22 Dekabr 2024, Bazar

Yayın istisi özünü daha çox hiss etdirdikcə axşam saatlarında parklarda, məhəllələrdə, həyətlərdə istirahət edən, gəzib dolaşan, mehribanlıqla bir çay süfrəsi arxasında oturub “Amerikadan tutmuş qonşu Məsmə xalanın evinin problemlərinədək” hər şeyi müzakirə edən insanları tez-tez görmək olar. Bu mənada son illər milli və müasir memarlıq ənənələri əsasında yenidən qurulan, təmir olunan yaşayış binaları, bu binaların ətrafında salınmış istirahət parkları hələ ki məzuniyyətə çıxmamış və yaxud da istirahətini elə doğma şəhərimizdə keçirən insanlar üçün ən sevimli məkanlardır. Di gəl ki, bu parklarda qurulub yaradılanları qorumaq, təmizliyə riayət etmək kimi bir ictimai məsuliyyətin fərqində olsaq. Axı bu qurulub yaradılanlar bizimdir – hamımızın.

*    *    *

Məhəlləyə daxil olanda hər axşamçağı onu görürəm. Bu il birinci sinfə gedəcək bu balaca oğlanın gözüaçıqlığı məni çoxdan cəlb edib. İşdən evə qayıdarkən onun qışqırdığını eşidirəm. Kiməsə, “Dur ordan, onu səninçün qoymayıblar”, – deyə qışqırır. Yaxınlaşıb yanıma çağırıram. Aramızda belə bir dialoq alınır:
– Niyə qışqırırsan?

– Görmürsən, oturub mənim yelləncəyimdə.
– O, bütün uşaqlar üçündü.
– O, uşaqdı ki? – deyib əlini bir az aralıda – məhəllənin parkında uşaqlar üçün qurulmuş uşaq yelləncəyinə tərəf uzadır.
Başımı qaldırıb qarşı tərəfə baxanda çəkisi 20 kiloqram olan bu balaca dostumun ritorik sualı qarşısında aciz olduğumu hiss edirəm. Çünki bədən ölçülərinə görə balaca dostumdan ən azı 4 dəfə böyük bir qadın yelləncəkdə oturub və uşaqlar üçün qurulmuş sürüşkənin kölgəsində əyləşən qonşusu ilə danışır.
Naxçıvan şəhərinin “Atabəylər” məhəlləsindəki binalardan birinin qarşısında qarşılaşdığım bu mənzərə ilə şəhərimizin müxtəlif istiqamətlərində siz də qarşılaşa bilərsiniz. Naxçıvan şəhərinin abadlaşması, gözəlləşməsi üçün yaşayış binalarının təmirini, onların ətrafındakı ərazilərdə parkların salınmasını, uşaqlar üçün oyun qurğularının quraşdırılmasını tamamilə öz üzərinə götürən dövlət bunu edirsə, vətəndaş bu qurulana, yaradılana sahib çıxmamalıdırmı? Bu qurulanları qorumamalıdırmı? Yəqin ki, bir çoxlarımız “sahib çıxmaq” deyərkən düşünüblər ki, qurulan bu qurğulara, yelləncəklərə, sürüşkənlərə, uşaq oturacaqlarına da “sahiblənməlidirlər”. Bu “sahiblənmənin” yolu isə onu uşaqların əlindən alaraq öz məqsədləri üçün istifadə etmək, yararsız vəziyyətə salmaqdır. Müşahidə apardığımız bir neçə ünvanda analoji hallara rast gəldik.
Bu kiçik parklardan başqa, Naxçıvan şəhərindəki böyük istirahət parklarının da böyük problemləri var. Məsələn, Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında istirahət edən bəzi vətəndaşlarımızın günəbaxan tumlarının qabığından, necə deyərlər, “Dağ maketi” yaratmaları kimi. Parkın ərazisində tullantılar üçün hər addımbaşı xüsusi qablar qoyulduğu halda, bir çoxları oturacaqlarla tullantı qutuları arasındakı bir addımlıq məsafəni qət etməyi qlobal problem hesab edir və nəticədə, oturacaqların əksəriyyətinin qarşısında günəbaxan tumlarından təpələr yaranır. Ta ki ərazi təmizlənənə qədər. Halbuki parkın ərazisinin gündəlik olaraq təmizlənməsi heç kəsə tullantıları hara gəldi tullamağa nə hüquqi, nə də mənəvi haqq verir.
Hə, bir məsələni də unutmadan qeyd edək. Günəbaxan tumlarının açıq satışı ilə məşğul olan bəzi xırdavatçılarımız bu parklarda həm də “maarifçilik” işi ilə məşğuldurlar. Belə ki, onların satdıqları məhsulların bəzilərini bükdükləri kağızlara diqqət yetirsəniz, özünüz bu fikri dəyərləndirmiş olacaqsınız. Bu yaxınlarda belə satıcılarımızdan birinə yaxınlaşıb nəsə almaq bəhanəsi ilə yanında qoyduğu kitaba nəzər saldım. Doğrusunu desəm, kitab mənim üçün göydəndüşmə tapıntı oldu. Orta əsr ərəb mənbələrindən birinin ruscaya tərcüməsini uzun zaman axtarsam da, tapa bilməmişdim. Satıcıdan o kitabı hardan tapdığını soruşduqda isə dedi: ­– Oğlum verib. Daha rus dilində çıxan kitablar oxunmadığı üçün bunlar indi heç kimə lazım deyil, heç nəyə yaramır.
Satıcı xahişimi yerə salmadı. Mənim üçün kifayət qədər dəyərli olan kitabı mənə satmağa razılaşdı. Ədalət naminə deyim ki, günəbaxan tumundan da ucuz qiymətə...

P.S. Günəbaxan demişkən, yadımıza çimərliklərdə istirahət etmək istəyən insanlarımız düşdü. Görəsən, ötən il muxtar respublikamızda yaradılan çimərliklərdə vəziyyət necədir?

 Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR