Bir zamanlar zəhmət çəkib bəhrəsini görə bilmədiyimiz bu nemətlər indi öz gəlir mənbəyimizə çevrilib
Bu gün Naxçıvan şəhərində, muxtar respublikamızın rayonlarında çeşid-çeşid geyim əşyaları satılan, müasir dövrün tələbləri ilə ayaqlaşan ticarət mərkəzlərini, çoxsaylı mağazaları gəzərkən yenə də xəyallar adamı illər öncəyə aparır. Düşünürsən ki, insan maddi ehtiyaclarını ödəmək üçün zaman-zaman ağır işlərə sinə gərib, çalışıb, zəhmətə qatlaşıb. “Su kranlarından süd axacaq” kimi pafoslu vədləri eşidib, lakin heç nə görmədiyimiz sovet dövründə özümüz də bilmədən, bəlkə də, dərk etmədən tətbiq olunan böyüklü-kiçikli siyasi oyunların “oyunçularına” çevrilmişdik. İndi bütün bunlar barədə fikirləşəndə heyrət etməyə bilmirsən. Görəsən, bizim şüurumuz indiki qədər deyildi, yoxsa şüurumuzu da inkişaf etməyə qoymurdular?
Bu gün ticarət mərkəzlərində insanların özlərinə ehtiyac olan geyim əşyalarını seçdiklərini görərkən öz-özümə pıçıldayıram: Nənə-babalarımız, əmi-dayılarımız, bibi-xalalarımız bir vaxtlar elə ki yaz-payız oldu, sanki məhkum olunmuşlar kimi qalırdılar dağlarda-daşlarda, yamaclarda həmərsin, kəklikotu kollarının arasında. Günün altında, ilan-çayan təhlükəsi ilə üz-üzə səhərdən axşamadək həmərsin, kəklikotu toplayıb çox ucuz qiymətə “dövlətə” təhvil verirdilər. Həmərsin yığmağın necə çətin olduğunu da qeyd etmək istəyirəm. Tikanları çox olan bu kol sanki meyvəsini heç kimə vermək istəmir. Kəklikotunu, digər yabanı bitkiləri toplamaq üçün gün uzunu başıaşağı qalmalısan. Bəs belə isə nə üçün insanlar bu əziyyətlərə qatlaşmalı olmuşdular? Bu, müstəmləkəsində olduğumuz sovet imperiyasının növbəti planlarından biri idi desək, yanılmarıq. Həmin dövrlərdə muxtar respublikamızın rayon və kəndlərində yox, Naxçıvan şəhərində çox az sayda geyim əşyaları mağazaları var idi. O mağazalarda ən zövqsüz, keyfiyyətsiz mallar satılırdı. Camaat layiqli bir paltar tapıb geyinə bilmirdi. Dərdə bax, dövlətin pambıq istehsalı üzrə 15 müttəfiq respublika arasında irəlidə gedən ölkə olsun, sən bir keyfiyyətli geyim tapa bilmə. Burada məqsəd tamamilə başqa idi. Siyasətə baxın: ən keyfiyyətli, gözəl geyimlər, ayaqqabı və çantalar gətirilib şəhər və rayonlarımızdakı xüsusi anbarlara yığılırdı. Neçə ay ərzində min bir əziyyətlə yığılan bitkilər yüksək çəki ilə bir ədəd geyim əşyası ilə dəyişdirilirdi. Qış üçün üst geyimi və çəkmə almaq istəyənlərə isə hökmən qohumları, qonşuları köməklik göstərməli, topladıqları bitkiləri ona verməli idilər. Cavan yaşlılardan fərqli olaraq ortayaşlı insanlar bu geyimləri özləri geyinməyə qıymırdılar. Həmərsin kollarının didib-parçaladığı əllərinin zəhməti olan bu paltarları ya təhsil alan övladlarının əyninə geyindirir, ya da gəlinlərinə apardıqları toy xonçalarına qoyurdular.
Bu işi tətbiq edib insanların ağır əməyini mənimsəyənlər isə təbii ki, qazanırdılar. Dəniz səviyyəsindən minlərlə metr yüksəkliklərdə şaqraq Günəşdən, saf sulardan, bol oksigendən yararlanan bu bitkilər çox qiymətlidir. Bir çox dərman preparatlarının istehsalında, ədviyyatların, çayların hazırlanmasında istifadə olunan təbiət nemətlərini bir “xarici geyimlə” dəyişdirənlər və yaxud bir kiloqramına çox az pul verənlər, görəsən, bu bitkilərin bir kiloqramını xaricə hansı qiymətə satırdılar?
İsa Əliyev, Ordudad rayon sakini: – Həmərsin olsun, zirinc, kəklikotu, çobanyastığı, digər dərman bitkiləri olsun, yığanlar bilir, ha dərirsən ki, bir kiloqram ola. Sovet dövründə mən də bu bitkilərdən yığıb dövlətə təhvil verənlərdən biri idim. Lakin indi fikirləşirəm ki, əməyimiz uzun illər hədər gedib. Çox əziyyətimizə az pul alırdıq. İndi sərbəstlikdir. Get yığ, apar sat. İşdən qorxmaq lazım deyil.
Sultan Məhərrəmov, Şahbuz rayon sakini: – O dövrdə iki bacımı oxutdururdum. Kənddə geyim əşyaları satılan mağaza olmadığından onların geyimlərini təmin etmək çox çətin idi. Bunun üçün Naxçıvan şəhərinə gedirdik, düzdür, mağazalar var idi, alırdıq, ancaq onlar gənc bacılarımın zövqünü oxşamırdı. Ona görə də bacılarımla birlikdə bitki toplayıb dövlətə satır, onlara ildə bir-iki paltar alırdıq. Nəzarət çox zəif idi, anbardarlar insanları çox get-gələ salırdı. Günlərlə anbarın qarşısında gözləməli olurduq. Həm də topladığımız məhsulu çox ucuz qiymətə alırdılar… Bu gün isə tam fərqlidir. Həm istehsal etdiyimiz kənd təsərrüfatı məhsullarına, həm də dərman bitkilərinə özümüz qiymət qoyub bazara çıxarırıq. Çəkdiyimiz zəhmətin bəhrəsini görürük.
İllər ötdü. Ölkəmiz çoxdan həsrətində olduğumuz müstəqilliyə qovuşdu. Lakin bu müstəqilliyi asanlıqla əldə etmədik, itkilərimiz çox oldu. Çünki bu ölkənin yeraltı və yerüstü sərvətləri xalqımızı 70 il müstəmləkəsinə çevirən imperiyanın ən yaxşı gəlir mənbələrindən idi. O qədər sərvətin əlindən çıxması hakimiyyətə, təbii ki, böyük zərbə oldu. Bu zərbə isə toplara, mərmilərə çevrilib 70 il əllərinin əməyi mənimsənilən insanlara tuşlandı. Ümummilli liderimiz Heydər Əliyevin sayəsində müstəqilliyimizi də qoruduq, ölkəmizi də inkişaf etdirməyə başladıq. Respublikamızı əhatə edən quruculuq işləri muxtar respublikamızda da uğurlu nəticələrini verdi. Son 23 ildə Naxçıvan böyük bir inkişaf yolu keçdi. Həmərsin kollarının arasında bir geyim əşyası üçün olmazın əziyyət çəkən insanlar indi Naxçıvan şəhərində ucalan ticarət mərkəzlərindən münasib qiymətlərlə öz zövqlərinə uyğun paltarlar ala bilərlər. Ticarət mərkəzləri quruculuqla yeniləşən rayon və kəndlərimizdə də ucaldılıb. Bütün bunlar isə müstəqilliklə asılılığın fərqini, insanlara verilən dəyəri, qədirbilənliyi qoydu ortalığa. İndi bütün sərvətlərimiz kimi, dağlarımızın, düzənliklərimizin bizlərə ərməğanı olan sərvətlərimiz də özümüzünküdür. Onlardan düzgün və səmərəli yararlanmaq, sovet dövründən fərqli olaraq insanların maddi rifah halının yüksəlməsinə öz töhfəsini verir. İllərdir ki, Naxçıvanda hər kəs həm istehsal etdiyi, həm də topladığı məhsulları bazarlarımızda sata bilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər” haqqında 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə bir daha ailə təsərrüfatını qurmaq, onu genişləndirmək, istehsal etdiyi məhsulları, topladığı mədəni və yabanı bitkiləri sərbəst şəkildə bazarlarda realizə etmək istəyən insanlar qarşısında böyük imkanlar açıldı. Ötən ilin noyabr ayında “Ailə təsərrüfatı məhsulları” festivalının keçirilməsi isə bu insanların zəhmətlərinin yüksək səviyyədə qiymətləndirilməsinin, onlara hər cür şəraitin yaradılmasının daha bir göstəricisi oldu. Ailə təsərrüfatını quranlara Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən etiketlər pulsuz verilir. Naxçıvan şəhərində ailə təsərrüfatı məhsulları üçün taraların satışı mağazası istifadəyə verilib. Həmin təsərrüfatların sahibləri istənilən vaxt mağazaya müraciət edib müasir və standartlara cavab verən məhsullarının satışına müsbət təsir edəcək taraları asanlıqla əldə edə bilərlər.
Bu gün ailə təsərrüfatını yaradanların əksəriyyəti sovet dövründə zəhmətləri ucuz qiymətləndirilən insanlardır. Ona görə də yaradılan hərtərəfli şəraiti yüksək qiymətləndirirlər. İndi onlar topladıqları dərman bitkilərini bazar qiymətinə satırlar. Bu isə o deməkdir ki, toplanması çox çətinliklə başa gələn bu işdə zəhmətləri hədər getmir. Bazarlar onların üzünə açıqdır, sərbəst satırlar. Ticarət mərkəzləri, mağazalar üzlərinə açıqdır, büdcələrinə uyğun alırlar.
Mətanət MƏMMƏDOVA