Dünən Culfa Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev tədbiri açaraq son dövrdə Culfada sığorta fəaliyyəti sahəsində görülmüş işlər haqqında danışıb.
Tədbirdə Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək müasir dövrdə muxtar respublikada sosial-iqtisadi inkişafın dinamikasına uyğun olaraq sığorta işinin də genişləndiyini bildirib. Belə ki, sığorta baş verən gözlənilməz hadisələrin vura biləcəyi zərərlərə qarşı hazırlıqlı olmağa şərait yaradır.
Baş direktor qeyd edib ki, muxtar respublikamızda sığorta işinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun şəkildə genişləndirilməsi işində 30 noyabr 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilən müşavirənin xüsusi əhəmiyyəti vardır. Belə ki, vətəndaşlar sığorta olunmaqla sığorta hadisələri baş verdiyi zaman sağlamlığa, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat alırlar. Bu da onların təhlükəsizlik təminatı baxımından çox əhəmiyyətlidir. Ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanması həyata keçirilir.
Bildirilib ki, gözlənilməz hadisələrə qarşı sığorta olunmaq və belə hallar baş verdikdə vətəndaşların onlara dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüquqları qanunla təmin olunur.
Tədbirdə həyata keçirilən sığorta növləri üzrə Culfa rayonunda görülmüş işlər təhlil edilərək bildirilib ki, ötən müddətdə bu istiqamətdə müəyyən nəticələr əldə olunub. Belə ki, rayon üzrə cari ilin ilk 8 ayında, ümumilikdə, 4648 ədəd sığorta müqaviləsi bağlanılıb. Onlardan 1002-si avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 2438-i isə daşınmaz əmlakın icbari sığortası üzrədir.
Nəzərə çatdırılıb ki, ölkəmizdə qüvvədə olan qanuna əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin edilməlidir. Bu məqsədlə Culfa rayonunda vətəndaşlar arasında sığorta maarifləndirilməsi işlərinə diqqətin daha da artırılması zərurəti vurğulanıb. Könüllü sığorta növlərinin, o cümlədən kənd təsərrüfatının, ev əmlakının sığortası, fərdi qəza sığortasının əhəmiyyətinə toxunan baş direktor bildirib ki, bunlar da, son nəticədə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görə də könüllü sığortalar sahəsində aparılan maarifləndirmə və təşkilati işlər genişləndirilməlidir.
Tədbirdə Culfa Rayon Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nadir Təhməzbəyov, Culfa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi qrupunun Baş Dövlət avtomobil müfəttişi, polis baş leytenantı Taleh Alışarov görülmüş işlər barəsində məlumat veriblər.
Əli CABBAROV