Xəbər verdiyimiz kimi, 28 sentyabr-8 oktyabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış keçirilib.
Sərgi-satışda 188 müəllifin 2427 əl işi sərgilənib, 700-ə yaxın əl işi satılıb. Həmin sərgi-satışda sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların toxuduqları yun paltarlardan 150-yə yaxını muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan bir qrup uşağa hədiyyə olunub.
Bu münasibətlə Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində tədbir təşkil edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək bildiriblər ki, bu gün muxtar respublikamızda uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır. Həmçinin uşaqların yay tətili günlərində Ağbulaq İstirahət Mərkəzində yay düşərgələri təşkil olunur. Bugünkü tədbir də dövlət qayğısının növbəti nümunəsidir.
Sonra həmin məktəbdə təhsil alan 47 uşağa yun paltarlar hədiyyə olunub.
Uşaqlardan Ordubad şəhər tam orta internat məktəbinin şagirdi Ural Əmirov göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, həmin gün muxtar respublikanın digər rayonlarında və Naxçıvan şəhərində də uşaqlara yun paltarlar hədiyyə olunub. Ümumilikdə, 63 uşağa hədiyyə verilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin mətbuat xidməti