Naxçıvan Muxtar Respublikasında işaxtaranların məşğulluğunun təmin olunması, peşə hazırlığı, aztəminatlı ailələrin, ahıl və sağlamlıq imkanları məhdud şəxslərin sosial təminatı və reabilitasiyası ilə bağlı tədbirlər avqust ayında da davam etdirilib. Görülən işlərin nəticəsidir ki, ötən ay məşğulluq mərkəzləri vasitəsilə 248 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub ki, onların da 80-i gənc, 77-si qadın, 5-i sağlamlıq imkanları məhdud şəxs, 5-i isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir.
Ötən ay 45 nəfər müvəqqəti xarakterli işlərə göndərilib. Əhalinin məşğulluğunun təmin edilməsi tədbirləri çərçivəsində uzun müddət ünvanlı dövlət sosial yardımı alan 8 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu mal-qara verilib, kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, qadın gözəllik salonu və dərzi sexlərində 6 bərbər və 1 bərbər-manikürçü işlə təmin edilib. Naxçıvan Regional Peşə Tədris Mərkəzində dərzi və qazanxana maşinisti peşə kursları təşkil edilib. Ay ərzində sağlamlıq imkanları məhdud şəxslərin və tənha ahılların tibbi və sosial reabilitasiyası da diqqətdə saxlanılıb, bu kateqoriyadan olanlara tibbi-reabilitasiya və sosial-məişət xidmətləri göstərilib, sanatoriya və pansionatlara göndəriş verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində audiokitabxana xidmətindən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər tərəfindən 920 əsər dinlənilib, sağlamlıq imkanları məhdud məktəbli uşaqların yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər keçirilib.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti