22 Dekabr 2024, Bazar

Gözəl təbiəti olan Naxçıvan torpağı dərman bitkiləri ilə zəngin bir diyar kimi də tanınıb. Belə dərman bitkilərindən biri də həmərsindir. Bu bitkinin səciyyəvi xüsusiyyətləri və əhəmiyyəti haqqında geniş məlumat almaq üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin müdiri Əsgər Həsənovla həmsöhbət olduq. 

Əsgər müəllim bildirdi ki,  bu bitki gülçiçəklilər fəsiləsinə aiddir. Qafqazda 56, Azərbaycanda isə 49 növü yayılıb. Hündürlüyü 2,5-5 metrə çatan kolun bir kökündən bir neçə tikanlı gövdə çıxır. Gövdəsi tikansız olan növləri də vardır. Çiçəkləri qalxanvarı və ya süpürgəvarı qrupda  və bəzən də budaqlarda  tək-tək yerləşir. Yarpaqları növbəli düzülüşlü olmaqla ellepsvaridir. Yarpağının qıraq tərəfləri  mişarvarı çıxıntılarla əhatə olunub. Yarpaqlar tünd yaşıl və ya açıq yaşıl, çiçəkləri isə solğun çəhrayı rəngdədir. Çiçəklər görünüşcə qədəh formasındadır, əksər ali bitkilərdə olduğu kimi çiçək yatağından, 5 ləçəkdən, 5 erkəkcikdən, bir dişicikdən ibarətdir. Meyvəsi 2,5-5 santimetr uzunluğunda, ovalşəkilli olmaqla bir qədər dəyirmidir. Bitki may-iyun aylarında çiçəkləyir, əsasən avqust-sentyabr aylarında yetişir, yetişmiş meyvəsi al-qırmızı rəngdədir. Kök sistemi güclü şaxələnən olub 1,5-1,8 metr torpağın dərinliyinə gedə, şeh kökləri güclü inkişaf edərək torpağın nisbi rütubətindən asanlıqla qidalana bilir.

 Müsahibim həmərsinin biomorfoloji xüsusiyyətləri haqqında danışaraq qeyd etdi ki,  bu bitki əsasən çay və göl kənarlarında, seyrək meşə talalarında, təpə və dağ yamaclarında qumlu, daşlı düzənliklərdə dəniz səviyyəsindən 1400 metr yüksəkliyə  kimi olan sahələrdə bitir.

Həmərsinin ən qiymətli  növləri  Şahbuz rayonunun Batabat yaylağında, Biçənək, Külüs, Kolanı, Ordubad rayonunun Vənənd, Kilit, Nüsnüs, Əndəmic, Sədərək rayonunun Qarağac, Sədərək, Şərur rayonunun Xanlıqlar, Çərçiboğan, Maxta, Kərimbəyli və Arbatan kəndlərinin ərazilərində yayılıb. Kök və toxumla çoxala bilən bitkinin ən əlverişli artırma üsulu kök vasitəsi ilə aparılan artırma  hesab olunur. Muxtar respublikamızın əksər yerlərində əlverişsiz mühitə  çox asanlıqla uyğunlaşan bitkinin yabanı formasından həyətlərin  çəpərə alınmasında geniş istifadə olunur. Yaxşı  məhsul verən hündür kolların hər birindən orta hesabla 12-25 kiloqram meyvə tədarük etmək  mümkündür. Çox bar verən kolların budaqları meyvələrin yetişmə  fazasında   əyilib yerə yaxınlaşır. Budaqları  və gövdəsi son dərəcə elastik olduğundan  zədələnməyə qarşı müqavimətlidir. Zərərverici və xəstəliklərə, eləcə də şaxtaya dözümlüdür. Kolları  budamaqla cavanlaşdırmaq  qısa müddət ərzində mümkündür. Həmərsindən həm ərzaq, həm kulinariyada ədviyyat, həm də səhiyyədə müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

Əsgər Həsənovun sözlərinə görə həmərsinin kökündə, gövdəsində və yarpağında  aşı maddəsi, meyvəsində  8,09  faiz  şəkər, 2,74 faiz  pektin, 2,18 faiz  pentazon, 3,58 faiz aşı və rəngləyici maddə, 5000-1077  faiz  vitamin, 0,071 faiz efir yağı, yetişməmiş meyvəsində isə askorbin turşusu vardır. Meyvənin həddindən artıq yetişməsi turşuluğun azalmasına səbəb  olur. Onun meyvəsində C vitaminin toplanması meyvənin yetişmə dərəcəsindən  asılı olaraq  dəyişir. Yüksək  miqdarda  C vitamini  almaq üçün onu   sütül  vaxtı, yəni tam yetişmədən 10-15 gün  əvvəl yığmaq  daha əlverişlidir. Tükcüklü həmərsin  növünün  meyvəsində mütləq  quru çəkidə  1607-3800 mq faiz – C  vitamini, 0,03 faiz  efir yağı vardır. Tərkibindəki C vitamini  aktivliyinə  görə  qarğıdalıdan 10-20,  sitrus  meyvələrindən 35-40, almadan 100-dəfə artıqdır. Mədəni gül sortların  alınmasında calaqaltı kimi  istifadə  olunur. Həmərsinin böyük xalq  təsərrüfatı  əhəmiyyəti vardır. 

Azərbaycanın dağ rayonlarında meyvələrin  tədarükü avqustun axırı,  sentyabrın birinci  yarısı ən yaxşı vaxt hesab olunur. Həmərsindən alınan dərman preparatlarından qan dövranının yaxşılaşdırılmasında, böyrək, mədə, dəri xəstəlikləri və  yaraların  müalicəsində istifadə olunur. Tərkibində  çoxlu  miqdarda mikroelementlər, mürəkkəb efir, fitonsid və sair vardır. Ondan  mürəbbə, vitaminli içki,  kompot, kisel və sair hazırlanır.

Əsgər müəllim onu da əlavə etdi ki, həmərsin meyvəsi kasayarpağı ilə birlikdə qurudulur. Meyvənin tərkibindəki dəyərli maddə və vitaminləri maksimum saxlamaq üçün  onun qurudulması dərildikdən sonra dərhal aparılmalıdır. Meyvə təbii və süni olaraq qurudula bilər. İsti və günəşli havada təbii qurutma əlverişsizdir. Meyvələr əvvəlcə bütün qarışıqlardan və xarab meyvələrdən təmizlənir. Təmizlənmiş meyvə soyuq suda yuyulur. Yaxşı havada günəşli gündə örtülü yerdə (cardaqda) qurutma müsbət nəticə verir. Lakin bu üsulla qurutma 30 gün davam edir. Onun meyvəsi xüsusi quruducu qurğularda 70-80dərəcə  müsbət temperaturda tez-tez qarışdırmaqla qurudula bilər. Qurudulmuş  meyvənin nəmliyi 15 faizdən artıq olmalı, quru, təmiz və sərin yerdə saxlanılmalıdır.

Orqanizmin xəstəliklərə qarşı müqavimətini artırmaq üçün  vitaminlə zəngin olan bitkilərin  qarışığını dəmləyib  içmək faydalıdır. Həmərsinin meyvəsindən, çiçəyindən  dəmlənmiş çay immuniteti gücləndirir, iltihab, soyuqdəymə  proseslərinin qarşısını alır, sinir sistemini sakitləşdirir, böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır, qan təzyiqini aşağı salır, maddələr mübadiləsini normallaşdırır, ürək-damar xəstəlikləri üçün olduqca  faydalıdır. Digər faydalı bitkilər kimi həmərsindən də  qədərində istifadə etmək lazımdır. Xüsusilə də hər hansı xroniki xəstəlikləri olan insanlar bu bitkidən həkim məsləhətindən sonra istifadə etməlidirlər. 

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR