Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 30 dekabr 2017-ci il tarixdə keçirilmiş yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2018-ci ildən etibarən pensiyaçıların istəkləri nəzərə alınmaqla pensiyaların kənd yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə aidiyyəti işlərin həyata keçirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir.
Kənd yerlərində pensiyaların poçt şöbələri vasitəsilə ödənilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri arasında imzalanmış müqavilələrə əsasən kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını vaxta və vəsaitə qənaət edərək kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilirlər. Bunun üçün onlar istədikləri halda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələrinə ərizə ilə müraciət etməlidirlər.
Pensiyaçılar pensiyalarını plastik kartlarla bankomatlar vasitəsilə də ala bilirlər. Dövlət Sosial Müdafiə Fondu əmək pensiyaçılarına pensiyaların plastik kartlarla ödənilməsini “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti və muxtar respublikada fəaliyyət göstərən digər banklarla həyata keçirir.
Bu gün pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların həm plastik kartlarla, həm də pensiyaçıların ərizələrinə əsasən yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə təşkil edilib.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti