22 Dekabr 2024, Bazar

Bu yaxınlarda yazı hazırlamaq üçün yolumu Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən salmışdım. Evlərindən müsahibimin kənddən xeyli aralıda – “Post” deyilən ərazidə olduğunu söyləyəndə üz tutdum həmin yerə. Burada ocağın üstündə gördüyüm xısdan qaralmış və ahəstə-ahəstə qaynayan çaydan Əskərxan əmi ilə maraqlı bir mövzu barədə söhbətin yaranmasına səbəb oldu. Əllərini yuyub: “Qızım, qoy çayı dəmləyim, söhbət edək”, – deyərək ocağa yaxınlaşan əminin əlindəki nəlbəkinin içində qırmızı rəngdə, gilənara oxşar bitki var idi. Həmin bitkini nəlbəkidə su ilə yaxaladıqdan sonra çaydanın içərisinə atdı. Mənim marağımı hiss edərək, mərmərikdir, min dərdin dərmanıdır, çayı çox xeyirlidir, – deyib əyləşdi. Bir azdan stəkanlarda qıpqırmızı görünüşlü və xüsusi ətirli mərmərikli çay süfrəsi ətrafında söhbətimiz başlandı. Əskərxan əmi: – Mən çöldə işləməyə gələndə bura qara çay gətirdiyimi xatırlamıram. Bu kənddə mənim kimi çoxları var ki, qara çayı ancaq evdə içər, sahəyə işə çıxanda isə çaydanını ocağın üstünə qoyub, ətrafdakı güldən­-çiçəkdən, giləmeyvələrdən toplayıb çayını dəmləyər. Elə ki yaz gəldi, hər həftə bir bitkinin yetişməsi, dərilməsi dövrü olur. Bir-birinin ardınca, bax bu qara çaydanımda bitki çayıdır ki, dəmləyirəm. Bilirsən, qızım, bu yerin ki adamları var ha, onlar gərək hər zaman bu təbii nemətlərlə qidalansınlar. Ona görə ki, biz bu təbiətə, iqlimə uyğunlaşmışıq. Sağlamlığımız, gücümüz-qüvvətimiz də bu bitkilərlə bağlıdır.

Müsahibim, yəqin ki, marağımı hiss etmişdi. Birdən ayağa qalxdı və söhbət edə-edə oturduğumuz yerdən xeyli aşağı – çay yamaclarına doğru endik. Qırmızı meyvəli bir kolun yanında dayananda: – “Budur, mərmərik, dağ yamaclarında, bir də burada bitir”, – dedi. Yurdumuzun gözəl təbiətinin yetirib-bitirdiyi nadir nemətlərdən olan mərməriyin xırda kol bitkisi olduğunu gördüm. Budaqlara bitişik, sanki insan əli ilə bir-bir düzülmüş meyvələri kiçik gilənarı xatırladırdı. Onun dadına da baxdım, turşməzə idi. Əskərxan əmi dedi ki, o, susuzluğu yatıran bitkidir. Həm də böyrək yollarının iltihabı və duz qırıntılarından yaranan ağrılarda şəfalı bitki kimi istifadə edilir, qan təzyiqini nizamlayır.
Yurdumuzun yetirib-bitirdiyi min adda, min bir dadda yabanı bitkilər arasında qida kimi qəbul edilənləri ilə yanaşı, həm də dəmlənərək çay kimi istifadə edilənləri saysız-hesabsızdır. Kəklikotu, çobanyastığı, baldırğan, solmazçiçək, qantəpər, qaraqınıq, zirə, damotu, yarpız, dazotu, qarapodium, mərmərik, həmərsin, ayıdöşəyi, səhləb, dağ nanəsi, ögey ana, ağ və sarı boymadərən, gicitkən, yemlik, boyaqotu, gülxətmi, qatırquyruğu, zirinc, andız, qırxbuğum, adaçayı və adını çəkmədiyimiz onlarla qiymətli bitkilərimiz min bir dərdin dərmanıdır.
Çay xalqımızın ta qədimdən ən çox sevdiyi içki növüdür. Onun insan orqanizmi üçün özünə­məxsus faydaları vardır. Gündəlik olaraq qara çayla yanaşı, bitki çaylarının da içilməsi çox vacibdir. İndi həkim-dietoloqlar tərəfindən içilməsi məsləhət görülən bitki çaylarını bütün ticarət mərkəzlərindən, əczaxanalardan almaq mümkündür. Bizim güllü-çiçəkli dağlarımıza­-dərələrimizə isə Ulu Yaradan həmin yaşıl çayları ərsəyə gətirən bitkilərin əksəriyyətini bəxş edib. Həm də bol günəş, təmiz hava və saf bulaqlarımızın suyu ilə qidalanan bitkiləri.
Şahbuz rayonunun Biçənək kəndində yaşayan 82 yaşlı Qeysun nənə yurdumuzun möcüzəli bitkiləri ilə bağlı deyir: – Mən bu yerlərin yetirdiyi bitkilərdən hazırlanan yeməkləri, xüsusilə də çayları çox sevirəm. Cavanlığım yaz açılan vədədən düz qar yerə düşənədək Batabat, Biçənək meşələrində keçib. Bitkiləri qonşu qadınlarla birlikdə toplamışıq, qurudub qışa tədarük etmişik. Qapımızdaca satmışıq da. Önlük tikərdim özümə o illər, qarşısına saldığım ciblə hamının önlüyündən fərqli olardı. O cib bilirsiz nədən ötrü idi? Çayı dəmlənən bitkilər üçün. Qazayağı, şep, çaşır, sobu, bolu, baldırğana gedəndə həmin bitkilərin hansının vədəsi olardı, önlüyümün cibini doldurmamış qayıtmazdım. Onları təmizləyib kölgədə elə qurudardım ki, qışda əl vurmasaydın, deyərdin, bəlkə, bu saat dərilib. İlboyu da çayını dəmləyib içmişik, həm də necə? Çöldə həmin bitkiləri hansı ardıcıl­lıqla yığmışamsa, o ardıcıllıqla da dəmləyərdim. İndi ta çölə gedə bilmirəm. Oğlum, nəvələrim mənim hansı bitkini haradan topladığımı yaxşı bilirlər. Onlar yığıb gətirirlər, amma qurudulmasına özüm nəzarət edirəm.
Qeysun nənə onu da deyir ki, bitki çayları insanın qocalmasını gecikdirir, qan təzyiqini sabit saxlayır, soyuqdəyməni bədəndən asanlıqla çıxarır, iltihabı təmizləyir, piylənmənin qarşısını alır, ümumiyyətlə, elə bir xəstəlik yoxdur ki, ona çarə olan bitki tapılmasın.
Şahbuz şəhərində yaşayan Gülsüm xanım deyir ki, mətbəximdə daim iki çaynik olur. Biri qara, digəri yaşıl çay dəmləmək üçün. Gün ərzində onların hər birinin öz dəmlənmə saatları var. Bitki çaylarını hər gün eyni vaxtda içəndə faydası çox olur. Gülsüm xanım maraqlı bir faktı da dedi ki, bir dəfə yoldaşım xarici dövlətlərdən birinə getmişdi, bitki çayı xoşladığım üçün mənə həmin çaydan hədiyyə almışdı. Adını oxuya bilməsəm də, üstündəki şəkildən çobanyastığı olduğunu bildim. Bitkidən bir qədər stəkana atıb, dəmlədim. Nə rəngi çıxdı, nə də ətri.
Vaxtilə bu bitkiləri kəndlərimizdə yaşayan insanlar böyük zəhmət sərf edərək toplayıb ucuz qiymətə satmalı olurdular. Bu gün bütün sahələrin qayğı ilə əhatə olunduğu muxtar respublikamızda bu zəhmətkeş insanlar da diqqətdən kənarda qalmayıblar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər” haqqında 2017-ci il 22 noyabr tarixli Sərəncamı ailə təsərrüfatını qurmaq, onu genişləndirmək, istehsal etdiyi məhsulları, topladığı mədəni və yabanı bitkiləri sərbəst şəkildə bazarlarda realizə etmək istəyən insanların zəhmətlərinin yüksək səviyyədə qiymətləndirilməsinin, onlara hər cür şəraitin yaradılmasının bariz nümunəsi oldu.
Bu bitkilər Şahbuz rayonunda fəaliyyət göstərən “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən də müvafiq qiymətə qəbul edilərək istehsal olunur. İndi muxtar respublikamızda, hətta Naxçıvandan kənarda belə, “Farma Şah”ın məhsullarını almaq, heç bir kimyəvi tərkibi olmayan, insan sağlamlığı üçün qiymətli hesab edilən yabanı bitkilərdən ailəliklə istifadə etmək olar. Unutmamalı olduğumuz vacib məsələlərdən biri də odur ki, yurdumuzda yabanı şəkildə bitən bitkiləri özümüz yığıb istifadə edir, bəzən də çox ucuz qiymətə alırıq. Ancaq onların bir ovucu xarici dövlətlərdə yüz avrodan baha satılır.
Sonda onu da deyək ki, festivallar məkanı olan muxtar respublikamızda gələcəkdə çay festivalı da təşkil olunarsa, sözsüz ki, yurdumuzun bənzərsiz, sayı-hesabı olmayan şəfalı bitkilərindən dəmlənən çaylarımız bu festivalı dillər əzbərinə çevirər.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR