Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu 2018-ci ilin 9 ayında pensiya və müavinətlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatını, əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını, habelə pensiya və müavinətlərin hər ay vaxtında ödənilməsini diqqətdə saxlamışdır. 2018-ci ilin 9 ayında fondun gəlirləri 39 milyon 297 min manat proqnoza qarşı 52 milyon 345 min manat həcmində yerinə yetirilmiş, proqnoz tapşırıqlara 133,2 faiz əməl olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya hüququ yaranmış 1085 vətəndaşa əmək pensiyası təyin olunmuşdur. Həmin pensiyaçılardan 584-ü yaşa görə, 152-si əlilliyə görə, 349-u isə ailə başçısını itirməyə görə əmək pensiyasına çıxmış vətəndaşlar olmuşdur.
Görülən tədbirlər nəticəsində sığorta-pensiya sistemində fərdi uçotun tətbiqi dairəsi daha da genişlənmişdir. Fond muxtar respublikada əmək fəaliyyətinə yeni başlayan işçilərin fərdi uçot sistemində qeydiyyata alınması və sosial sığorta şəhadətnamələri ilə təmin olunmasını diqqətdə saxlamış, fərdi uçot sistemində uçota alınan sığorta olunanlar haqqında məlumatların sığorta olunanların fərdi şəxsi hesablarına işlənilməsini həyata keçirmişdir. 2018-ci ilin 9 ayı ərzində 3373 sosial sığorta şəhadətnaməsi verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti