Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən muxtar respublikanın dövlət qulluqçuları üçün Ağbulaq İstirahət Mərkəzində təşkil olunmuş həftəsonu istirahətləri davam edir.
Bu dəfə mərkəzin qonaqları Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Səhiyyə Nazirliyinin əməkdaşları olublar. Mərkəzdə qonaqlar üçün hər cür şərait yaradılıb. Buradakı səliqəli yataq otaqları, asudə vaxtın maraqlı təşkili üçün idman meydançası, stolüstü oyunlar və gözəl xidmət istirahətin xoş keçməsinə imkan verib. Axşam saatlarında qonaqlar üçün konsert proqramı təşkil olunub.
Mərkəzdə istirahət edən Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov öz təəssüratlarını bizimlə bölüşdü: “Mən ilk dəfədir ki, Ağbulaq İstirahət Mərkəzinə gəlirəm. Buranın təmiz havası, istirahətimiz üçün yaradılmış hərtərəfli şərait asudə vaxtımızı zövqlə keçirməyə səbəb oldu. İki günün necə başa çatdığını hiss etmədim. Belə şəraitə görə nazirliyin əməkdaşları adından minnətdarlığımı bildirirəm”.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) əməkdaşı Rəşid Talıbov bildirdi ki, o, ötən il də Ağbulaq İstirahət Mərkəzində olub. Burada yaradılan şəraitdən çox razıdır. Mərkəzdə təşkil olunan müxtəlif tədbirlər ikigünlük istirahətin maraqlı keçməsinə imkan verib.
Həmin təşkilatın digər bir əməkdaşı Mətin Quluzadə dağların qoynunda yerləşən Ağbulaq İstirahət Mərkəzinin muxtar respublikada kənd turizminin ən gözəl ünvanı olduğunu qeyd etdi. Bildirdi ki, burada bizim yaxşı vaxt keçirməyimizə, istirahətimizə xüsusi diqqət yetirilir. Məhz bu diqqət üçün mərkəzin kollektivinə minnətdarlığımı bildirirəm.
Qeyd edək ki, dövlət qulluqçuları bu dəfə ailələri ilə birlikdə dəvət olunublar. İki gün ərzində burada 61 nəfər istirahət edib.
13-14 oktyabr tarixlərdə isə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət 52 nəfərlik kollektivin Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunmuşdu.
Aygün BAĞIROVA