edir. Heyva uşaqların yemək rasionunda və sinir sisteminin inkişafında əvəzsiz rola malikdir.
Həkim deyir ki, bu meyvənin qəbulu mədə və bağırsağı mikroblardan qoruyur, həzm problemlərini aradan qaldırır. Tərkibindəki vitamin və minerallar sayəsində ürək-damar xəstəliklərinin, varikoz genişlənməsinin qarşısını alır. Qanı təmizləyir, ürək döyüntülərinə faydalıdır, həm də qandakı xolestrolu azaldaraq damar sərtliyindən mühafizə edir. Heyvanın meyvəsindən mürəbbə, kompot, şirə, cem, marmelad hazırlanır. Xalq təbabətində təzə meyvə şirəsindən ödqovucu, mürəbbəsindən ürək qüvvətləndirici, kompot, cem və mətləşdirilmiş şirəsindən həzmyaxşılaşdırıcı kimi istifadə olunur. Bundan başqa, toxumlarının dəmləməsi sinə sətəlcəmi və tənəffüs yolları xəstəliklərinə, soyuqdəyməyə xeyirlidir. Təzə və qurudulmuş heyva yarpaqlarından dəmlənmiş çay ürək ağrılarını sakitləşdirir. Heyvanın çubuqlarlndan dəmlənən çayisə böyrəklərdə olan bir çox problemi həll edir. Bunun üçün ağacın budağından bir parça qoparmaq, onu yuyub suyun içinə atmaq və qaynadaraq qırmızı rəngli turşməzə, gözəl ətirli bir çay alırıq. Bunu qış fəslində hazırlayıb içmək çox faydalıdır.
Həkimin sözlərinə görə, tərkibindəki tanen, pektin, şəkər, A və C vitaminləri, mineral duzlar, dənəsindəki xeyirli maddələr ağciyər, boğaz, mədə, böyrək, göz, bağırsaq, ağız xəstəlikləri üçün faydalıdır. Meyvəsini çiy halda yemək ürəyə qüvvət verir. Ürək döyüntüsünü qaydada saxlayır, təngənəfəsliyi aradan qaldırır. Hərarəti olanlar üçün heyvanın kompotundan istifadə etmək də xeyirlidir. Heyva yüksək təzyiqi aşağı salır, qaraciyər passivliyini aradan qaldırır. Heyvanın kərə yağında bişirib yemək nəfəs yollarına, öskürəyə, bronxlara faydalıdır. Eyni zamanda heyva yorğunluğu aradan qaldırır. Heyvadan “qəlyə” adlı milli xörək hazırlanır. Onun ocaq və təndir közündə bişirilmişi də dadlı olur. Qanazlığında, vitamin təminatında ən gözəl qidadır. Meyvəni elektrik sobalarında da bişirmək mümkündür. Həmərsinlə qarışıq hazırlanmış heyva kompotu qan təzyiqinin normallaşmasına müsbət təsir göstərir. Əgər dəriniz qurudursa, dırnaqlarınız keyfiyyətli deyilsə, heyva bu dərdinizə də çarə edə bilər.
Muxtar respublikamızın coğrafi iqlim şəraiti,təmiz havası və saf suyu diyarımızda böyük müalicəvi əhəmiyyətə malik müxtəlif qida məhsullarının yetişdirilməsinə imkan verib.Son illərdə bu imkanlar dövlət qayğısı hesabına bir qədər də artırılıb.Bu imkanlardan səmərəli istifadə edənlərdən biri də Abdulla Adıgözəlovdur.Öz ailəsi ilə zəhmətə qatlaşan , məhsul bolluğu yaradan bu zəhmətkeş saldığı heyva bağını özünün daimi iş yeri sayır və bu bağda çalışmaqdan zövq alır.
Ramiyyə ƏKBƏROVA