Naxçıvan şəhərində yerləşən ən böyük, həm açıq, həm də qapalı hissələrdən ibarət əyləncə və istirahət mərkəzi “Əyləncə adası” qısa müddətdə – 2014-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq, əksəriyyətin sevimli məkanına çevrilib. Çünki burada yaş fərqindən asılı olmayaraq, hər kəs üçün istirahət etməyə şərait yaradılıb.
Biz də günlərin birində “Əyləncə adası”ndan reportaj hazırlamaq qərarına gəlir və mərkəzə yollanırıq. Burada belə bir qənaətə gəlirik ki, təbiətin “əli” ilə yaranan adalardan fərqli olaraq Naxçıvançay vadisində insan əli ilə yaradılan bu “ada”da – şəhərin ən sakit və mənzərəli yerində günlərlə darıxmadan, həm də heç bir problem hiss etmədən istirahət etmək olar.
Maraqlı istirahət guşələri, sərfəli qiymətə zövqoxşayan əyləncə
Söhbət edə-edə mərkəzin həyəti ilə bizi tanış edən “Cahan” Alış-Veriş Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin reklam işləri üzrə mütəxəssisi Elməddin Zehirov əyləncə və istirahət mərkəzinin, ümumilikdə, 38 min kvadratmetr ərazini əhatə etdiyini deyir. Şəhərimizin hər yerindən görünən 33 metr hündürlükdə 24 kabinəli 144 yerlik karuseli, 8 yerlik 120 dərəcəli yelləncəyi, 3 böyük attraksionu, uşaqlar üçün avadanlıqları – maşınlar, qatar və 4 idman qurğusunu, böyüklər üçün peyntbol oyun sahəsini bizə göstərir. Buradakı 1 fəvvarə və 4 hovuzu seyr edərkən düşünürəm ki, bunlar istirahətə gələnlərin rahatlığına xidmət etməklə yanaşı, həm də onların zövqlərini oxşayır. Gözəl dizaynla qurulan böyük səhnəyə çatanda isə Elməddin müəllim burada məşhur müğənnilərin konsertlərinin təşkil olunduğunu söyləyir. Onu da vurğulayır ki, konsert proqramlarına hazırlıq ərəfəsində şəhərimizin müxtəlif ərazilərində fəaliyyət göstərən “Banu” marketlərindən 50 manat dəyərində alış-veriş edən alıcılara hədiyyə kuponu verilir. Kupona sahib olan hər kəs həmin konsert proqramı çərçivəsində həm də hədiyyə qazanmaq şansı əldə edir. O, uduşa 20 manatdan 1500 manatadək dəyərdə 50-60 hədiyyə qoyulduğunu söyləyərək bu il 2 dəfə təşkil edilən konsert proqramının həm tamaşaçıların mənalı istirahətinə, həm də kupon sahiblərinin hədiyyələr qazanmasına səbəb olduğunu deyir.
Mərkəzin qapalı hissəsində xeyli sayda oyun və əyləncə vasitələri var. Buradakı çarpazlaşan və 3D maşınları həm gənclərin, həm də uşaqların ixtiyarındadır. Masaj stulları isə istirahətini burada təşkil etmək istəyənlərin ürəyincədir. Uşaqlara, həmçinin vertolyot, basketbol, dama oyunları da təklif edilir. Dama oyununu başa çatdıranlar hədiyyə də qazanırlar. “Top hovuzu” adlanan yerdə isə valideynlər uşaqlarını buradakı nəzarətçi-operatora etibar edib mərkəzdə fəaliyyət göstərən mağazalarda alış-veriş, kafelərdə istirahət edə bilərlər.
Burada istirahət etmək istəyənlər 2 manat dəyərində olan plastik kart alırlar. Karta yüklənən 5 manata 1, 10 manata 3, 20 manata 10, 30 manata 18, 50 manata 40, 100 manata isə 100 manat hədiyyə əlavə edilir. Bundan belə qənaətə gəlmək olur ki, müəyyən qədər ödəmələr aparmaqla qazanılan balans hesabına mərkəzdə növbəti bir neçə istirahət pulsuz başa gələ bilər.
Mərkəzdə attraksion və oyun vasitələrindən istifadə etmək üçün qiymətlər də sərfəlidir. Belə ki, qiymətlər 50 qəpiklə 2 manat arasında dəyişir.
Kassada karta vəsait yükləyən Bakı şəhər sakini İntiqam Əliyevlə söhbətləşirik. O deyir ki, əslən şərurluyam. Bir neçə ildir ki, Bakıda yaşayıram. Buraya qohumlarımı görməyə gəlmişdik, uşaqlarla gəzintiyə çıxdıq. Əlindəki kartı göstərərək onun burada yaşayan qohumlarına məxsus olduğunu bildirir: – Karta 20 manat yüklədim, 10 manat bonus qazandıq. Qiymətlərlə də maraqlandıq, çox sərfəlidir. Məkan da çox təmiz, səliqəli, gözəldir. Üstəlik də sərfəli qiymətlərlə sərfəli istirahət – bu, çox ürəkaçandır.
Müasir və çeşidli mağazalar, gözoxşayan kafelər
Mərkəzin birinci mərtəbəsində fəaliyyət göstərən dünyanın tanınmış geyim firmalarının istehsalı olan məhsulların, ikinci mərtəbədə isə mebel dəstlərinin və digər məişət avadanlıqlarının satışının təşkili istirahətini alış-verişlə quranlar üçün buranı, sözün həqiqi mənasında, əvəzsiz məkana çevirir. Qapalı istirahət mərkəzi ilə geyim mağazası üz-üzədir. Bura, xüsusilə də azyaşlı uşaqların olması səbəbindən tez-tez alış-veriş edə bilməyən valideynlər üçün daha sərfəlidir. Çünki uşaqlar hər hansı bir oyunla məşğulkən onlar mağazanın xidmətindən istifadə edə bilərlər.
İkinci mərtəbədəki mağaza ilə də tanış olmaq üçün liftlə yuxarı qalxırıq. Hər iki mərtəbədə oyun zalı, mağazalar olduğuna görə qələbəlikdir. Burada çoxçeşidli və müxtəlif qiymətlərə satılan məhsullar alıcıların imkanları çərçivəsində alış-veriş etmələrinə şərait yaradır.
Mərkəzdə “Lavazza” və “Mado” adlı kafelər də fəaliyyət göstərir ki, bu ünvanlara daha çox gənclər üz tuturlar. Elməddin Zehirov deyir ki, hər iki kafedə gənclər doğum, məzun günlərini qeyd edirlər. Burada nişan mərasimləri, kiçik tədbirlər də tez-tez keçirilir. Maraqlı bir fakt isə odur ki, ümumilikdə, əyləncə və istirahət mərkəzinin cəlbedici və müasir görünüşünə görə əksər gənclər toyqabağı fotosessiyalar üçün də bu ünvanı seçirlər.
“Mado” kafesində hədiyyələr guşəsi də diqqətimizi cəlb edir. Bu satış-sərgidə muxtar respublikamızda istehsal olunan çaylar, hədiyyəlik məhsullar alıcılara təklif olunur.
“Mado”nun gözəl mənzərəli terrasında uşaqları ilə istirahət edən gənc xanımlara yaxınlaşırıq. Öyrənirik ki, onlar rəfiqədirlər. Naxçıvan şəhər sakini Aytən xanımın körpə qızı uşaq arabasında yatır. O deyir ki, buranın havası çox təmizdir. Yəqin ki, yaxınlıqdakı çay və saysız ağaclar sayəsində. Rəfiqəmlə buraya tez-tez çay, qəhvə içməyə gəlirik. Uşaqlar da yaxşı istirahət edirlər. Mərkəzdə, ilk növbədə, sanitar-gigiyenik təmizlik, qiymətlərin münasibliyi, ən əsası isə bütün fəsillərdə istirahət edə bilməyimiz hər zaman bu məkanı seçməyimizin başlıca səbəblərindəndir.
“Əyləncə adası” – fərqli məkan…
Əyləncə mərkəzindəki peyntbol oyun sahəsində xeyli gəncin olduğunu müşahidə edirik. Onlara yaxınlaşırıq. Söhbət zamanı məlum olur ki, gənclərin ən çox baş çəkdiyi və əyləndiyi bu yerdə, demək olar ki, hər saat növbə olur. Növbədə gözləyən gənclərdən biri – Tunar deyir ki, o, öz dostları ilə birlikdə peyntbol meydançasında əylənməyə gəlib: – Biz tələbəyik, buraya gələndə məkanın həm xarici, həm də daxilindəki nəfis görüntülərinə əsasən düşünürdük ki, qiymətlər bizim cibimizə uyğun olmaz, yəqin, bahalıqdır. Lakin fikirləşdiyimiz kimi deyilmiş. Sevdiyimiz oyunu sərfəli qiymətə oynaya bildiyimiz üçün dostlarımla buraya tez-tez gələcəyik.
Üç nəvəsi ilə burada istirahət edən Naxçıvan şəhər sakini, təqaüdçü Məmməd Nəcəfov isə fikirlərini belə söyləyir: – Uşaqlarla ayda iki dəfə bu mərkəzə gəlirik. Təqaüdümü alan kimi nəvələrimin istirahət vəsaitini ayırıb, burada karta yükləyirəm. Karta əlavə olunan bonus onların növbəti istirahətinin pulsuz başa gəlməsinə səbəb olur. Onlarla birlikdə özüm də istirahət edirəm. Burada həm açıq, həm də qapalı şəraitdə oyun, əyləncə yerləri olduğundan payız-qış mövsümlərində də əlverişlidir. İllər öncə öz uşaqlarımın istirahəti üçün heç bir yer tapa bilmirdim. Onlar ancaq məhəllədə – tozun-torpağın içində oynayırdılar. Nəvələrimin belə gözəl, təmiz şəraitdə əyləndiklərinə görə bu şəraiti yaradanlara minnətdaram. Yəqin ki, buraya nəvələri ilə gələn bütün baba-nənələr də mənimlə həmfikir olarlar. Baxın, mağazalar, kafelər, attraksionlar, fəvvarə, hovuzlar…Adam bu məkanda özünü Avropadakı kimi hiss edir.
Bu məkan istiqamətində əlavə avtobus marşrutları açılarsa…
Naxçıvan hava limanı yolu üstündə yerləşən məkana yaxın dayanacaqdan şəhər-aeroport istiqamətində işləyən 6 nömrəli avtobusun uzun fasilələrlə, 2 və 3 nömrəli avtobusların isə mərkəzdən xeyli aralı məsafədən keçmələri buraya gəlməkdə çətinlik yaradır. Nəzərə alaq ki, bu əyləncə və istirahət mərkəzinə çox yaxın məsafədə şəhərimizin ən böyük ticarət obyekti olan “Cahan” Alış-Veriş Mərkəzi də yerləşir. Mərkəzdə ərzaq, məişət əşyaları, tikinti materialları mağazaları fəaliyyət göstərir. Buradakı qiymətlər bazar qiymətləri ilə müqayisədə xeyli sərfəlidir. Ona görə də muxtar respublika sakinləri bu alış-veriş mərkəzinə daha çox üz tuturlar. Bu istiqamətdə yeni bir marşrutun açılması onların da ürəyincə olar.
Mətanət MƏMMƏDOVA